MƏDƏNİYYƏT
Vyanada “Tolerant Azərbaycan gənci” adlı bədii sərgi açılıb VİDEO
Vyana, 10 iyun, AZƏRTAC
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə gənc rəssamların əsərlərindən ibarət “Tolerant Azərbaycan gənci” adlı bədii sərgi açılıb.
Sərginin açılışında çıxış edən mərkəzin rəhbəri Leyla Qasımova bildirib ki, qədimdən bəri Azərbaycanda müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin nümayəndələri dinc şəraitdə birgə yaşayıblar. Tolerantlığın, multikulturalizm və etnik rəngarəngliyin Azərbaycan xalqının həyatının tərkib hissəsi olduğunu qeyd edən L. Qasımova sərgidə gənc rəssamların bu mövzularda ən uğurlu əsərlərinin toplandığını diqqətə çatdırıb.
Sənətşünas Dilarə Müzəffərli isə müəllifi və rəhbəri olduğu “Tolerant Azərbaycan gənci” layihəsi üzərində uzun müddət iş aparıldığını, mövzu üzrə ən maraqlı əsərlərin bir araya gətirildiyini söyləyib, həmçinin Azərbaycanda müxtəlif dinlərə və dillərə mənsub insanların hər zaman hörmət və qarşılıqlı anlaşma şəraitində yaşadıqlarını, tolerantlığın ölkəmizdə dərin tarixi köklərə malik olduğunu vurğulayıb. Bildirilib ki, ölkəmizdə ilk Avropa Oyunlarının keçirilməsi məhz beynəlxalq ictimaiyyətin Azərbaycana göstərdiyi etimadın bariz nümunəsidir. Vurğulanıb ki, Azərbaycanda əsrlərlə yaşı olan multikulturalizmin inkişafına ümummilli lider Heydər Əliyevin dövründə xüsusi diqqət ayrılıb. Hazırda dövlətimizin başçısı tərəfindən bu istiqamətdə uğurlu işlər görülür. Azərbaycan Prezidentinin sərəncamı ilə təsis edilmiş Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bunun əyani təsdiqidir.
Sonra „Azərbaycan – tolerantlıq məkanı“ adlı sənədli film nümayiş etdirilib. Həmçinin Vyanada təhsil alan azərbaycanlı tələbələr musiqi kompozisiyaları ilə çıxış ediblər.
Sərginin digər Avropa ölkələrində də nümayiş etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Tolerant Azərbaycan gənci” layihəsinin məqsədi ölkəmizdə mövcud olan milli, etnik, irqi, dini tolerantlığın geniş ictimaiyyətə çatdırılmasına yaradıcı gənclərin cəlb olunmasıdır. Bununla yanaşı, Azərbaycanın tolerantlıq modelinin dünyanın inkişaf etmiş ölkələrinə nümunə kimi təqdimatıdır.
Layihə çərçivəsində ilk növbədə Bakıda yaradıcı gənclər arasında təsviri sənətin rəngkarlıq, qrafika və heykəltaraşlıq növləri üzrə müsabiqə elan olunub. Təqdim olunmuş 150-ə yaxın əsərdən təxminən 100-ü müsabiqəyə buraxılıb və Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda nümayiş etdirilib. Rəngkarlıq nominasiyası üzrə I yerə Zərnişan Yusifin müəllifi olduğu “Dini bərabərlik insan bərabərliyidir” əsəri, qrafika nominasiyası üzrə I yerə Nərmin Abdullayevanın müəllifi olduğu “Bir günəş altında” əsəri, heykəltaraşlıq nominasiyası üzrə I yerə Sənan Cəfərovun “Tolerantlıq” heykəli layiq görülüb.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana