SİYASƏT
XİN: Serj Sarkisyan Riqa Sammitindəki çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzünü bir daha etiraf etdi
Bakı, 23 may, AZƏRTAC
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın Şərq Tərəfdaşlığı ölkələri və Avropa İttifaqının mayın 21-22-də Riqada keçirilən Sammitində çıxış zamanı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Hikmət Hacıyev deyib ki, tarixi, siyasi və hüquqi saxtakarlığa yol verərək Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkib hissəsi olmaması barədə əsassız iddia ilə çıxış edilməsi əslində Azərbaycana qarşı Ermənistan tərəfindən törədilmiş təcavüz və işğalın daha bir etirafıdır.
Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın tarixi, arxeoloji və antropoloji baxımdan ermənilərlə heç bir əlaqəsinin olmaması barədə fikir söyləməyə ehtiyac yoxdur. Onu əlavə etmək kifayətdir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası Dağlıq Qarabağ onun ayrılmaz tərkib hissəsi olaraq BMT-yə tamhüquqlu üzv qəbul edilib və bu sərhədlər daxilində beynəlxalq ictimaiyyət tərəfindən tanınıb. Beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə dəstəklənir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsbit olunaraq, işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz zəbt edilmiş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur. 853 saylı qətnamənin 9-cu bəndində isə məxsusi olaraq “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə” istinad edilir.
Hikmət Hacıyev qeyd edib ki, Riqa Sammitinin yekun bəyannaməsinə qoşulan Ermənistan rəhbərliyi əslində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bir daha bildirir. Bəyannamənin 3-cü bəndində bütün tərəfdaş dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin dəstəklənməsinə münasibətdə öhdəlik təsbit olunub. Riqa bəyannaməsinin 5-ci bəndinə əsasən isə Ermənistan rəhbərliyi münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dair öz üzərinə öhdəlik götürür.
Qeyri-ciddi və gülünc olan bu kimi bəyanatların əvəzinə Ermənistan rəhbərliyi beynəlxalq öhdəliklərinə uyğun olaraq, nəhayət məsuliyyətli davranış nümayiş etdirməli, zəbt olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalı və işğala son qoymalıdır. Bunun baş vermədiyi halda, yarana biləcək hər hansı vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.