SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev avqustun 28-də İran İslam Respublikası xarici işlər nazirinin müavini Əli Əhaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları səmimi salamlayan Vilayət Quliyev bu səfərin İran ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsi üçün faydalı olacağını vurğulamış, Xəzər problemi ilə bağlı iki ölkə arasında yaranmış vəziyyətin tezliklə müsbət addımlar zəminində öz həllini tapacağına ümidvar olduğunu bildirmişdir.
Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi və ortaya çıxan problemlərin beynəlxalq normalara uyğun olaraq siyasi dialoq yolu ilə aradan qaldırılmasına tərəfdar olduğunu bildirən Vilayət Quliyev, bu sahədə qarşılıqlı razılığın əldə ediləcəyinə ümid bəslədiyini qeyd etmişdir.
Əli Əhani iki dost ölkə arasındakı əlaqələrin genişlənməsinə və əməkdaşlığın daha da inkişafına ümid etdiyini vurğulayaraq, Xəzər problemi ilə bağlı yaranmış fikir ayrılığında ortaq həllin tapılacağına inamını ifadə etmişdir.
Sonra V.Quliyev və Ə.Əhani İran ilə Azərbaycan arasında yeni yaranmış İqtisadi əməkdaşlıq komissiyasının fəaliyyəti barədə və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bu ilin sentyabr ayında Tehrana nəzərdə tutulan rəsmi səfəri ilə bağlı bir sıra məsələləri də müzakirə etmişlər.
Görüşdə xarici İşlər nazirinin müavini Xələf Xələfov, İİR-nin Azərbaycandakı səfiri Əhəd Qəzai iştirak edirdilər.