İQTİSADİYYAT
“Wincor Nixdorf” SOCAR-ın İsveçrədəki stansiyalarını müxtəlif xidmətlərlə təmin edəcək
Bakı, 12 iyul, Nihad Budaqov, AZƏRTAC
SOCAR-ın İsveçrədəki törəmə şirkəti olan “SOCAR Energy Switzerland GmbH” 149 xidmət stansiyası üçün "Wincor Nixdorf" şirkətinə qurğu təminatı, proqram təminatı və xidmət sifarişi verib.
AZƏRTAC xəbər verir ki, bu barədə "Wincor Nixdorf"un saytında məlumat verilir. Bildirilir ki, "Wincor Nixdorf" SOCAR-ın xidmət stansiyalarında "200 Beetle/M III" satış sistemi məntəqələri, “NAMOS” proqram təminatı və 149 "Fusion 6000" quraşdıracaq. Qurğu təminatı və proqram təminatına əlavə olaraq, müqavilə birinci, ikinci və üçüncü səviyyə xidmətlərin, o cümlədən də bütün sahə xidmətinin təlimini əhatə edir.
Qeyd edək ki, “SOCAR Energy Switzerland GmbH”in İsveçrənin Sürix şəhərindəki baş ofisində və digər törəmə müəssisələrində ümumilikdə 800 nəfər çalışır. 2011-ci il noyabrın 16-da Sürixdə SOCAR ilə "Exxon Mobil Central Europe Holding GmbH" şirkəti arasında Amerikanın "Exxon Mobil" şirkətinin İsveçrə filialı olan "Esso Schweiz GmbH" şirkəti səhmlərinin alğı-satqısı üzrə müqavilə imzalanıb.
"Esso Switzerland"ın alınması ilə həmin şirkətə məxsus 170-dən artıq yanacaqdoldurma məntəqəsini özündə birləşdirən pərakəndə satış şəbəkəsi, şirkətin sənaye və topdansatış müştəriləri üçün yanacaq marketinqi ilə məşğul olan qurumu, Vangen-Oltendəki Qazdoldurma zavodu, eyni zamanda, İsveçrənin Cenevrə və Sürix hava limanlarındakı aviasiya yanacaqdoldurma məntəqələri və müvafiq müştərək müəssisələrin səhmləri, eləcə də terminallara və boru kəmərlərinə malik müştərək müəssisəyə nəzarət edən İsveçrə təchizat və paylama şirkətinin səhmləri SOCAR-ın sərəncamına keçib.