SİYASƏT


Vyanada erməni terror təşkilatları tərəfindən qətlə yetirilən türk diplomatlarının xatirəsi anılıb

A+ A

Vyana, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 22-də Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin təşkilatçılığı ilə Vyanada ASALA və digər erməni terror təşkilatları tərəfindən qətlə yetirilən türk diplomatlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Azərbaycan və Türkiyə səfirliklərinin əməkdaşları, Vyanada yaşayan türk və Azərbaycan icmasının nümayəndələri, media təmsilçiləri iştirak ediblər.

Azərbaycan və Türkiyənin dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Türkiyə səfirliyinin əməkdaşı Çiğdem Kuterdemin, Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin sədri Yardım Günəşın, tarixçi alim İnanç Atılqanın çıxışları dinlənilib.

Çıxış edənlər erməni terror təşkilatlarının ötən əsrin 70-80-ci illərində dünyanın müxtəlif ölkələrində türk diplomatlarına qarşı törətdikləri terror aktlarından danışıblar. Qeyd edilib ki, başda ASALA olmaqla, erməni terror təşkilatları 1973-1984-cü illərdə dünyanın müxtəlif ölkələrində 23 terror cinayəti törədib, nəticədə 31 türk diplomatı həlak olub, onlarla insan yaralanıb.

Diqqətə çatdırılıb ki, 20-ci əsrin əvvəlində Türkiyə və Azərbaycanda hədsiz sayda günahsız insanın ölümünə bais olan erməni terrorçuları sonrakı onilliklərdə də dünyanın müxtəlif ölkələrində qanlı cinayətləri davam etdiriblər. Bu terror dalğası Vyanadan da yan keçməyib. 1975-ci il oktyabrın 22-də Türkiyənin Avstriyadakı səfiri Danış Tunalıgil iş kabinetində ASALA-nın üç terrorçusu tərəfindən qətlə yetirilib. BMT-nin Vyana bölməsində çalışan Evner Ergün və Türkiyə səfirliyinin əməkdaşı Erdoğan Özen müxtəlif illərdə törədilmiş sui-qəsdlərin qurbanı olublar.

Tarixçi alim İnanç Atılqan türk səfirinin qətli ilə bağlı Avstriya mətbuatından sitat gətirərək bildirib ki, 1934-cü ildə baş nazir Enqelbert Dollfusa qarşı sui-qəsddən sonra Hüseyin Danış Tunalıgilin qətli Avstriyada törədilmiş ən ciddi siyasi terror kimi dəyərləndirilib. O, ermənilərin türklərə qarşı ədavətinin tarixi, Avropa ölkələri, xüsusilə Avstriya-Macarıstan imperiyasının 1915-ci il hadisələri ilə bağlı ikili standartlara söykənən mövqeyi, müasir Avstriya ictimaiyyəti və siyasi dairələrində bu mövzulara münasibətin kökləri ətrafında da danışıb. Alim bildirib ki, erməni təbliğat maşınına qarşı yalnız tarixi faktlar və sənədlərin dili ilə mübarizə aparmaq mümkündür və bu işdə elmi dairələrin üzərinə böyük vəzifə düşür.

Tədbirdə erməni terrorunun qurbanı olmuş ilk türk səfiri Hüseyin Danış Tunalıgilin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Türkiyə səfirliyi yerləşən ərazidəki küçələrdən birinə onun adının verilməsi üçün Vyana şəhər meriyasına müraciət edilməsi barədə fikir səsləndirilib.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.