İQTİSADİYYAT
XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİR
Əzizbəyov Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, Xocalı soyqırımının 14-cü ildönümü ilə bağlı hazırlanmış plana əsasən, rayonun bütün idarə, müəssisə və təşkilatlarında, tədris ocaqlarında silsilə tədbirlər keçirilir.
Rayonda məskunlaşmış 32 Xocalı ailəsinin iştirakı ilə anma mərasimi keçiriləcək və onlara maddi yardım ediləcəkdir.
Tədris müəssisələrində ədəbi-bədii gecələr, faciənin şahidləri ilə görüşlər, inşa müsabiqəsi keçirilir, ədəbi-bədii kompozisiyalar göstərilir, stend və guşələr yaradılır. Fevralın 25-də bütün orta məktəblərdə xüsusi dərslər təşkil ediləcəkdir.
Mədəniyyət müəssisələrində mövzu ilə bağlı bədii və sənədli filmlər göstərilir, fotosərgilər təşkil olunur.
Fevralın 26-da ictimaiyyət nümayəndələrinin Xətai rayonu ərazisində Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəyə və Şəhidlər xiyabanına ziyarəti təşkil ediləcək, həmin gün saat 17:00-da günahsız qurbanların xatirəsi bir dəqiqəlik sükutla anılacaqdır.