DÜNYA
Vyanada İranın nüvə proqramı ilə bağlı danışıqlar davam edir
Bakı, 22 noyabr, AZƏRTAC
Avstriyanın paytaxtı Vyanada İranın nüvə proqramına dair danışıqlar davam edir. Tərəflər noyabrın 24-də razılıq əldə etməyə ümid bəsləsələr də, hələlik irəliləyiş hiss olunmur.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, ABŞ dövlət katibi Con Kerri danışıqları davam etdirmək üçün Vyanada qalmağı qərara alıb. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də Tehrana getmək fikrindən daşınıb. Böyük Britaniya XİN başçısı Filip Hemmond İranla “altılıq” ölkələri arasında gedən danışıqlarda ciddi fikir ayrılıqlarının mövcud olduğunu bildirib.
Qərb beynəlxalq sanksiyaların tədricən qaldırılması müqabilində Tehranı nüvə proqramının inkişafından çəkindirməyə nail olmaq istəyir.