MƏDƏNİYYƏT
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində “iceBook” elektron kitab layihəsinin təqdimatı olmuşdur VİDEO
Vyana, 1 fevral (AZƏRTAC). Yanvarın 31-də Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “iceBook” elektron kitab layihəsinin təqdimatı keçirilmişdir.
Tədbir “Renate Rollfinke” nəşriyyatının təşkilatçılığı və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutmuşdur.
Tədbirdə Vyanada akkreditə olmuş diplomatik korpusun nümayəndələri, avstriyalı kitabsevərlər və incəsənət həvəskarları iştirak etmişlər.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova tədbiri giriş sözü ilə açaraq “Renate Rollfinke” nəşriyyatının azyaşlı oxucular üçün hazırladığı bu layihəni yüksək qiymətləndirmiş, bu layihə çərçivəsində uşaqlara nəinki yüksək bədii keyfiyyətə malik əsərlərin təqdim olunacağına, eyni zamanda, bu kitabların dünyanın müxtəlif ölkələrində uşaqların təlim-tərbiyəsinə böyük dəstək göstərəcəyinə ümid bəslədiyini bildirmişdir.
“Renate Rollfinke” nəşriyyatının meneceri Ştefan Rollfinke bu layihə, eləcə də nəşriyyatın buraxdığı digər kitablar haqqında ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, elektron kitab layihəsi davamlı surətdə yazılmaqda olan kitablar seriyasından ibarət olacaq və hər bir kitab 30-dan artıq dilə tərcümə ediləcəkdir. İbtidai sinifdən tutmuş yeniyetmələrədək beş yaş qrupu üçün nəzərdə tutulmuş layihədə kitabın qəhrəmanları adi həyatdan götürülmüş personajlardır və onlar nə vaxtsa dünyanın müxtəlif yerlərindən Vyanaya köçmüş və burada yaşayan insanlardır. Kitab seriyasının qəhrəmanlarının bu cür seçilməsi mədəniyyətlərarası dialoqun inkişafına töhfə verəcək və müxtəlif ölkələrdən olan insanlar arasında anlaşmanın oxuculara uşaq yaşından aşılamaq məqsədinə xidmət edəcəkdir.
Tədbirin bədii hissəsində Budapeşt List Ferens Musiqi Akademiyasının tələbəsi Jalə Rəsulova, Eyzenştadt Yozef Haydn Konservatoriyasının tələbəsi Müşfiq Quliyev, Vyana Konservatoriyasının tələbələri Təhminə Abdullayeva və Fərid Feyzullayev bəstəkarlar Qara Qarayev, Klod Debüssi, Azər Rzayevin əsərlərini ifa etmişlər.
Sonra “Uşaqlar, uşaqlıq – uşaq olmaq”, “Bu dünyanın uşaqları” və “Uşaqlar bizim gələcəyimizdir” mövzularında lirik və nəsr kompozisiyaları təqdim olunmuşdur.
Tədbir çərçivəsində, həmçinin avstriyalı rəssamların əsərlərindən ibarət rəsm sərgisi də təşkil olunmuş, nəşriyyatın buraxdığı ən yeni kitablar təqdim edilmişdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana