QAN YADDAŞI
Vyanada Xocalı soyqırımına həsr olunan konfrans keçirilib VİDEO
Vyana, 21 fevral, AZƏRTAC
Fevralın 20-də Vyanada Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan konfrans keçirilib.
Avstriya Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin təşəbbüsü və bir sıra qeyri-hökumət təşkilatlarının dəstəyi ilə keçirilən konfransda Azərbaycan və Türkiyə diasporlarının təmsilçiləri, hər iki ölkənin səfirliklərinin əməkdaşları və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Xocalı soyqırımı haqqında sənədli film nümayiş olunub.
Avstriya Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəhbəri Yardım Günəş dinc əhalinin qətlə yetirildiyi Xocalı soyqırımı haqda həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün bu kimi tədbirlərin keçirilməsinin önəmli olduğunu qeyd edib.
Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev və Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan məruzə ilə çıxış ediblər.
Azay Quliyev Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması istiqamətində həyata keçirilən bütün fəaliyyətlərin önəmini qeyd edib. Bildirib ki, beynəlxalq ictimaiyyətin hər hansı soyqırımını tanıması üçün üçmərhələli uzun bir yol keçmək lazımdır. İlk mərhələdə soyqırımının dünyada tanıdılması üçün müvafiq məlumatlandırma işi aparılmalı, ikinci mərhələdə müxtəlif ölkələrin parlamentləri tərəfindən həmin soyqırımının tanınmasına nail olunmalı və sonda məsələyə beynəlxalq səviyyədə hüquqi qiymət verilməlidir.
O, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında “Xocalıya ədalət!” kampaniyasının və digər təsirli fəaliyyətlərin əhəmiyyətini qeyd edib. Bundan sonra da anım tədbirlərinin formatının müasirləşdirilməsinin, daha çox əcnəbi vətəndaşların bu tədbirlərə və layihələrə cəlb edilməsinin vacib olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, Xocalı faciəsi Azərbaycan tarixinin ən ağrılı səhifəsi olsa da, xalqımız öz torpaqlarını heç zaman unutmayacaq və onu düşmənə güzəştə getməyəcək.
Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan bildirib ki, erməni lobbisi yüz il bundan əvvəlki hadisələri tarixi sübut və faktlara söykənmədən dünya ictimaiyyətinə soyqırımı kimi təqdim edir və bir çox ölkələrdə buna nail olur. Bununla da onlar öz cinayət əməllərini pərdələmək, soyqırımına məruz qalmış türk xalqlarını beynəlxalq aləmə soyqırımı törətmiş xalqlar kimi təqdim etmək istəyirlər. Ermənilər soyqırımına məruz qaldıqlarını dünyaya car çəksələr də nədənsə Türkiyənin heç bir yerində ermənilərin dəfn olunduğu kütləvi məzarlıq aşkarlanmır. Əvəzində isə istər Vanda, istərsə də Azərbaycanın Quba rayonundakı kütləvi məzarlıqlarda müsəlmanların cəsədləri aşkarlanır. Bu gün 100 il bundan əvvəl həyata keçirildiyi iddia edilən saxta “erməni soyqırımı” dünyaya tanıdılır, lakin soyqırımını kimin törətdiyi Xocalının timsalında aydın görünür.
Xocalı soyqırımına aparan səbəblərdən danışan S.Oğan həmin dövrdəki hərbi-siyasi vəziyyətə, dövlətlərarası və beynəlxalq münasibətlərə də nəzər yetirib, tarixi faktlardan və həmin soyqırımı barədə Qərb mətbuatında işıq üzü görmüş məqalələrdən iqtibaslar gətirib. Bildirib ki, törədilmə səbəbinə və məqsədinə, eləcə də digər amillərə əsasən Xocalı faciəsi Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il BMT Konvensiyasının müddəalarına tam uyğundur. Həmin hadisəni törətmiş cinayətkarlar öz cəzalarını almalıdırlar.
S.Oğan Xocalı soyqırımı və ermənilərin törətdiyi digər faciələrlə bağlı dünyada geniş məlumatlandırma kampaniyalarının aparılmasının önəmini qeyd edib. O, həm Azərbaycan, həm də türk diasporunun bu məsələdə birgə fəaliyyət göstərməsinin zəruriliyini vurğulayıb.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana