DÜNYA


“WannaCry” dünyanı dolaşır: 99 ölkədə kompüterlərə virus düşüb VİDEO

Bakı, 13 may, AZƏRTAC

İnformasiya təhlükəsizliyi sahəsində proqram təminatı istehsalçısı “Avast” kompaniyasının məlumatına əsasən, “WannaCry” adlı virusun hücumu dünyanın 99 ölkəsində 75 min kompüteri iflic edib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, istifadəçilərin kompüterlərə girişini bərpa etmək üçün tələb olunan məbləğ 300 dollardan 600 dollaradək dəyişir. Bununla yanaşı, hakerlər “Bitcoin” pulköçürmə sistemi ilə ödəmə aparmaq üçün ətraflı təlimatı da təklif edir. Kiber-dələduzların bəzi qurbanları artıq pul ödəmək məcburiyyətində qalıb.

“Kaspersky laboratoriyası”nın informasiyasına görə, “Shadow Brokers” hakerlər qrupu zərərverici proqram təminatını hələ bu ilin aprel ayından yaymağa başlayıb. Onlar virusu ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin əvvəllər istifadə etdiyi casus proqramı vasitəsi ilə yaydıqlarını bildirirlər.

Hakerlərin əsas hədəfi “Microsoft” kompaniyasının hazırladığı “Windows” əməliyyat sistemidir. Virus asanlıqla əməliyyat sisteminə daxil olur, elektron məlumatları şifrələyir və kompüterin işini tam əngəlləyir.

“RedLock” kompaniyasının baş icraçı direktoru Varun Badvar bildirib ki, bu, miqyasına görə ən böyük haker hücumudur. “Biz 24 saat ərzində virusun bir çox ölkədə və qitədə belə sürətlə yayıldığını hələ görməmişik. Bunun arxasında duran insanları təyin etmək üçün həftələr və aylar lazımdır. Bəlkə də biz bunu heç vaxt öyrənə bilmədik. Əsas problem bu gün belə zərərverici proqramları İnternetdə əldə etməyin mümkünlüyüdür. Onlardan məktəb və kollec şagirdlərindən tutmuş, cinayətkar qruplara qədər - hər səviyyədə olan hakerlər istifadə edə bilər”, - deyə Badvar qeyd edib.

“WannaCry” böyük Britanıyanın xəstəxana və hospitallarının kompüterlərini sıradan çıxarıb. Əməliyyatlar qrafiki pozulub, həkim qəbulları ləğv olunub.

Fransanın avtomobil nəhəngi “Renault” da virusdan yayına bilməyib. Bu barədə mayın 13-də korporasiyasının nümayəndəsi məlumat verib.

İspaniyanın ən böyük telekommunikasiya kompaniyası “Telefonica” işini tamamilə dayandırmağa məcbur olub.

“Security Labs” kompaniyasının məlumatına əsasən, bütün dünyada müxtəlif təşkilatlar və müəssisələr hər saat 5 milyon yoluxucu email-məktub alır.

Rusiya Daxili İşlər Nazirliyinin kompüterləri də kiberhücuma məruz qalıb. Qurumun nümayəndəsi təxminən minə yaxın kompüterin virusa yoluxduğunu deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.