MƏDƏNİYYƏT
Vyanada keçirilən xeyriyyə tədbirində Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub
Vyana, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də Vyanada, “Austria Center Vienna” Konqres Mərkəzində BMT-nin Vyana bölməsi nəzdində fəaliyyət göstərən Qadınlar Gildiyasının təşkilatçılığı ilə 47-ci “Beynəlxalq Festival-Bazar” xeyriyyə tədbiri keçirilib.
Hər il olduğu kimi, bu il də Azərbaycanın Avstriyadakı səfirliyi ölkəmizi həmin tədbirdə təmsil edib. Xeyriyyə tədbirində Azərbaycanın Avstriyadakı səfirliyinin əməkdaşlarının və bu ölkədə yaşayan soydaşlarımızın xanımları tərəfindən hazırlanmış milli mətbəximizin ləziz xörək və şirniyyatları minlərlə iştirakçıya təqdim edilib, milli suvenirlər guşəsində isə xalq sənəti nümunələri, eləcə də “Gilan” şirkətinin məhsulları nümayiş etdirilib.
“Beynəlxalq Bazar” xeyriyyə tədbirinin məqsədi toplanan vəsaitlə bütün dünyada müxtəlif layihələr çərçivəsində uşaqlara yardım göstərməkdir. Bu tədbirdə müxtəlif ölkələr öz mədəni proqramları və milli mətbəxləri ilə çıxış edirlər. Tədbirdə dünyanın 80-dən artıq ölkəsi, həmçinin beynəlxalq təşkilatlar, bir sıra donor şirkətlər və banklar öz stendləri ilə təmsil olunurlar.
Azərbaycanın Avstriyadakı səfirliyinin qadın diplomatlarının və səfirlik əməkdaşlarının xanımlarının fəal təmsil olunduğu BMT Qadınlar Gildiyası ötən il ərzində xeyriyyə tədbirlərində toplanmış 230 min avro vəsaiti 2015-ci ildə Avropa, Asiya, Afrika və Latın Amerikasında 31 layihənin maliyyələşdirilməsi üçün ayırıb.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana