MƏDƏNİYYƏT


Vyanada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb VİDEO

Anım mərasimi ilə yanaşı, Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının 4 illiyi də qeyd edilib

Vyana, 12 may, AZƏRTAC

Mayın 11-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının 4 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbiri açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova müasir Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edib, ölkəmizin inkişafında müstəsna rol oynadığını vurğulayıb.

Sonra L.Qasımova 2013-cü ildə təsis edilmiş Azərbaycan Mədəniyyət Mərkəzinin yarandığı gündən indiyədək keçdiyi fəaliyyət yoluna nəzər salıb, Azərbaycan mədəniyyətinin Avstriyada təqdimatı istiqamətində və hər iki ölkə arasında mədəni əlaqələrin inkişafında oynadığı roldan danışıb. Bildirilib ki, fəaliyyəti dövründə mərkəz yüksəkkeyfiyyətli tədbirlərə ev sahibliyi edən və müxtəlif mədəniyyətləri təmsil edən insanların bir araya gəldiyi multikultural bir məkana çevrilib. Müxtəlif azsaylı xalqların, din və dil mənsubiyyətinə məxsus insanların Azərbaycanda dinc birgə yaşadığını qeyd edən L.Qasımova burada zəngin tolerantlıq adət-ənənələrinin hökm sürdüyünü bildirib. O qeyd edib ki, məhz bu amillərə görə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunmuşdur.

Vurğulanıb ki, “Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir” devizini əldə rəhbər tutaraq, Azərbaycan Mədəniyyət Mərkəzi də ölkəmizdəki multikultural rəngarənglik, dialoq və dinc birgə yaşayış ruhunu öz tədbirləri çərçivəsində nümayiş etdirməyi özünə hədəf seçib. Azərbaycandakı multikulturalizm və tolerantlıq modelinin örnək olduğunu diqqətə çatdıran L.Qasımova müasir dövrdə dünyanın bir çox ölkələrində bu dəyərlərin təbliğinə ehtiyac duyulduğunu qeyd edib.

Tədbirin bədii hissəsində caz pianoçusu Elçin Şirinovun rəhbərlik etdiyi caz qrupu konsert proqramı ilə çıxış edib. Konsertdə “Gəl bizim dağlara”, “Qız qalası”, “Gül açdı” kimi xalq və bəstəkar mahnıları, Elçin Şirinov və Şəhriyar İmanovun bəstələdiyi əsərlər caz improvizasiyaları ilə təqdim olunub. Gənc istedadlar Şəhriyar İmanov (tar) və Emiliya Yaqubovanın (vokal) ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sonda qonaqlara ziyafət verilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.