REGİONLAR
XI sinif şagirdi: Xəzərin sahilində, Talış dağlarının ətəyində yerləşən Astaranın əsrarəngiz gözəlliyi məni heyran etdi
Astara, 24 mart, Bağır Əliyev, AZƏRTAC
İlk dəfədir cənub bölgəsində oluram. Xəzər dənizin sahilində, Talış dağlarının ətəyində yerləşən Astaranın əsrarəngiz gözəlliyi məni heyran etdi. Xəzər dənizi sahilində geniş ərazidə salınmış park-bulvar kompleksində insanların mənalı istirahət etmələri üçün hər cür şərait yaradılıb. Buradan aldığım təəssürat ölçüyəgəlməzdir. Ətrafda hər şey gözəldir: insanlar da, təbiət də.
Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Astara rayonunda olan Siyəzən şəhər 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Aygül Əliyeva AZƏRTAC-a müsahibəsində deyib.
Siyəzənli məktəbli daha sonra bildirib: “İndiyədək cənub bölgəsinə gəlmədiyimə görə çox təəssüflənirəm. Bu, mənim bölgəyə ilk səyahətim olmayacaq, gələcəkdə rəfiqələrimlə, ailə üzvlərimlə tez-tez bu yerlərə gələcəyəm”.
Azərbaycanın bölgələri ilə tanışlığın şagirdlərin Vətənimizə olan sevgisinin daha da artmasına, vətənpərvərlik ruhunda böyüməsinə də təsir edəcəyini vurğulayan A.Əliyeva qeyd edib ki, humanitar aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır, səfər zamanı biz həm də həmyaşıdlarımızla təcrübə mübadiləsi etmək imkanı əldə etmişik.