İQTİSADİYYAT
Vyetnam ilə Azərbaycanın enerji sahəsində əməkdaşlığı geniş perspektivə malikdir VİDEO
Hanoy, 26 noyabr, Şahin Cəfərov, AZƏRTAC
Azərbaycanın Vyetnamdakı səfirliyi paytaxt Hanoyda “Azərbaycanın enerji sahəsində nailiyyətləri” mövzusunda elmi-praktiki konfrans təşkil edib.
Konfransda Azərbaycan tərəfdən ARDNŞ-in tabeliyindəki müxtəlif qurumların, Bakı Ali Neft Məktəbinin, Azərbaycan Dövlət Neft Akademiyasının, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin, elmi tədqiqat institutlarının, Dövlət Neft Şirkətinin törəmə müəssisələrinin nümayəndələri, Vyetnam tərəfdən parlamentin, Sənaye və Ticarət Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Ticarət və Sənaye Palatasının, PetroVyetnam və VietSovPetro şirkətlərinin, Vyetnam Neft İnstitutunun, Vyetnam Elm və Texnologiya Akademiyasının, bu ölkədə fəaliyyət göstərən enerji sahəsində ixtisaslaşmış xarici şirkətlərin və diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov ölkəmizdə neft sənayesinin tarixi, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyası, respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu, Azərbaycan və Vyetnam arasında enerji sahəsində tarixən mövcud olan əməkdaşlıq barədə danışıb. Səfir Azərbaycan ilə Vyetnam arasında enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialın olduğunu vurğulayıb və konfransın bu işə töhfə verəcəyinə əminliyini ifadə edib.
Vyetnam parlamentinin Elm, Texnologiya və Ətraf Mühit Komitəsinin sədri Phan Xuan Dunq, Vyetnam Ticarət və Sənaye Palatasının baş katibi xanım Pham Thi Thu Hanq, PetroVyetnam şirkətinin vitse-prezidenti Nquyen Vu Truonq Son, VietSovPetro şirkətinin baş direktorunun müavini Tran Van Vinh ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığı inkişaf etdirməyin vacibliyini və konfransın bu baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
Konfransın açılış mərasimində, həmçinin ARDNŞ-in elm və texnika şöbəsinin rəisi Nazim Vəliyev çıxış edərək, Azərbaycanda neft sənayesinin tarixi, ARDNŞ-in fəaliyyəti və uğurları barədə məlumat verib.
Üç paneldən ibarət konfransın birinci panelində ARDNŞ-in nanotexnologiyalar departamentinin rəisi Valeh Şamilov, Geofizika və Geologiya İdarəsinin rəis müavini Yusif Şıxəliyev, Neft Qaz Elmi Tədqiqat Layihə İnstitutunun direktorunun birinci müavini Fazil Həsənov, Dövlət Neft Akademiyasının Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi Tədqiqat İnstitutunun direktor müavini Hacı Məlikov məruzə və təqdimatlarla çıxış edərək, Azərbaycanın enerji sahəsində qazandığı elmi nailiyyətlər barədə danışıblar.
İkinci paneldə Bakı Ali Neft Məktəbinin prorektoru Ramiz Hümbətov və ADNA-nın professoru Hacı Məlikov ölkəmizdə neft-qaz sahəsində təhsil imkanları barədə məlumat veriblər.
Konfransın üçüncü panelində isə Azərbaycanın enerji sahəsində fəaliyyət göstərən dövlət və özəl şirkətlərinin təqdimatı keçirilib. Neft və qaz yataqlarının geoloji axtarışı və kəşfiyyatı, neft və qaz hasilatı, nəqli və emalı mərhələlərində istifadə edilən avadanlıq, göstərilən xidmətlər və Vyetnam şirkətləri ilə əməkdaşlığın perspektivləri barədə məruzələr dinlənilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy