SİYASƏT


Vyetnam KİV-lərində Azərbaycana həsr olunan reportajlar yayımlanıb VİDEO

A+ A

Hanoy, 20 oktyabr, AZƏRTAC

Vyetnamın kütləvi informasiya vasitələrində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş məqalələr dərc edilib, reportajlar yayımlanıb.

Ölkənin əsas televiziya kanallarından olan “Vyetnamın səsi” televiziyasının “Dünyaya baxış” proqramının növbəti buraxılışı Azərbaycana həsr olunub. Verilişdə ölkəmizin tarixi keçmişinə, müstəqil dövlət quruculuğu yoluna, Azərbaycanın son illərdəki hərtərəfli inkişafına, müxtəlif sahələrdə qazanılan uğurlara, habelə tarixi və turizm məkanlarına, memarlıq abidələrinə, incəsənətinə, mətbəxinə dair məlumat verilib.

Qeyd olunur ki, qədim sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan ərazisində tarixin müxtəlif dövrlərində bir neçə dövlət qurulub. Həmin dövlətçilik ənənəsini davam etdirən Azərbaycan xalqı XX əsrdə iki dəfə öz müstəqilliyini bərpa edə bilib. Artıq 25 ildir müstəqil dövlət kimi yaşayan Azərbaycan Respublikası görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt sayəsində hazırda dünyada öz nüfuzu ilə seçilir. Müasir Azərbaycan müxtəlif sahələri əhatə edən islahatlar nəticəsində güclü və inkişaf edən bir dövlət modelinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin son illər siyasi, sosial-iqtisadi, humanitar, idman və digər sahələrdə qazandığı nailiyyətlər bütün dünyanın marağını Azərbaycana yönəldib.

Reportajda Azərbaycan xalqının tarixən yaratdığı mədəni irsdən söz açılır, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, “Atəşgah məbədi”, İçərişəhər, Möminə Xatun türbəsi, xalçaçılıq sənəti, milli geyimlərimiz, musiqi irsimiz, o cümlədən muğam barədə ətraflı məlumat verilir. Ölkəmizin coğrafi mövqeyindən söz açılan verilişdə qeyd olunur ki, Qafqaz dağlarında, Xəzər dənizinin sahilində yerləşən Azərbaycan 9 iqlim qurşağına aid nadir təbiətə sahibdir, Yanardağ, palçıq vulkanları turistlərin böyük marağına səbəb olur.

Bakının və bölgələrin müasir inkişafından danışılan reportajda son illər inşa olunan, dünya memarlıq və şəhərsalma layihələri arasında özünəməxsus yeri olan Heydər Əliyev Mərkəzi, “Alov qüllələri”, Dövlət Bayrağı Meydanı barədə söhbət açılır. Qeyd olunur ki, müasir Bakı həm ənənəvi Qərb və Şərq, həm də modern memarlıq üslubunu özündə birləşdirən nadir şəhərlərdəndir.

Bundan başqa, “Vyetnam+” qəzetində də Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 25-ci ildönümünə həsr olunan məqalə dərc edilib. Məqalə Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanovla müsahibə əsasında hazırlanıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Hanoy

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.