ELM VƏ TƏHSİL
Vyetnam nümayəndə heyəti Bakı Dövlət Universitetində
Bakı, 3 iyul, İbrahim Əsədov, AZƏRTAC
İyulun 3-də Bakı Dövlət Universitetində (BDU) ölkəmizdə rəsmi səfərdə olan, Vyetnam Kommunist Partiyası Siyasi Bürosunda Ədliyyə İslahatları üzrə Komissiyanın daimi sədr müavini, nazir xanım Le Thi Thu Banın rəhbərlik etdiyi Vyetnam nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini bildirib.
Ölkələrimiz arasındakı dostluq əlaqələrinin genişlənməsindən söz açan rektor Prezident İlham Əliyevin Vyetnama səfərini xatırladıb, bu səfərin münasibətlərin inkişafında xüsusi əhəmiyyətini qeyd edib.
BDU-nun inkişaf mərhələləri, bu ali məktəbdə qazanılan uğurlar barədə məlumat verən akademik A.Məhərrəmov bildirib ki, universitetdə fəaliyyət göstərən 17 fakültədə 20 minədək tələbə təhsil alır. Tələbələr arasında xeyli sayda əcnəbi gəncin də olduğunu qeyd edən rektor 1973-cü ildən bu günədək BDU-da 404 vyetnamlı tələbənin müxtəlif fakültələrdə, o cümlədən hüquq fakültəsində təhsil aldığını xatırladıb.
Rəhbərlik etdiyi ali məktəbin beynəlxalq əlaqələrindən danışan akademik A.Məhərrəmov burada müxtəlif xarici dillərin tədris olunduğunu diqqətə çatdırıb.
Görüşdən məmnunluğunu bildirən nazir xanım Le Thi Thu Ba Azərbaycan ilə bağlı xoş təəssüratlarını bölüşüb. Bakı Dövlət Universitetində təhsil almış vyetnamlıların öz ölkəsində səmərəli fəaliyyət göstərdiklərini qeyd edən qonaq təhsil, hüquq sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Sonra geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda nümayəndə heyəti BDU-dakı tədris şəraiti ilə tanış olub.