İDMAN
“WTA International” seriyalı “Baku Cup-2015” turnirinin dördüncü gününün yarışları başa çatıb
Bakı, 29 iyul, AZƏRTAC
İyulun 29-da qadınlar arasında “WTA International” seriyalı “Baku Cup-2015” turnirinin dördüncü günü başa çatıb.
AZƏRTAC xəbər verir ki, planlaşdırılmış 10 oyunda Rusiya, Ukrayna, Türkiyə, Çexiya, Çin, İsveçrə, İtaliya, Xorvatiya, Yaponiya, Monteneqro və Rumıniya tennisçiləri qələbə uğrunda mübarizə aparıblar.
İtaliyalı Karin Knapp və rusiyalı Yevgeniya Rodina müvafiq olaraq öz rəqiblərini - isveçrəli Ştefani Feqele və Monteneqro təmsilçisi Danka Koviniçi məğlub ediblər.
Xorvatiyalı Donna Vekiç, habelə rusiyalı tennisçilər Aleksandra Panova, Marqarita Qasparyan və Anastasiya Pavlyuçenkova dörddəbir finalda iştirak etmək hüququ qazanıblar. A.Pavlyuçenkovanın rəqibi olan ukraynalı Katerina Bondarenko son üç qeymdə qələbədən sonra həkimin tövsiyəsinə əsasən oyunu dayandırmaq qərarına gəlib.
Yarışların birinci raundunun nəticələrinə əsasən dörddəbir finalda yarışmaq hüququ Misa Equti (Yaponiya) / Patrisia Maria Tiq (Rumıniya) və çinlilər Jaoxuan Yanq / Lin Ju cütlüklərinə qismət olub.
Bu gün, həmçinin yarımfinala çıxmaq uğrunda rusiyalı tennisçilər Kseniya Lıkina və Polina Monova Alyona Fomina (Ukrayna) və Katerina Vankova (Çexiya) ilə mübarizə aparıblar. Qarşılaşma Rusiya idmançılarının 6:4 və 6:1 hesablı qələbəsi ilə başa çatıb. Ukraynalı Olqa Savçuk və rusiyalı Vitaliya Dyaçenko da yarımfinala keçiblər. Onlar öz rəqibləri Yeva Xrdinova (Çexiya) və Yevgeniya Rodinanı (Rusiya) 2:0 hesabı ilə məğlub ediblər.