SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Avqustun 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Toşiyuki Fucivaranı qəbul etmişdir.
Görüş zamanı səfir Toşiyuki Fucivara ölkələrimiz arasında diplomatik əlaqələrin on illiyinin tamam olması faktını qeyd edərək, bu münasibətlə Yaponiyanın baş nazirinin Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevə ünvanlanmış təbrik məktubunu nazir Vilayət Quliyevə təqdim etmişdir. Daha sonra səfir Yaponiya ilə Azərbaycan arasında münasibətlərin bundan sonra da möhkəmlənməsi üçün birgə səylərin zəruriliyini qeyd etmiş və əlaqələrin bir çox sahələrdə inkişaf etdirilməsi ilə bağlı inamını ifadə etmişdir.
Öz növbəsində nazir Vilayət Quliyev ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın gələcək perspektivlərinə böyük əhəmiyyət verdiyini vurğulayaraq, qarşılıqlı surətdə faydalı əlaqələrin davam etdirilməsinə tərəfdar olduğunu bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilmişdir.