DÜNYA
“Washington Times”: Donald Tramp final teledebatında inamlı qələbə qazanıb
Bakı, 20 oktyabr, AZƏRTAC
ABŞ-da Hillari Klinton və Donald Tramp arasında seçkiqabağı debatların yekun raundu oktyabrın 19-da Nevada Ştatının Las-Veqas şəhərində keçirilib.
Final teledebatı yeni tarixdə ən sərt və qarşılıqlı ittihamlarla dolu qarşılaşma olub. Debatların üç raundunun gedişində namizədlər bir-birini sərt tənqid edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Washington Times” qəzetinin sorğusuna əsasən, ABŞ prezidenti postuna Respublika Partiyasından namizəd olan Donald Tramp teledebatlar seriyasının finalında rəqibi Hillari Klinton üzərində inamlı qələbə qazanıb.
Debatdan sonra “Washington Times” qəzetinin saytında “Prezident debatlarının finalında kim qələbə qazanıb?” sualı yerləşdirilib. İnternet istifadəçilərinin əksəriyyəti Trampın lehinə səs verib–74 faiz və ya 32 min nəfər. Klinton isə cəmi 9 min nəfərin və ya respondentlərin 21 faizinin səsini qazanıb.
Bununla yanaşı, SNN telekanalının ORC tədqiqat xidməti ilə keçirdiyi sorğuda fərqli nəticə qeydə alınıb. Belə ki, telekanalın rəyini soruşduğu tamaşaçıların 52 faizi final debatında Klintonun qalib gəldiyini, 39 faizi isə Trampın üstün olduğunu düşünür.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.