SİYASƏT
XİN müqəddəs Ramazan ayı münasibətilə İƏT ölkələrinin səfirləri üçün iftar süfrəsi açıb
Bakı, 25 iyun, AZƏRTAC
Xarici İşlər Nazirliyi müqəddəs Ramazan ayı münasibətilə İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirləri üçün iftar süfrəsi açıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərasimdə nazir müavini Xələf Xələfov Azərbaycan dövlətinin İslam mədəniyyətinə hər zaman xüsusi qayğı ilə yanaşdığını, ölkə rəhbərliyinin İslam abidələrinin qorunub bərpa olunmasını daim diqqət mərkəzində saxladığını deyib. O, Azərbaycanın müsəlman ölkələri ilə siyasi, iqtisadi və mədəni sahələrdə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksək əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyinin təqdirəlayiq hal olduğunu qeyd edib.
X.Xələfov Azərbaycanda İƏT çərçivəsində bir çox beynəlxalq tədbirlər keçirildiyini, həmçinin 2017-ci ildə Azərbaycanda İslam Həmrəylik Oyunlarının planlaşdırıldığını, Naxçıvanın 2018-ci il İslam mədəniyyəti paytaxtı elan olunduğunu söyləyib.
İslam Əməkdaşlıq Təşkilatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallığa, ədalətə, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına əsaslanan mövqeyimizi dəstəkləyən qətnamələr qəbul etdiyini vurğulayan X.Xələfov üzv dövlətlər arasındakı həmrəyliyin daha da gücləndirilməsinin vacibliyini bildirib. O, 2016-cı ilin aprelində İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilən Zirvə görüşündə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair İƏT çərçivəsində xarici işlər nazirləri səviyyəsində Təmas Qrupunun yaradılması bərədə qərarın qəbul edildiyini qeyd edərək, yaxın zamanlarda Təmas Qrupunun fəaliyyətə başlamasının münaqişənin həllinə öz töhfəsini verəcəyini vurğulayıb.
X.Xələfov islamofobiya meyillərinə qarşı mübarizə aparmaq üçün birgə səylərin artırılmasının vacibliyini bildirib. İslamın tolerantlıq dini olduğunu, Azərbaycanda bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığını, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini və bu il BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunun Bakıda keçirildiyini diqqətə çatdırıb.
Nazir müavini bu müqəddəs ayda İslam dünyası ölkələrinə sülh, əmin-amanlıq, inkişaf və rifah arzuladığını deyib.
Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri adından çıxış edən Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hami iftar məclisinin təşkil olunmasından məmnunluq duyduqlarını qeyd edərək həmkarları adından təşəkkürünü bildirib və Ramazan ayı münasibətilə Azərbaycan xalqına ən xoş arzularını ifadə edib.