REGİONLAR


XII-XIX əsrlərdə Naxçıvanda sənətkarlıq sahələrindən bəhs edən yeni kitab çapdan çıxıb

Naxçıvan, 16 iyun, AZƏRTAC

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyevanın “Naxçıvanda sənətkarlıq” adlı monoqrafiyası çapdan çıxıb.

Akademiyanın Naxçıvan bölməsinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədqiqat əsərində ilk dəfə olaraq orta əsrlər dövründə Naxçıvan ərazisində fəaliyyət göstərən sənətkarlıq sahələri araşdırılıb və təhlil edilib.

“Sənətkarlıq mərkəzlərinin təşkili və inkişafı”, “Sənətkarlıq sahələri”, “Sənətkarlıq məhsulları”, “İqtisadiyyatın inkişafında və ticarət əlaqələrinin genişlənməsində sənətkarlığın rolu” bölmələrindən ibarət olan monoqrafiyada Naxçıvan ərazisində orta əsrlər zamanı yaradılan və zəmanəmizədək gəlib çıxan sənətkarlıq məhsulları, bədii daşyonma, toxuculuq, xalçaçılıq, dəmirçilik, misgərlik, zərgərlik, bədii tikmə, boyaqçılıq, miniatür və digər nümunələr barəsində məlumatlar yer alıb.

Yeni nəşrdə Azərbaycan tədqiqatçıları ilə yanaşı, türk və rus alimlərinin tədqiqatları, müxtəlif dövrlərdə bölgəyə səfər edən əcnəbi səyyah, coğrafiyaşünas və tarixçilərin yol qeydləri və əsərləri də öz əksini tapıb. Həmçinin iqtisadiyyatın inkişafında və ticarət əlaqələrinin genişlənməsində sənətkarlığın rolu araşdırılıb. Tədqiqatlarda Naxçıvanda sənətkarlığın inkişaf etməsinin bölgənin iqtisadi həyatının yüksəlişinə səbəb olması ilə bərabər, daxili və xarici ticarət əlaqələrinin genişlənməsinə də təkan verdiyi qeyd olunub.

XII-XIX əsrlərdə Naxçıvanda sənətkarlıq sahələrini öyrənən və elmi məlumatlarla zəngin olan bu nəşrdən geniş oxucu kütləsi faydalana bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.