İDMAN
“Williams” komandası yeni təhlükəsizlik kəmərini Yaponiyada test edəcək
Bakı, 7 oktyabr, AZƏRTAC
Valtteri Bottas Formula 1 üzrə Sinqapur Qran-prisində təhlükəsizlik kəməri ilə bağlı problem yaşamışdı. Buna görə də “Williams” komandası Yaponiyada yeni təhlükəsizlik kəmərini test edəcək.
AZƏRTAC “F-1.az” saytına istinadla xəbər verir ki, komanda təhlükəsizlik kəməri istehsal edən OPM şirkəti ilə müqavilə bağlayıb.
Həm Valtteri Bottas, həm də Felipe Massa “Suzuka”da – Yaponiya Qran-prisində OPM-in kəmərlərini test edəcəklər. Bu barədə komandanın yarış mühəndisi Rob Smedli danışıb: “Bunu başa düşmək çətindir. Bağlamaqda problem olmadığı halda, təhlükəsizlik kəmərlərində az hallarda problem olur. Səbəbi nə olursa-olsun, bu yaşanmamalı idi. Sürücülərimizin təhlükəsizliyi bolidin sürətindən daha vacibdir. İstehsalçını dəyişdirəcəyik. Yaponiyada yeni dizayn yoxlayacağıq. Hər şey yaxşı olsa, bu kəmərləri ABŞ Qran-prisindən başlayaraq istifadə edə bilərik”.