DÜNYA


“WhatsApp” messencerində şəkil redaktoru və albom funksiyası istifadəyə verilib

Bakı, 8 iyun, AZƏRTAC

Smartfonların köməyi ilə çəkilmiş şəkillər ünsiyyət zamanı çox vaxt sözləri əvəz edir. Bu səbəbdən “WhatsApp” messencerinin yaradıcıları da populyar trenddən geri qalmaq istəmirlər: populyar messencerdə filtrlərə malik daha qabaqcıl şəkil redaktoru, həmçinin şəkillərin albomlar üzrə qruplaşdırılması əlçatan olacaq. Hazırda bu yeniliklər mobil proqramın yalnız “iOS” versiyasında istifadəyə verilib.

AZƏRTAC “hitech.vesti.ru” saytına istinadən xəbər verir ki, “WhatsApp” messencerində “Instagram”da olduğu kimi, 10 deyil, yalnız 5 filtr mövcuddur. Bu filtrlərin köməyi ilə şəkilləri daha gözəgəlimli etmək və ya uğursuz işıqlandırmanı aradan qaldırmaq olar. Bundan başqa, çatda 4 və ya daha çox şəkil göndərilərkən onlar daha rahat baxış üçün avtomatik olaraq albom şəklində qruplaşdırılacaq.

Messencerdə tətbiq edilmiş daha bir yenilik qrup şəklində ünsiyyəti daha rahat etmək üçün nəzərdə tutulub. İndi konkret mesaja cavab vermək olar. Bunun üçün barmaqla həmin mesajı soldan sağa çəkmək lazımdır.

“Facebook” şirkətinə məxsus messencerin tərtibatçıları “TechCrunch” nəşrinin yeniliklərin “Android” sisteminə inteqrasiyası haqda sualına cavab verərək bildiriblər ki, bu funksiyalar sözügedən sistemdə də reallaşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.