İDMAN


XV Yay Paralimpiya Oyunlarında milli komandamız 11 medal qazanıb

A+ A

Bakı, 18 sentyabr, AZƏRTAC

Bu gün “Rio-2016” XV Yay Paralimpiya Oyunlarında yarışlar başa çatıb. Yarışlara Azərbaycan Milli Paralimpiya Komitəsi 6 idman növündə, 22 idmançı və 2 liderlə qatılıb. Onlardan 11-i ilk dəfə Paralimpiya Oyunlarında iştirak edib.

Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirilib ki, milli komandamız uğurlu nəticə göstərərək 1 qızıl, 8 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb.

Paralimpiya Oyunlarında 170-dək ölkədən 4000-dən çox idmançı iştirak edib. Onlardan yalnız Azərbaycan da daxil olmaqla 82 ölkənin idmançıları mükafatçılar sırasına düşə bilib.

Paralimpiya yığmamız medalların ümumi sayına görə iştirakçı ölkələr arasında 33-cü, Avropa ölkələri arasında 16-cı, müsəlman ölkələri sırasında 6-cı, MDB ölkələri arasında isə 3-cü yerdə qərarlaşıb.

Milli komandamız “Rio-2016”da Pekin oyunlarına nisbətən 1 medal çox, London oyunlarına nisbətən isə 1 medal az qazanıb. Lakin, London Paralimpiya Oyunlarında 7 idmançı mükafatçılar sırasına düşmüşdüsə, “Rio-2016”da 8 atletimiz bayrağımızı qaldırdı. Bu oyunlarında ilk dəfə olaraq 5 qadın idmançı iştirak etdi və ümumilikdə 4 medal qazandı.

Paralimpiyaçılarımız idmançıların sayına görə qazanılmış medalların faiz nisbətində də uğurlu nəticə göstərib. İdmançıların sayına görə qazandığı medalların səmərəlilik kafisenti 50 faiz təşkil edib və nəticədə bu göstəriciyə görə komandamız ilk pillələrdə yer alıb.

İki idmançımız “Rio-2016”da yeni rekordlara da imza atıb. Belə ki, F-12 kateqoriyasında İradə Əliyeva nizə atma yarışında (42.58 ) Paralimpiya rekordunu, Yelena Çebanu isə 100 metr məsafəyə qaçışda (11.71) Avropa rekordunu yeniləyib.

Sevindirici haldır ki, 8 mükafatçıdan 7-si Paralimpiya Oyunlarında ilk dəfə medal qazanıb. Bu da, Milli Paralimpiya Komitəsinin 20 illik fəaliyyəti dövründə ehtiyat qüvvələrin hazırlanması istiqamətində gördüyü işlərin müsbət nəticəsidir və XVI Tokyo Yay Paralimpiya Oyunlarında daha yüksək nailiyyətlər əldə etməsinə zəmin yaradır.

Qeyd edək ki, idmançılarımız 20 il ərzində, 6 Paralimpiya Oyunlarında 9 qızıl, 18 gümüş, 11 bürünc olmaqla, 38 medal əldə edib. “Rio-2016”da Ramil Qasımovun qızıl medal əldə etməsi ilə Azərbaycanın Paralimpiya tarixində yeni bir səhifə açıldı. Belə ki, Paralimpiya çempionlarımızın sayı 7-ə yüksəldi. Onlardan iki nəfər ikiqat Paralimpiya çempionu və üçqat paralimpiya mükafatçılarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.