MƏDƏNİYYƏT
XX ƏSRİN ƏN YAXŞI BALETLƏRİNDƏN BİRİ –“MƏHƏBBƏT ƏFSANƏSİ” YENİDƏN BÖYÜK TEATRIN REPERTUARINA QAYIDIR
MOSKVA. XX əsrin ən yaxşı baletlərindən biri - Azərbaycan bəstəkarı Arif Məlikovun türk şairi Nazim Hikmətin pyesi əsasında bəstələdiyi “Məhəbbət əfsanəsi” baleti Yuri Qriqoroviçin quruluşunda yenidən Böyük teatrın repertuarına qayıdır. Xoreoqraf artıq tamaşanın məşqlərinə başlamışdır. İTAR-TASS-ın müxbiri ilə müsahibəsində Qriqoroviç bildirmişdir ki, tamaşaçıları müəyyən sürpriz gözləyir: belə onlar baletə üç pərdədə deyil, iki pərdədə baxacaqlar. Baş rolları Nadejda Qraçova və Mariya Allaş (Məhmənəbanu), Anna Antoniçeva və Marianna Rıjkina (Şirin), Nikolay Siskaridze və Dmitri Beloqoltsev (Fərhad) ifa edəcəklər.
“Məhəbbət əfsanəsi” baleti ilk dəfə 1961-ci ildə Leninqradda indiki Mariya teatrında səhnəyə qoyulmuşdur. Həmin tamaşaya baxmış Nazım Hikmət teatrın işinə heyran qalmışdı. Məşhur ədib o vaxt tamaşaya xeyir-dua verərək demişdi: “Mənim pyesim müxtəlif ölkələrdə müxtəlif dillərdə oynanılmışdır. Lakin Yuri Qriqoroviçin quruluş verdiyi baletdə gördüklərimdən daha çox məmnunluq duydum. İstərdim ki, bu tamaşanı hamı görsün”.
Y.Qriqoroviç sonra bu baleti Novosibirsk, Bakı və Praqada da tamaşaya qoymuşdu. 1965-ci ildə “Məhəbbət əfsanəsi” Böyük teatrın repertuarına daxil edilmişdi.
Məşhur balerina Qalina Ulanova o günləri xatırlayaraq demişdi: “Mən uzun müddət “Məhəbbət əfsanəsi”nin təsiri altında oldum, heyfsləndim ki, daha səhnədə deyiləm”. Məhmənəbani rolunun ifaçılarından biri - Mayya Plisetskaya isə balet haqqında öz rəyini belə ifadə etmişdi: “Elə rollar olur ki, ayrı-ayrı epizodları xoşlayırsan. “Məhəbbət əfsanəsi”ndə isə Məhmənəbanunun səhnə həyatının hər anı xoşuma gəlir”.
Sonralar bu və digər rollarda Nina Timofeyeva, Svetlana Adırxayeva, Nataliya Bessmertnova, Maris Liyepa, Mixail Lavrovski, Vladimir Tixonov kimi adlı-sanlı balet ustaları çıxış etmişlər.
Sözün əsl mənasında əfsanəyə çevrilmiş tamaşada indi obrazları artistlərin yeni nəsli yaradır. Yenidən Böyük teatrın səhnəsinə qayıdan baletin ilk tamaşası aprelin 24-də olacaqdır.