SİYASƏT
XİN: Hamburqda nazirlərin 2+3 formatında görüşünün baş tutmamasına səbəb Ermənistanın destruktiv siyasətidir
Bakı, 9 dekabr, AZƏRTAC
ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəvəti ilə dekabrın 8-də gecə radələrində həmsədrlərin, Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin birgə işçi şam yeməyi olub.
Bu barədə AZƏRTAC-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
H.Hacıyev deyib ki, Fransanın xarici işlər naziri Jan-Mark Eyro Hamburqda xarici işlər nazirləri səviyyəsində 2+3 formatında görüş keçirilməsini təklif etmişdi. Təəssüf ki, Ermənistan tərəfinin destruktiv siyasəti və görüşlərdən qaçmaq siyasəti nəticəsində xarici işlər nazirləri səviyyəsində 2+3 formatında görüş baş tutmadı.
Şam yeməyi əsnasında həmsədrlərlə növbəti il üçün danışıqlar prosesinin davam etdirilməsi və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.