İDMAN
XXXI Yay Olimpiya Oyunlarının möhtəşəm bağlanış mərasimi keçirilir
Bakı, 22 avqust, AZƏRTAC
Avqustun 22-də Bakı vaxtı ilə saat 03:00-da Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda XXXI Yay Olimpiya Oyunlarının möhtəşəm bağlanış mərasiminə start verilib.
AZƏRTAC xəbər verir ki, ənənəyə uyğun olaraq mərasimin ssenarisi gizlin saxlanılır. Təşkilatçıların məlumatına görə, mərasim Braziliya karnavalı şəklində hazırlanıb.
Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarına əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə - idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə qatılıb. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Ölkəmiz triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunub. Olimpiadada ölkəmizi təmsil edən 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olub. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks yarışlarında olmaqla 3 hakimlə də təmsil olunub.
“Rio-2016” bir sıra özünəməxsus cəhətləri ilə əvvəlki olimpiadalardan seçilib. Belə ki, bu, Cənubi Amerikada keçirilən ilk Olimpiya Oyunlarıdır. Rio-de-Janeyronun dörd rayonunda - Deodoro, Barra, Kopakabana və Marakanada 17 gün davam edən Olimpiadada 306 yarış keçirilib və ümumilikdə 2102 medal sahiblərinə təqdim olunub. XXXI Olimpiadada rekord sayda - 206 ölkədən 11 mindən çox idmançı mübarizə aparıb. İştirakçı 206 ölkədən başqa, Olimpiya qaçqın idmançılar komandası da mübarizəyə qoşulub. Olimpiya bayrağı altında mübarizə aparan bu komandanın tərkibində 10 idmançı yer alıb. Onlardan 5-i Cənubi Sudandan, 2-si Suriyadan, 2-si Konqo Demokratik Respublikasından, 1-i isə Efiopiyadandır. Olimpiadaya ən çox idmançı ilə qatılan ölkə ABŞ-dır. Bu ölkə dördilliyin zirvə yarışına 554 idmançı ilə qoşulub. Okeaniya ölkəsi olan Tuvalu isə Olimpiadaya cəmi bir idmançı - 100 metr məsafəyə qaçış yarışında mübarizə aparan atlet Etimoni Timuani ilə qatılıb. Kosovo və Cənubi Sudan isə Olimpiadada ilk dəfə çıxış edib.
XXXI Yay Olimpiya Oyunlarında atletlər idmanın 39 növü üzrə mübarizə aparıblar. Qolf 112, reqbi isə 92 illik fasilədən sonra yenidən Olimpiya Oyunlarının proqramına salınıb. Bütün yarışlar 37 arenada təşkil olunub.