DÜNYA
“Windows 9” 2015-ci ilin aprelində buraxılacaqdır VİDEO
Bakı, 13 yanvar (AZƏRTAC). “Microsoft” korporasiyası “Windows 9” əməliyyat sistemini 2015-ci ilin aprelində satışa çıxarmağı planlaşdırır. Bu barədə rəsmi məlumatın korporasiyanın tərtibatçıları üçün aprelin 2-dən 4-dək ABŞ-da keçiriləcək “Build - 2014” tədbirində veriləcəyi gözlənilir.
Əməliyyat sisteminin yeni adla buraxılmasında məqsəd “Windows”un imicinin geri qaytarılması və “Windows 8”-də tənqid olunan funksiyaların yaxşılaşdırılmasıdır. Hazırda yeni sistemdə hansı dəyişikliklərin ediləcəyi barədə məlumat verilmir. Lakin bəzi məlumatlara görə, “Microsoft” əlavələrin və interfeysin yaxşılaşdırılması üzərində iş aparacaqdır. Bundan başqa, ABŞ korporasiyasına məxsus əməliyyat sistemində “Start” düyməsinin tam şəkildə yer alacağı gözlənilir.
2012-ci ilin oktyabrında buraxılan hazırkı “Windows 8” əməliyyat sistemində əsas dəyişikliklər sensor ekranlı planşet kompyuter və digər qurğularda işin sadələşdirilməsinə yönəlmişdir.