ELM VƏ TƏHSİL
Webometrics reytinqi elan edilmişdir
Bakı, 2 avqust (AZƏRTAC). Bu il iyulun 30-da növbəti Webometrics reytinqi elan edilmişdir.
Dünya ali məktəblərinin Webometrics reytinqi 2004-cü ildən keçirilir. Bu reytinq tədqiqatını dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri - İspaniyanın məşhur Dövlət Elmi Tədqiqat Mərkəzi aparır. Bu mərkəz 1907-ci ildə Nobel mükafatı laureatı professor Ramon Cajal tərəfindən yaradılmışdır.
Xəzər Universitetindən AZƏRTAC-a bildirmişlər ki, universitetlərin qiymətləndirməsi dörd nominasiya üzrə aparılmışdır. Əsas kriteriyalar ali məktəbin dünyada tanınması, elektron məkanda tutduğu çəki və başqaları tərəfindən qiymətləndirilməsi, müasir elmi nəşrlərin çəkisidir.
Ən yaxşı universitetlər sırasına Azərbaycanın Xəzər Universiteti də daxil edilmişdir - 6211-ci yer.
Webometriks reytinqinə görə dünyanın 45 ən yaxşı ali təhsil sistemi də elan olunmuşdur. Bu siyahıya Amerika Birləşmiş Ştatlarının təhsil sistemi liderlik edir. Sonrakı yerləri Almaniya, Böyük Britaniya, Kanada və digər ölkələr tutmuşdur.