ELM VƏ TƏHSİL
“XXI əsr mədəni paradiqması multimədəni aspektdə” mövzusunda konfrans
Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 25-də Azərbaycan Dillər Universitetində (ADU) “XXI əsr mədəni paradiqması multimədəni aspektdə” mövzusunda ikigünlük respublika elmi-praktiki konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfrans dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.
ADU-nun elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov konfransın əhəmiyyətindən danışıb. Cari ilin oktyabrın 2-3-də keçirilən Bakı Beynəlxalq Humanitar Forumunda bölmələrdən birinin ADU-ya tapşırıldığını xatırladan prorektor orada müzakirə olunan maraqlı mövzulardan və əldə olunan yüksək nəticələrdən söz açıb. Hazırda dünyanın bir çox ölkələrində mədəniyyətlərarası dialoq, multikulturalizm, tolerantlıq kimi məsələlərin ciddi müzakirə obyektinə çevrildiyini söyləyən D.Yunusov bugünkü konfransın mövzusunun aktual olduğunu bildirib.
“XXI əsr mədəni paradiqması multimədəni aspektdə” mövzulu konfransın bölmələrində tərcümə, xarici dilin tədrisi problemləri, dil və ədəbiyyat kimi digər mövzular da müzakirə olunacaqdır. ADU-nun yerli və beynəlxalq konfranslarda fəal iştiraka önəm verən ali təhsil müəssisələrindən olduğunu deyən prorektor konfransda müzakirə olunacaq məsələlərə toxunub.
İşini plenar iclasla davam etdirən konfransda “Diplomatik yazının səmərəli tədrisində vacib amillər: rəsmi və qeyri-rəsmi məktubların yazılma qaydaları”, “Multimədəni mühitdə humanist münasibətlərin formalaşmasında bədii ədəbiyyatın ideoloji gücü”, “Multimədəniyyət və tolerantlıq anlayışlarının Azərbaycan modelində kəsişməsi”, “Qloballaşma şəraitində ədəbi dilimiz və reklamlar” mövzusunda məruzələri dinlənilib.