İQTİSADİYYAT
XOCALI SOYQIRIMI QARABAĞ MÜHARİBƏSİNİN ƏN DƏHŞƏTLİ SƏHİFƏLƏRİNDƏN BİRİDİR
Yasamal Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Xocalı soyqırımının 14-cü ildönümü ilə əlaqədar hazırlanmış geniş plana əsasən, idarə və təşkilatlarda, müəssisələrdə, təhsil və mədəniyyət ocaqlarında faciə ilə bağlı anma mərasimləri, mühazirələr keçiriləcək, foto və rəsm sərgiləri təşkil ediləcəkdir.
Ümumtəhsil məktəblərində mövzu ilə bağlı inşa müsabiqəsi, ədəbi-bədii gecələr keçiriləcək, faciəni əks etdirən stend və guşələr yaradılacaqdır. Fevralın 25-də Xocalı soyqırımının ildönümünə həsr olunacaq xüsusi dərslərdə faciənin mahiyyəti, onun səbəbləri və səbəbkarları barədə söhbətlər aparılacaqdır.
Fevralın 24-də 158 nömrəli məktəbdə rayonda məskunlaşmış 115 Xocalı ailəsinin üzvləri ilə görüş keçiriləcək, onlara maddi yardım ediləcək, ehsan süfrəsi açılacaq, şagirdlər ədəbi-bədii kompozisiya göstərəcəklər.
Fevralın 26–da ictimaiyyətin nümayəndələri Xətai rayonundakı “Xocalı harayı” abidəsini və Şəhidlər xiyabanını ziyarət edəcəklər. Həmin gün saat 17.00-da günahsız qurbanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir.