SİYASƏT


Vyetnamın Mobi TV kanalı efirində “Azərbaycan həftəsi” keçirib VİDEO

Hanoy, 19 dekabr, AZƏRTAC

Vyetnamın Mobi TV ANTG kanalı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə efirdə “Azərbaycan həftəsi” təşkil edib.

Azərbaycanın Vyetnamdakı səfirliyinin təşəbbüsü və dəstəyı ilə həftə ərzində Azərbaycan haqqında silsilə verilişlər yayımlanıb, bədii və sənədli filmlər, konsert proqramları nümayiş olunub.

“Azərbaycan həftəsi” iki ölkə münasibətlərinin keçmişi və bu gününə həsr olunmuş verilişlə başlayıb. Verilişin qonağı olan Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov müstəqillik illərində ölkəmizin qazandığı uğurlar, eləcə də üzləşdiyi təhdidlər barədə geniş məlumat verib.

Proqramda Vyetnamın keçmiş Prezidenti Xo Şi Minin 1959-cu ildə Azərbaycana, ümummilli lider Heydər Əliyevin 1983-cü ildə keçmiş SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Vyetnama səfərindən söz açılıb, ölkələrimiz və xalqlarımız arasında tarixi dostluq münasibətləri barədə izləyicilərə geniş məlumat verilib.

Həmçinin Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin müasir dövrdə daha da möhkəmlənməsindən söhbət açılan verilişdə Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri, habelə Vyetnamın keçmiş Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri barədə danışılıb, qeyd olunan səfərlərin ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açdığı vurğulanıb.

Mobi TV vaxtilə Azərbaycanda təhsil alan vyetnamlılar haqqında, eləcə də Vyetnamda çalışmış azərbaycanlı mütəxəssislər barədə də veriliş yayımlayıb.

“Azərbaycan həftəsi” çərçivəsində milli rəqslərimiz, musiqimiz, o cümlədən muğam, aşıq sənəti, klassik musiqi və müasir estrada sənəti barədə verilişlər yayımlanıb, Azərbaycan musiqisinin müxtəlif janrlarından ibarət konsert proqramları nümayiş olunub. Bundan başqa, milli mətbəximiz, geyimlərimiz, xalçaçılıq sənəti, tarixi abidələr və müasir memarlıq nümunələri, ölkəmizin təbiəti və turizm potensialına həsr olunan verilişlər yayımlanıb.

Televiziyanın efirində, həmçinin Bakıda keçirilmiş “Eurovision” mahnı müsabiqəsinə və birinci Avropa Oyunlarına həsr olunan ayrıca proqramlar yer alıb.

Mobi TV Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinə xüsusi diqqət göstərərək, tamaşaçılara bu mövzuda sənədli filmlər təqdim edib.

Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə vyetnamlıları məlumatlandırmaq məqsədilə Qarabağ mövzusunda çəkilən “Fəryad” bədii filmi Vyetnam dilində nümayiş olunub. Bundan başqa, “Arşın mal alan” bədii filmi də Vyetnam dilində tamaşaçılara təqdim olunub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Hanoy

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.