MƏDƏNİYYƏT
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının bir illiyinə həsr olunmuş tədbir keçirilmişdir VİDEO
Vyana, 14 may (AZƏRTAC). Yerləşdiyi regionun lider dövləti olan Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdırılması, respublikamızda reallaşan sosial-iqtisadi inkişaf barədə məlumatların xaricdə yayılması və ölkənin müsbət imicinin formalaşdırılması istiqamətində ciddi və ardıcıl işlər aparılır.
Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin nəzdində yaradılan mədəniyyət mərkəzləri bu məqsədlərin həyata keçirilməsində fəal rol oynayır.
Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 16 noyabr tarixli Sərəncamına əsasən ölkəmizin daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirmək məqsədi ilə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi yaradılmış və 2013-cü il mayın 13-də dövlətimizin başçısının iştirakı ilə bu mərkəzin açılışı olmuşdur.
Açılışı zamanı çıxışında Azərbaycan Prezidenti qeyd etmişdi ki, Vyanada belə bir mərkəzin açılması Azərbaycan-Avstriya münasibətlərində əlamətdar hadisədir: “Çünki dünya mədəniyyətinin paytaxtında belə Mədəniyyət Mərkəzinin açılışı həqiqətən də bizim üçün çox əhəmiyyətlidir”. Dövlətimizin başçısı əminliyini ifadə etmişdir ki, müstəqilliyimiz dövründə açılan və ikinci olan bu mərkəz, ilk növbədə, Azərbaycan mədəniyyətini avstriyalılara təqdim edəcək, eyni zamanda, ziyalılar, siyasətçilər, ictimai xadimlər arasında görüşlərin keçirildiyi yer olacaqdır. Bu, bir növ Vyananın mərkəzində, özlüyündə dünya irsi olan bu gözəl şəhərdə Azərbaycan Evi olacaqdır.
Azərbaycan Prezidentinin qarşıya qoyduğu bu məqsədlərə sadiq qalan Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərdiyi bir il ərzində ölkəmizin tanıdılması istiqamətində konsertlər, sərgilər, kitab təqdimatları, ədəbi-bədii axşamlar və s. müxtəlif səpkili tədbirlər təşkil etmişdir.
X X X
Mayın 13-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının bir illiyi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Avstriyanın dövlət və hökumət nümayəndələri, parlamentin üzvləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, bu ölkədə fəaliyyət göstərən müxtəlif mədəniyyət mərkəzlərinin nümayəndələri iştirak etmişlər.
Tədbiri mərkəzin rəhbəri Leyla Qasımova açaraq ötən bir ildə keçirilmiş tədbirlərə toxunmuş, mərkəzin əsas məqsədinin Azərbaycanı Avstriyada tanıtmaq olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, bununla yanaşı, mərkəz Avstriyanın mədəniyyət və turizm qurumları, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq əlaqələri qurmuş, eləcə də bu ölkədə fəaliyyət göstərən digər dövlətlərin mədəniyyət mərkəzləri ilə sıx münasibətlər yaradaraq mədəniyyətlərarası dialoqun inkişafına töhfə vermişdir.
Xüsusi vurğulanmışdır ki, ötən günlər Azərbaycan cəmiyyəti üçün əlamətdar olmuşdur. Belə ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Ulu Öndərin adını daşıyan, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılmasında misilsiz xidmətləri olan Heydər Əliyev Fondunun təsis edilməsinin on illik yubileyi geniş şəkildə qeyd edilmişdir.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov qeyd etmişdir ki, Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti nəticəsində Avstriya-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. Mərkəz öz fəaliyyəti ilə ölkəmizin siyasi, iqtisadi və humanitar səylərinə töhfə verir və verəcəkdir.
Mərkəz tərəfindən keçirilən tədbirlərə Avstriya ictimaiyyətinin böyük maraq göstərməsi müsbət hal kimi qeyd edilmiş və mərkəzin öz missiyasını uğurla həyata keçirdiyi diqqətə çatdırılmışdır.
Sonra Azərbaycan Mədəniyyət Mərkəzinin yarandığı gündən indiyədək göstərdiyi fəaliyyəti əks etdirən “Bir il” adlı videoçarx nümayiş etdirilmişdir.
Filmin ardınca Azərbaycan musiqiçiləri klassik və caz musiqisi nümunələrindən ibarət konsert proqramı ilə çıxış etmişlər. Fortepianoda Nərgiz Əliyevanın müşayiəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri – Xalq Artisti Samir Cəfərov və Afaq Abbasova Azərbaycan və Avropa bəstəkarlarının əsərləri ilə yanaşı, Azərbaycan xalq mahnılarını da məharətlə ifa etmişlər. Azərbaycan caz bəstəkarı, cazmen Salman Qəmbərovun rəhbərlik etdiyi “Bakustik caz” qrupu caz improvizasiyaları ilə tamaşaçıların zövqünü oxşamışdır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana