SİYASƏT
XİN: Cəbhədə vəziyyətin gərginləşdirilməsi Ermənistanda hakim rejimin öz mövqeyini gücləndirmək məqsədini daşıyır
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələri bütün cəbhəboyu irimiqyaslı təxribatlar törətmək məqsədilə mövqelərimizə soxulmağa, Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərib.
Cəbhədə vəziyyətin gərginləşdirilməsi və hərbi təxribatların törədilməsi Ermənistanın fevralın 20-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi qanunsuz “referendum” kimi siyasi təxribatlarının davamıdır.
Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a açıqlamasında bildirib.
O deyib: “Ermənistanın siyasi və hərbi təxribatları vəziyyəti qəsdən gərginləşdirərək münaqişənin substantiv danışıqlar yolu ilə həllinə imkan verməmək, Xocalı soyqırımının 25 illiyi ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın bu soyqırımına görə daşıdığı məsuliyyətdən yayındırmaq və Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsi Ermənistanın hakim rejiminin itirilmiş sosial bazasını və mövqeyini gücləndirmək məqsədi daşıyır.
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu gərginliyin yaranmasının əsas səbəbidir. Keçən ilin aprel ayında baş vermiş hadisələr bunu bir daha sübut etdi. Beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədrləri dövlət başçıları səviyyəsində mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı və onun dəyişdirilməli olduğunu dəfələrlə bəyan ediblər.
Vəziyyətin gərginləşməsinin qarşısını almaq, status-kvonu dəyişmək və regionda davamlı sülhü təmin etmək üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalıdır.
Cəbhədə vəziyyətin gərginləşməsinin səbəbkarı Ermənistandır və buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.