Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

XX ƏSRİN SONU- XXI ƏSRİN ƏVVƏLİNDƏ YENİ DÜNYA NİZAMİ VƏ MİLLİ İDEYA
AZƏRBAYCANDA SİYASƏT: DÜNƏN, BU GÜN VƏ SABAH

Hər bir konkret tarixi dövrdə ictimai və siyasi proseslər onlara ayrıca istiqamət və siqlət verən xüsusi dünyagörüşü nümunələri çərçivəsində cərəyan edir və reallaşır. Keçmişin dəf edildiyi və ömrünü başa vurduğu təbii prosesdən fərqli olaraq, tarixi prosesdə keçmişin bu və ya digər cəhətləri hazırkı dövrdə yaşamaqda davam edir. İkili təbiətə malik olan ictimai-tarixi proses bir tərəfdən təkamül, inkişaf və köhnənin inkarı, keçmişlə əlaqənin qırılmasına və yeninin yaranmasına cəhddirsə, digər tərəfdən varislik prinsipinə əsaslanaraq, hələ də yaşamaq iqtidarında olan cəhətlərin qorunub saxlanması və gələcəyə ötürülməsidir. 

Cəmiyyətin və dövlətin həyatının bütün fəlsəfəsi də məhz bundan ibarətdir. İdeal ictimai-tarixi sistem mövcud deyildir. Onların hər biri digər, bəzən bir-birinə zidd sistemlərin sosial-siyasi, iqtisadi, mənəvi-əxlaqi, ideoloji cərəyan və istiqamətlərini özündə əks etdirir. Eyni zamanda, bir etnik-siyasi qurumu, onun həyat tərzini başqalarından fərqləndirən və nəsildən nəslə ötürülən cəhətlərdə varisliyi qoruyub saxlayır. Tarixdən və ictimai-tarixi prosesdən yalnız o zaman danışmaq mümkündür ki, iki başlanğıc – bir tərəfdən inkişaf və yeninin yaradılması, digər tərəfdən isə keçmişlə varisliyin qorunub saxlanmasının qarşılıqlı əlaqəsi və çulğaşması olsun.

Bu mənada mövcud ictimai-siyasi reallıqları obyektiv şəkildə əks etdirmək iddiasında olan hər hansı sosial-fəlsəfi, ideya-siyasi konstruksiya və ya dövlət qurumu hər iki başlanğıcı nəzərə almalıdır. Əks halda, o, ya yaşarı deyil, yaxud da onun reallaşdırılması cəhdləri əsas mənəvi, etik, normativ və digər prinsip və dəyərlərin mahiyyətinə təhlükə törədən gözlənilməz nəticələrə səbəb ola bilər. Başqa sözlə desək, cəmiyyətin transformasiyası, siyasi idarəçiliyin üstün cəhətlərinin dəyişməsi Nitsşenin “bütün dəyərlərin yenidən dəyərləndirilməsi” formulu ilə bağlıdır. Həmin ideyanın gerçəkləşdirilməsi nəticəsində bəşəriyyətin bütün tarixi boyu formasiyaların dəyişməsi – antik dövrdən orta əsrlərə, orta əsrlərdən rasionalist sivilizasiyaya, yaxud kapitalizm cəmiyyətinə keçid prosesi baş vermişdir. Hər bir transformasiya yeni ideya və yeni keçidin mahiyyətinə çevrilən yeni ideologiya ilə şərtlənir.

Yeni keçid prosesində Azərbaycan öz qüvvələrini xalqımızın daxili potensialının inkişafı üçün cəmləşdirmək kimi misilsiz imkan qazanmışdır. Keçmişin buxovlarından xilas olmağa çalışaraq, başqa bir gələcək qurmağa başlamışıq. Təəssüflər olsun ki, heç də bütün siyasi liderlər və qruplar yaxın keçmişimizin və bugünümüzün mahiyyətini aydın dərk etməmiş və başa düşməmişlər. Məsələ heç də milli siyasətçilərin fərdi keyfiyyətlərində deyil, onların formalaşdıqları şəraitdədir. Azərbaycanın düşdüyü vəziyyət bir çox Qərb ölkələrinin XIX əsrin ikinci yarısında məruz qaldıqları və islahatdan sonrakı Rusiyanın qarşılaşdığı vəziyyətə çox oxşardır. Fransız sosioloqu Emil Dürkheym bunu “seqment tipli cəmiyyətləri səciyyələndirən mexaniki həmrəylik sxemi kimi” təsvir etmişdir. Bu sxemə görə “fərd qrupun daxilində, hissə tamın tərkibində, əmək bölgüsünə əsaslanan və fərdlərin müstəqil olduğu və öz fəaliyyətinin xüsusiyyətinə müvafiq surətdə qruplaşdığı cəmiyyətlərin üzvi həmrəyliyi içərisində əriyir”.

Müasir Azərbaycanda ictimai çevriliş çox tez bir zamanda baş vermişdir. Onun gedişində vətəndaşın, yəni siyasi proses subyektinin dövlətə və başqa təsisatlara münasibətdə yeni vəziyyəti bərqərar olmuşdur. Ona görə də bu çevriliş nəticəsində dövlətin və cəmiyyətin bir-birindən ayrılmış müxtəlif funksiyalarının yeni vəziyyətə və reallıqlara uyğunlaşmağa kifayət qədər vaxtı olmamışdır.

SSRİ-nin dağılması: yeni imkanlar

Biz müəyyən ideoloji struktura malik müstəqil Azərbaycanın siyasi spektrinin müasir vəziyyətini araşdırarkən 1980-cı illərin ikinci yarısının – 1990-cı illərin hadisələrinə müraciət edirik. İqtisadiyyatın, ictimai quruluşun və dövlət quruluşunun, ictimai-siyasi və milli münasibətlərin böhranının kəskinləşməsi, SSRİ-də milli hərəkatları zorakılıqla yatırtmaq cəhdləri, Sovet İttifaqının dağılması, yeni qlobal dünya nizamının bərqərar olması, dünya siyasətinin nüfuz sahələrinin növbəti dəfə bölüşdürülməsi, ikiqütblü dünyanın bir fövqəldövlətin siyasətinin üstünlük təşkil etdiyi birqütblü vektora çevrilməsi və panavropa siyasi məkanında sol mərkəzçi qüvvələrin güclənməsi və bir çox digər hallar Azərbaycanın müasir siyasi məkanının real vəziyyətini müəyyənləşdirən amillərə çevrilmişdir.

1990-cı illərin əvvəllərində baş vermiş və Azərbaycan cəmiyyətinin həyatına sürətlə daxil olmuş siyasi prosesləri və hadisələri xatırlayanda, aydın olur ki, onlar situativ, daha çox qeyri-müəyyən xarakter daşıyırdı. Onların əsas məzmunu “real sosializmin tarixi legitimliyi”nin inkar edilməsindən, bu ictimai-siyasi və iqtisadi sistemin insanlığa zidd mahiyyət daşıdığının sübuta yetirilməsindən, sovet hakimiyyətinin 70 illik tarixinin iflas dövrü, bir necə nəslin qurban getdiyi baş tutmamış sosial eksperiment dövrü kimi dəyərləndirilməsindən ibarətdir. 1990-cı illərin əvvəllərindəki ictimai etirazların əsasını hansısa konkret baxışlar təşkil edirdisə, bunlar ilk növbədə antikommunizm baxışları idi. O dövrdə çoxları həm Sov.İKP-nin rəsmi ideologiyasını və nəzəri qaynaqlarını, həm də, ümumiyyətlə solçu, antikapitalist ideyaları vaxtilə sovet təbliğatının ifşa etdiyi “kapitalizmin mürtəce ideologiyası” kimi yozurdular.

Ə.Vəzirov rejimi və ondan sonra baş vermiş hakimiyyət dəyişikliyi köhnə sosial nizamın və bu nizamı “legitimləşdirmiş” təsəvvürlərin iflasa uğramasına gətirib çıxardı. Ona görə də cəmiyyət gələcək inkişaf yolunu dərk etməyə, Azərbaycanın siyasi, iqtisadi və ictimai həyatının yeni istiqamətlərini və qaydalarını işləyib hazırlamağa imkan verən alternativ bilik sisteminə getdikcə daha kəskin ehtiyac duyurdu. Sov.İKP MK rəhbərliyinin öz təcəssümünü 1990-cı ilin yanvarında Bakıda törədilmiş qanlı hadisələrdə tapan ədalətsiz antiazərbaycan siyasəti nəticəsində əhalidə formalaşmış antikommunist əhval-ruhiyyə xalqı seçkilərdə kommunist nomenklaturasının hakimiyyəti əleyhinə çıxanlara səs verməyə sövq edirdi. Lakin bu antikommunizm gündəlik siyasi, iqtisadi və sosial həyatın təşkili üçün yararlı olan rasional-funksional şüur və davranış modellərini özündə əks etdirmirdi.

Nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağ probleminin doğurduğu, Bakıda 1990-cı il yanvar hadisələrindən sonra isə milli-demokratik ideologiya və praktikadan qidalanan antikommunist çıxışlara çevrilmiş ümumxalq etirazı, sovet rejimi ilə ideoloji əlaqənin kəsilməsi kütləvi psixologiyaya və insanların sosial ovqatına konstruktiv təsir göstərmədi. Əksinə, bu təsir yeni ictimai-siyasi və iqtisadi sistem, yeni şəraitdə optimal davranış üsulları barədə praktik biliklərdən daha çox, emosionallıqla qavranılan dəyərlər sahəsini əhatə edirdi. Başlıca psixoloji dəyişiklik cəmiyyətdə möhkəmlənmiş azadlıq hissi, milli müstəqilliyə və dövlət müstəqilliyinə tələbat hissi idi. Totalitar keçmişin əksinə olaraq, bu dəyişiklik insanlar üçün tez bir zamanda əsas istiqamətə çevrildi.

Belə ki, 1990-cı illərin əvvəllərinin siyasi şüurunda bazar və demokratiya daha çox dəyər, ideologiya mücərrədlikləri kimi qalırdı. Ölkəyə hansı inkişaf yolları və perspektivlərini seçmək təklif edilirdi və onu hansı problemlər gözləyirdi – bu mühüm məsələləri iqtidar və onu dəstəkləyən “demokratik elita” dərk etmirdi və ölkədə yeni ictimai-siyasi sistemin formalaşdırılması problemləri, əslində, müxtəlif hakimiyyətdaxili qrupların siyasi iddiaları əsasında həll edilirdi. İslahatlar “ümumi rifah”ı və sosial ahəngdarlığı cəmiyyətə “birnəfəsə” gətirməyə imkan verən hansısa bir əfsanəvi vasitə kimi təqdim olunurdu və təəssüf ki, bu gün də müxalif siyasi qüvvələr onları bu cür qələmə verirlər.

Deməyə hər cür əsas var ki, 1990-cı illərin əvvəllərində Azərbaycan suverenlik qazanaraq, ondan öz xalqının xeyrinə istifadə edə bilməyən, dünya birliyində özünə dəstək və müttəfiqlər tapa bilməyən dövlətlər sırasına aid edilirdi. Tarixi təcrübə sübut edir ki, belə dövlətlər böyük coğrafi-siyasi oyunun obyektinə çevrilirlər. Azərbaycanın da aqibəti belə olmuşdu.

Beləliklə, 1988-ci ildən başlayaraq 1993-cü ilin ortalarınadək iqtidarın siyasətindəki qarmaqarışıqlıq, ölçülüb-biçilmiş siyasi xətt yeridilməsi əvəzinə, ötəri vəzifələrin həllinə aludəlik ölkəni ağır sosial-siyasi sarsıntılara gətirib çıxardı. Azərbaycan cəmiyyətinin həyatının bütün əsas sahələrini böhran bürüdü:

- siyasi sahədə dövlətin fəaliyyətinin bütün səviyyələrində və bütün vəsilələrində idarəçilik itirildi. Korporativ maraqlara əsaslanan kəskin siyasi münaqişələr və silahlı toqquşmalar cəmiyyətin həyatında adi hala çevrildi;

- iqtisadi sahədə gərginliyin mahiyyəti kompleks maliyyə və struktur böhranından, ənənəvi kooperasiya əlaqələrinin qırılmasından, kütləvi işsizlikdən və bütün bunların nəticəsi olaraq, əhalinin həyat səviyyəsinin kəskin surətdə aşağı düşməsindən ibarət idi;

- sosial sahədə böhran nəticəsində sosial qrup və təsisatlar sürətlə dezinteqrasiyaya uğradı, şəxsiyyətin əvvəlki strukturlarla və həyat normaları ilə identifikasiyası itirildi, mənəvi və ideoloji boşluq yarandı, şəxsiyyətin dəyər meyarlarından uzaqlaşması baş verdi.

Nəticədə bir cəmiyyətdə iki böhran – sosial-iqtisadi və mənəvi-əxlaqi, mədəni böhranlar üst-üstə düşdü və spesifik qarşılıqlı əlaqədə olub vəziyyəti mürəkkəbləşdirir, ona dönməz xarakter verirdi. Total böhran isə, öz növbəsində, real milli siyasətin formalaşmasına, cəmiyyətin və dövlətin modernləşdirilməsinə əngəl törədirdi.

