İQTİSADİYYAT
XOCALI FACİƏSİ İNSANLIĞA QARŞI CİNAYƏT, BƏŞƏR TARİXİNƏ QARA LƏKƏDİR
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərkəzin direktor əvəzi, baş ədliyyə müşaviri İlham Abbasov tədbiri açaraq, Xocalı faciəsinin Azərbaycan xalqının tarixində faciəli səhifə olduğunu söyləmiş, 1992-ci il fevralın 26-da Ermənistanın silahlı birləşmələri Dağlıq Qarabağdakı yerli erməni yaraqlıları və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının əsgərləri ilə birlikdə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini sakinləri ilə birlikdə tamamilə məhv edərək insanlığa silinməz ləkə olan soyqırımı aktı törətdiklərini, cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlının qəddarcasına, dözülməz işgəncə verilməklə öldürüldüyünü, 487 nəfərə ağır xəsarət yetirildiyini, 1275 sakinin isə girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qoyulduğunu diqqətə çatdırmışdır.
Mərkəzin əməkdaşları çıxışlarında XX əsrin sonlarında Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qəsd etməsinə, qonşu dövlətə torpaq iddialarını həyata keçirmək üçün işğalçılıq müharibəsi və etnik təmizləmə aparmasına, Xocalı soyqırımı kimi dəhşətli cinayətlər törətməsinə dünya ictimaiyyətinin bəzi dairələrinin indiyədək biganə yanaşmalarını böyük təəssüf hissi ilə vurğulamışlar.
Natiqlər ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verildiyini bildirmiş, bu kütləvi və amansız qırğın aktını təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayət və bəşər tarixinə qara ləkə kimi qiymətləndirmişlər.
Bildirilmişdir ki, xalqımızın məruz qaldığı faciələr ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən, çevik daxili və xarici siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı məqsədyönlü fəaliyyəti nəticəsində dünya ictimaiyyəti tərəfindən tanınacaq və pisləniləcək, işğal altındakı torpaqlarımızın azad edilməsi beynəlxalq hüquq normalarına uyğun olaraq, yaxın vaxtlarda sülh yolu ilə öz ədalətli həllini tapacaqdır. Əks təqdirdə, dövlətimizin başçısının bəyan etdiyi kimi, torpaqlarımızın nəyin bahasına olursa-olsun geri qaytarılması təmin ediləcəkdir.
Tədbirin yekununda Xocalı şəhidlərinin ruhuna Allahdan rəhmət dilənmişdir.