SİYASƏT
Vyetnam Sosial və Humanitar Elmlər Universitetində Azərbaycana həsr olunan mühazirə təşkil edilib
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov Xo Şi Min şəhərindəki Sosial və Humanitar Elmlər Universitetində mühazirə oxuyub.
Səfir A.İmanov Azərbaycanın müasir tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin xarici siyasəti, sosial-iqtisadi inkişafı, enerji siyasəti, Azərbaycan-Vyetnam münasibətləri barədə danışıb. O, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması, müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi təhdidlər, Ermənistanın işğalçı siyasəti, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini dəstəkləyən beynəlxalq təşkilatların qərar və qətnamələri barədə məlumat verib.
Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinin qeyd olunduğunu bildirən səfir ötən illər ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin qazandığı nailiyyətlər, sosial-iqtisadi inkişafı, hərbi qüdrətinin artması, enerji və infrastruktur sahəsində həyata keçirilən layihələr, Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrilməsi haqqında danışıb.
Azərbaycanın xarici siyasətindən bəhs edən diplomat ölkəmizin digər dövlətlərlə münasibətlərinin bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslandığını qeyd edib, Vyetnam ilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının Azərbaycan üçün böyük önəm kəsb etdiyini vurğulayıb. Ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışan səfir bu münasibətlərin əsasının Vyetnam xalqının böyük oğlu Xo Şi Minin Bakıya və ulu öndər Heydər Əliyevin Vyetnama səfəri ilə qoyulduğunu qeyd edib. Səfir ötən əsrin 60-70-ci illərində Azərbaycanda minlərlə vyetnamlı tələbənin təhsil aldığını, yüzlərlə azərbaycanlı mütəxəssisin Vyetnamda müxtəlif sahələr üzrə, xüsusən də neft sahəsində çalışdıqlarını bildirib.
A.İmanov müasir dövrdə də iki ölkə arasında əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb, bu xüsusda 2013-cü ildə Azərbaycanın Vyetnamda səfirliyinin açılmasının, 2014-2015-ci illərdə ölkə başçılarının səfər mübadiləsinin ikitərəfli əməkdaşlığın bütün sahələr üzrə inkişafına böyük təkan verdiyini deyib.
Səfir Azərbaycanda təhsil imkanları barədə də məlumat verib, vaxtilə Azərbaycan ali təhsil ocaqlarında təhsil almış vyetnamlıların hazırda bu ölkənin dövlət və özəl qurumlarında, o cümlədən parlamentdə, Prezident ofisində, Ədliyyə və Müdafiə nazirliklərində, “Petrovyetnam”, “Vietsovpetro”, “Petrolimeks” şirkətlərində və digər qurumlarda yüksək vəzifələrdə çalışdıqlarını qeyd edib, yeni nəsil vyetnamlıların Azərbaycanda təhsil almaq ənənəsini davam etdirməsinin faydalı olacağını bildirib.
Mühazirə zamanı Azərbaycan haqqında videolar nümayiş etdirilib, səfirlik tərəfindən ölkəmiz haqqında Vyetnam dilində nəşr edilən kitablar tələbələrə paylanıb və universitetin kitabxanasına təqdim olunub.