SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Yanvarın 23-24-də Moskvada Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti, 6-cı iclası keçirilmişdir.
Xarici işlər nazirinin müavini X.Xələfovun başçılığı ilə Azərbaycan Respublikasının nümayəndə heyəti iclasda iştirak etmişdir.
İclasda Xəzər dənizinin hüquqi statusuna dair geniş fikir mübadiləsi aparılmış və Türkmənistanda keçirilməsi nəzərdə tutulan Zirvə görüşünün yekun sənədi layihəsi ətrafında müzakirələr davam etdirilmişdir.
Bəyannamə layihəsində sahil dövlətlərin Xəzər dənizinin hüquqi statusuna dair ümumi razılaşmalarının əldə olunmasına yönəldilmiş bir sıra müddəalar üzrə mövqelərin yaxınlaşması öz əksini tapmışdır.
Eyni zamanda, Xəzər dənizində qarşılıqlı maraq kəsb edən sahələrdə sahilyanı dövlətlərin əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi də aparılmış, iclasın gedişi və nəticələrindən razılıq ifadə olunmuşdur.
Yekun sənədi layihəsinin müzakirəsini Xüsusi İşçi Qrupunun Türkmənistanda keçiriləcək növbəti iclasında davam etdirmək qərara alınmışdır.
İclasın nəticəsinə dair rəsmi məlumat imzalanmışdır.