MƏDƏNİYYƏT
XALQ ARTİSTİ RAUF ATAKİŞİYEVİN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
Akademiyadan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu təhsil ocağının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli və digər natiqlər gecədə çıxış edərək Rauf Atakişiyevin pedaqoji bacarığından, ifaçılıq sənətindən, pianoçuluq və müğənnilik ustalığından geniş söhbət açmışlar.
Natiqlər vurğulamışlar ki, Rauf Atakişiyevin nadir istedadı milli musiqi mədəniyyətinin görkəmli xadimlərinin təsiri altında və onlarla ünsiyyətdə formalaşmışdır. O, peşəkarlığı, böyük səhnə ustalığı, səsinin yüksək və gözəl tembri ilə Azərbaycan, habelə dünya opera və ifaçılıq sənətinin realist ənənələrini öz yaradıcılığında məharətlə birləşdirmişdir. Müğənni, opera tamaşalarında musiqi ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilmiş Lenski (“Yevgeni Onegin”), Vodemon (“İolanta”), Yurovdivı (“Boris Qodunov”), Knyaz (“Rusalka”), Faust (“Faust”), Xoze (“Karmen”), Balaş (“Sevil”) və sair kimi parlaq obrazlar yaratmışdır.
Tədbirdə xalq artistləri Fidan və Xuraman Qasımova bacılarının, Musa Mirzəyevin, əməkdar artist Həsən Enaminin, vokalçıların Bülbül adına Beynəlxalq müsabiqəsinin laureatı Fəridə Məmmədovanın və digər incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı səslənmişdir.