SİYASƏT


XİN: Rusiya Prezidentinin köməkçisinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlaması təəccüb və təəssüf doğurur

A+ A

Bakı, 14 oktyabr, AZƏRTAC

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar verdiyi açıqlama təəccüb və təəssüf doğurur.

AZƏRTAC xəbər verir ki, bu fikir Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında yer alıb.

H.Hacıyev qeyd edib ki, Y.Uşakov tərəfindən səsləndirilən bu açıqlama prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna və ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində status-kvonun qəbuledilməzliyi və qeyri-davamlılığı haqqında dəfələrlə verdikləri bəyanatlara ziddir. Həmçinin bu açıqlama Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regiona intensiv səfərləri əsnasında münaqişənin həlli ilə əlaqədar aparılmış detallı müzakirələrə uyğun gəlmir.

Azərbaycan dəfələrlə bəyan edib ki, Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həlli üzrə substantiv danışıqların tərəfdarıdır. Substantiv danışıqlar qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını təmin etməlidir.

Açıqlamada bildirilib ki, Azərbaycan ərazilərinin Ermənistanın hərbi işğalı altında qalması qəbuledilməzdir. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.