MƏDƏNİYYƏT
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının ikinci ildönümü qeyd edilib VİDEO
Vyana, 14 may, AZƏRTAC
Mayın 13-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının ikinci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Avstriyanın dövlət və hökumət nümayəndələri, Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Avstriya parlamentinin üzvləri, bu ölkədə fəaliyyət göstərən müxtəlif mədəniyyət mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxışında mərkəzin fəaliyyətindən, mədəniyyətimizin Avstriyada təbliği və iki ölkə arasında mədəni əlaqələrin inkişafında oynadığı roldan bəhs edib. Qeyd edilib ki, öz missiyasına uyğun olaraq, mərkəz Avstriyanın incəsənət ocaqlarında ölkəmizin tanıdılması məqsədi ilə konsert, sərgi, kitab təqdimatları, ədəbi-bədii axşamlar və digər tədbirlər keçirir, təşkil etdiyi Azərbaycan dili kursları vasitəsilə ictimaiyyət arasında ana dilimizə marağı yüksəltməyə çalışır.
L.Qasımova deyib ki, mərkəz, həmçinin Avstriya qurumları və bu ölkədə fəaliyyət göstərən digər dövlətlərin mədəniyyət mərkəzləri ilə sıx əlaqələr qurur, birgə layihələr sayəsində mədəniyyətlərarası dialoqun inkişafına töhfələr verir.
Azərbaycanı “Eurovision-2015” mahnı müsabiqəsində təmsil edən Elnur Hüseynovu qonaqlar arasında salamlayan Leyla Qasımova tədbir iştirakçılarını ifaçımızı dəstəkləməyə çağırıb.
Daha sonra Montröy beynəlxalq caz festivalının qalibi, respublikanın əməkdar artisti, “Zirvə” dövlət mükafatı laureatı, pianoçu və bəstəkar İsfar Sarabski tədbir iştirakçılarına Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini təqdim edib. Onun “Novruz“, “G-Man”, “Edge” və digər kompozisiyaları sürəkli alqışlarla qarşılanıb.
Tədbir ziyafətlə davam edib.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana