DÜNYA
“Wikipedia”nın banisi xəbərlərin dəqiqliyini yoxlamaq üçün platforma hazırlayacaq
Bakı, 25 aprel, AZƏRTAC
“Wikipedia” internet-ensiklopediyasının banisi Cimmi Ueyls könüllülər və jurnalistlərin dəqiqliyini yoxlaya biləcəyi xəbər onlayn-platformasının hazırlanacağını bildirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Wikitribune” adlı yeni platforma hamı üçün əlçatan olacaq və orada reklam yerləşdirilməyəcək. Cimmi Ueylsin sözlərinə görə, könüllülər və jurnalistlər xəbər materiallarını yaza, yoxlaya və təsdiqləyə biləcək, hər bir xəbərin informasiya mənbəyi göstəriləcək. Onlayn-resursun işi ianələr hesabına maliyyələşəcək.
Layihənin 29 gündən sonra istifadəyə verilməsi nəzərdə tutulur. Onun işinə, həmçinin 10 peşəkar jurnalistin cəlb olunması planlaşdırılır.
İnternetdə dərc olunan informasiya və faktların dəqiqliyi ABŞ-da keçirilən prezident seçkiləri kampaniyası zamanı geniş müzakirə edilirdi. O dövrdə həm “Facebook”, həm də “Twitter” sosial şəbəkələrində seçkilər barədə bir çox yalan xəbərlər peyda olmuşdu. Bəzi nəşrlərin şərhçiləri demokratların namizədi Hillari Klintona qarşı yönələn yalan xəbərlərin onun məğlubiyyətinə səbəb olduğu fikrini yürüdür.