SİYASƏT
XİN: Uşaqların hədəfə alınması və qətlə yetirilməsi Ermənistanın dövlət terrorizm siyasətidir
Bakı, 8 avqust, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca yaşayış məntəqələrini atəşə tutması və mülki insanları qəsdən hədəfə alması kimi əməllərinin nəticəsində avqustun 7-də Tovuz rayonunun Qaralar kəndinin sakini 13 yaşlı Ramin Yusifov xəsarətlər alıb.
İyulun 4-də isə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini ağır silahlardan hədəfli şəkildə və qəsdən atəşə tutması nəticəsində 51 yaşlı Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyeva qətlə yetirildi, 52 yaşlı Sərvinaz Quliyeva isə ağır yaralandı.
Ermənistanın bu vəhşiliyinin, xüsusilə azyaşlı uşağı və qadınları hədəfə almasının beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənilməsinə baxmayaraq, Ermənistan bu çirkin əməllərindən nəticə çıxarmayaraq avqustun 7-də 13 yaşlı Ramin Yusifovun yaralanması ilə nəticələnən növbəti barbar əməli törətdi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı şərhlərində yer alıb.
Hikmət Hacıyev deyib ki, mülki insanların, o cümlədən uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan qəddar əməllər Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü dövlət terrorizm siyasətidir. İyirmi beş ildən artıq dövr ərzində Ermənistanın Azərbaycana qarşı apardığı müharibə nəticəsində Ermənistan tərəfindən çoxsaylı hərbi cinayətlər, soyqırımı və bəşəriyyət əleyhinə cinayət əməlləri törədilib. Xocalı soyqırımı bunun ən dəhşətli və qanlı nümunələrindən biridir.
2016-cı ilin aprelində Ermənistan rəhbərliyinin törətdiyi hərbi avantüra nəticəsində cəbhə xətti boyunca 34 mülki şəxs yaralandı, arasında uşaq olmaqla 6 nəfər həlak oldu. Mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Silahlı Qüvvələri əks həmlə tədbirləri həyata keçirdi, atəş məntəqələrini susdurdu və işğal altında olan bir sıra strateji məntəqələri işğaldan azad etdi.
Ermənistan Respublikasının yenilənmiş hərbi doktrinasında cəbhə xətti boyunca asimmetrik hücumların həyata keçirilməsi və bu xüsusda mülki insanların və obyektlərin hədəfə alınması artıq açıq şəkildə təsbit olunub. Ermənistana münasibətdə hökm sürən cəzasızlığın nəticəsidir ki, Ermənistanın hərbi rəhbərliyi mülki insanlar və mülki obyektlərin hədəfə alınmasından çəkinmədiklərini etiraf edən bəyanatlarla çıxış edirlər.
Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Müasir beynəlxalq hüquqa əsasən bu əməllərə görə bir dövlət olaraq Ermənistan Respublikası ilə bərabər, Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslər də bilavasitə məsuliyyət daşıyırlar.
Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu danışıqlar prosesinə ciddi maneədir, hərbi risklərin və gərginliyin yaranmasının əsas səbəbidir. İşğala əsaslanan qəbuledilməz və qeyri-davamlı status-kvonun dəyişdirilməsi üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalıdır.
İyulun 26-da Xarici İşlər və Müdafiə nazirlikləri Ermənistanın təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca sistematik şəkildə atəşkəsi pozması, təxribatlar törətməsi və qəsdən yaşayış məntəqələrini və mülki insanları hədəfə alması barədə Ermənistana xəbərdarlıq məqsədi daşıyan birgə bəyanatla çıxış etdilər.
Bir daha bəyan edirik ki, Ermənistanın törətdiyi təxribat və hücumların qarşısını almaq üçün Azərbaycanın atmalı olacağı addımların məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür.