İQTİSADİYYAT
“World Food Azerbaijan-2015” sərgisi Azərbaycan fermerləri arasında dialoq üçün əla platformadır
Bakı, 23 may, Samirə Quliyeva, AZƏRTAC
“World Food Azerbaijan-2015” XXI Azərbaycan Beynəlxalq qida sənayesi və “Caspian Agro-2015” IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgisi ölkəmizin aqrar sektor üzrə istehsalçı və fermerləri arasında dialoq üçün əla platformadır. Bu platformada öz nailiyyətlərimizi nümayiş etdirməkdən məmnunuq.
Bu barədə AZƏRTAC-a bildirən “Azəryem Sənaye” MMC-nin icraçı direktoru Sitarə Bayramova qeyd edib ki, “Azəryem Sənaye” MMC “CaspianAgro” sərgisinin daimi iştirakçısıdır. “Balakən rayonunda yerləşən və 2007-ci ildən etibarən fəaliyyət göstərən “Azəryem” şirkəti ölkədə kommersiya məqsədli heyvan yemlərinin ilk istehsalçısı və distribyutorudur. Stendimizdə şirkətimiz barədə informasiya, habelə müəssisəmizin istehsal etdiyi məhsul çeşidlərinin bır sıra nümunələri nümayiş olunur. Müxtəlif növ yem və ixtisaslaşdırılmış yemləmə proqramlarının məqsədi süd, eləcə də ət və yumurta istehsalını artırmaqdır”.
Şirkətin sərgidə iştirakının əsas qayəsinin məhsullarının keyfiyyətini Azərbaycanın bütün guşələrindən, eləcə də xaricdən gəlmiş fermer və sahibkarlara təqdim etmək olduğunu deyən S.Bayramova hazırkı sərginin miqyasının buna imkanı verdiyini vurğulayıb.