ELM VƏ TƏHSİL
“XXI əsr mədəni paradiqması multimədəni aspektdə” mövzusunda konfrans başa çatıb
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) “XXI əsr mədəni paradiqması multimədəni aspektdə” mövzusunda keçirilən ikigünlük respublika elmi-praktiki konfransı noyabrın 26-da başa çatıb.
ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildiriblər ki, konfransın bağlanış mərasimində universitetin elmi işlər üzrə prorektoru Dünyamin Yunusov tədbirin yekunları barədə məlumat verib. Bildirilib ki, konfransda “Postmodernizm fənlərarası fenomen kimi”, “Tərcüməçi qlobal və lokal bilik arasında”, “Qloballaşma şəraitində dəyişən dünyanın dil mənzərəsi”, “Xarici dillərin tədrisində ritorika məsələləri” mövzusunda bölmələrdə mühüm və maraqlı diskussiyalar aparılıb. Müzakirələrdə ölkənin 20-yə yaxın ali məktəbi ilə yanaşı, bir sıra orta məktəblərin də nümayəndələri fəal iştirak ediblər. Konfransın aktual mövzuya həsr olunduğunu söyləyən D.Yunusov hazırda dünyanın bir çox ölkələrində mədəniyyətlərarası dialoq, multikulturalizm, tolerantlıq kimi məsələlərin ciddi müzakirə obyektinə çevrildiyini bildirib.
Bölmə rəhbərləri çıxış edərək müzakirə olunan mövzuların aktuallığını diqqətə çatdırıblar. Bildirilib ki, konfransda ümumilikdə 160 məruzə dinlənilib.
Sonda konfransın yekun sənədi qəbul edilib.