SİYASƏT
“XOCALI SOYQIRIMINI TÖRƏDƏN MİLLƏTƏ AR OLSUN!”
Azərbaycanın Ukraynadakı səfirliyində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş matəm mərasimi keçirilmişdir.
Səfir Tələt Əliyev mərasimi giriş sözü ilə açaraq demişdir ki, Azərbaycan xalqı Qarabağ münaqişəsi tarixində ən qanlı faciənin günahsız qurbanlarının xatirəsini qəlbində əbədi yaşadacaqdır. Dünya birliyinin borcu Azərbaycan xalqına qarşı soyqırımı törətmiş erməni vəhşilərini rüsvay etməkdir. Səfir bildirmişdir ki, matəm tədbirləri təkcə Ukraynada deyil, Moldovada da, Belarusda da keçirilmişdir.
Sonra T.Əliyev Azərbaycan Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətini oxumuş, Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin idarə rəisi N.Qaraxanov, Təhsil Nazirliyinin, Gənclər, İdman və Turizm Nazirliyinin nümayəndələri, Ukrayna Azərbaycanlıları Konqresinin sədri O.Əfəndiyev və başqaları çıxışlarında xalqımızın faciəsi, erməni separatizmi və terrorizmi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmağın, xaricdə yaşayan azərbaycanlıların şovinist erməni millətçiliyinə qarşı etiraz səsini gücləndirilməsinin vacibliyindən danışmışlar.
Mərasimdə Ukrayna ictimaiyyətinin nümayəndələri də iştirak edirdilər. Onlar Xocalı faciəsi haqqında sənədli kadrlara baxdıqdan sonra hiddətlərini saxlaya bilməmişlər. Ukrayna radiosunun müxbiri N.Amosov çıxışında demişdir: Azərbaycanlılara qarşı vəhşilik törətmiş erməni millətinə ar olsun! Sizin faciəniz bizim faciəmizdir.
Kiyev vilayətinin İrpenya şəhərindən olan şairə N.Leşşenko isə Qarabağ münaqişəsinin günahsız qurbanlarına həsr etdiyi şerlərini söyləmişdir.
Sonra Xocalı şəhidlərinin ruhuna dualar oxunmuşdur.
Mərasimin sonunda səfir T.Əliyev bildirmişdir ki, səfirlik Xocalı qaçqınlarına yardım üçün Ukrayna, Moldova və Belarusda yaşayan azərbaycanlılardan ianə toplayır və bu, Novruz bayramınadək onlara çatdırılacaqdır.
Matəm mərasimindən reportaj Ukraynanın UT-1 əsas telekanalı ilə göstərilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev