RƏSMİ XRONİKA
XALQ RƏSSAMI VİDADİ NƏRİMANBƏYOVA
Hörmətli Vidadi Nərimanbəyov!
Sizi – Azərbaycan rəssamlıq sənətinin tanınmış nümayəndəsini anadan olmağınızın 75 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
XX əsr Azərbaycan milli təsviri incəsənətinin inkişafında mühüm xidmətləri olan böyük fırça ustaları sırasında Sizin adınız hörmətlə çəkilir. Boyakarlıq və qrafika sahələrində yaratdığınız əsərlər rənglərin dili ilə dediyiniz yeni söz olduğundan qalereyaların bəzəyinə çevrilmiş, sənətsevərlər tərəfindən həmişə maraqla qarşılanmışdır.
Siz 1941-1945-ci illər müharibəsinin iştirakçısı olmuş, savaşın bəşəriyyəti nə kimi fəlakətlərlə üz-üzə qoya biləcəyini bütün dəhşəti ilə hiss edərək yaşamısınız. Məhz bu səbəbdən müharibə və hərbi-vətənpərvərlik mövzusu yaradıcılığınızda başlıca yer tutmuşdur. Müharibə mövzusundakı tematik tablolarınız faşizmin törətdiyi bəlalardan sarsılan sənətkar qəlbinin qanlı qırğınlara qarşı fəryadıdır. Gənc nəsildə Vətənə məhəbbət duyğusu aşılayan həmin tablolar dünyamızın qədrini bilib onu qorumağa, dinc həyat naminə sülh və əmin-amanlıq içərisində yaşamağa bir çağırışdır.
Sizin portret və natürmort janrlarında böyük zövqlə yaratdığınız əsərlər sənətdə göstərdiyiniz fəaliyyətin ayrılmaz parçasıdır və insanların daxili aləmini bütün zənginliyi ilə əks etdirir.
Dünyanın bir sıra ölkələrində təşkil olunmuş incəsənət sərgilərində nümayiş etdirilən əsərləriniz Azərbaycan təsviri sənətinə rəğbət qazandırmışdır. Bu yolda ən böyük mükafatınız isə həqiqi sənəti lazımınca qiymətləndirməyi bacaran xalqımızın şəxsiyyətinizə və gözəl əsərlərinizə bəslədiyi dərin ehtiram və böyük sevgidir.
İnanıram ki, Azərbaycan təsviri sənəti Sizin yaradıcılığınızla dünya mədəniyyətində bundan sonra da layiqincə təmsil olunacaqdır.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 avqust 2001-ci il