 

Dərk etmək lazım idi ki, köhnə təsəvvürlərin yeniləri ilə əvəzlənməsi həm yeni biliklərin dəyişmiş gerçəkliyə müvafiqliyindən, həm də köhnə təsəvvürlərin xüsusiyyətlərindən – onların bütövlüyündən, dəyişkənliyindən, modifikasiyaya nə dərəcədə uyğunlaşa bilməsindən asılıdır. Bu, milli mentalitetin mədəni və sosial arxetiplərində posttotalitar cəmiyyətdəki sosial idrak proseslərinin ən mühüm amillərindən birini görməyə bir növ sövq edirdi. Bütövlükdə, bu arxetiplər Mərkəzi və Şərqi Avropanın bir sıra tranzitar, keçid dövrünü yaşayan cəmiyyətləri ilə müqayisədə posttotalitar cəmiyyət liberal ideyaların qavranılması üçün daha az əlverişli idi ki, bunun da öz obyektiv tarixi və sosial-siyasi zəmini vardı.

Ona görə də Azərbaycanın demokratik transformasiya yolunda qarşılaşdığı ən mürəkkəb problemlərdən biri Ə.Vəzirov və A.Mütəllibov rejimlərinin siyasətinin ölkədəki vəziyyətin tələblərinə müvafiq olmaması və cəmiyyətin baş verən dəyişikliklərə ziddiyyətli reaksiyası idi. Zənnimizcə, milli mentalitetin məhz bu cür reaksiyası demokratik dəyişikliklərin ardıcıl surətdə həyata keçirilməsini bir çox cəhətdən çətinləşdirən ümdə amil olmuşdur. Nəticədə, cəmiyyətin XX əsrin 70-ci illərindən həyata keçirilən modernləşdirilməsinin qarşısı 80-ci illərin axırlarında və 90-cı illərin əvvəllərində nəinki kobudcasına alınmış, həm də yeni davranış modelinə keçidin, fərdi seçimə və fərdi məsuliyyətə, şəxsiyyət dəyərlərinə və üstünlüklərinə əsaslanan sosial tənzimləmə mexanizmlərinin işlədiyi modernləşdirilmiş cəmiyyətə keçidin yeni dövrəsinin mümkünlüyünün özü sual altına alınmışdı.

Azərbaycanın modernləşdirilməsi: yeni inkişaf

ideologiyası

XX əsrin son 30 ilində Azərbaycanda ənənəvi cəmiyyətdə gedən modernləşdirməni səciyyələndirərkən dörd cəhəti fərqləndirmək olar. Birincisi, ənənəvi cəmiyyətin əsas ideologemləri və ənənəvi normalarının tənqidi təhlilinin baş verməsi və mərhələ-mərhələ latent (gizli) surətdə dağılması; ikincisi, ənənəvi kommunist ideologiyası dayaqlarının dağılması və prinsipcə başqa ictimai normalara uyğun gələn davranış modelinin formalaşması; üçüncüsü, əvvəlki fəaliyyət modellərinin böhranı; və nəhayət, dördüncüsü, yeni ictimai fəaliyyət modellərinin təşəkkülü prosesi, əhalinin getdikcə daha geniş təbəqələrinin bu prosesə tədricən cəlb edilməsi və cəmiyyətin yeni sosial strukturunun formalaşması idi.

1970-ci illər – 1980-ci illərin əvvəllərini əhatə edən birinci mərhələ milli dəyərlərin dirçəlişi, əhalinin rifahının yüksəlişi və təhsil səviyyəsinin artması ilə bağlı idi. Bütövlükdə götürdükdə, bütün bunlar insanların davranış modellərindəki dəyişikliklərə təsir göstərirdi. Lakin dəyişikliklər bərabər yayılmırdı, modernləşdirmə “təbəqə-təbəqə” gedirdi: ənənəvi cəmiyyətin latent surətdə dağılması ilk növbədə ölkənin sənaye mərkəzlərinin sakinlərini əhatə edir, sonra isə formasını dəyişərək, mərkəzdən əyalətlərə yayılırdı.

Transformasiyanın ikinci mərhələsi 1980-ci illərin ikinci yarısına, sovet cəmiyyətinin ideoloji dayaqlarının pozulduğu və kəskin tənqid edildiyi, “qadağan olunmayan nə varsa, hamısının” tədricən dağılmağa başladığı “yenidənqurma və aşkarlıq dövrünə” aiddir. Kooperasiya və kiçik sahibkarlıq haqqında qanunların qəbul edilməsi iqtisadi fəaliyyətin yeni modellərinin formalaşmasının bünövrəsini qoydu. Lakin bu modellər Azərbaycanda kütləvi şəkildə yayılmadı.

 

Transformasiyanın üçüncü mərhələsi 1991-ci ildə müstəqilliyin əldə edilməsi, Azərbaycan cəmiyyətinin həyata keçirilməsi baş tutmayan inkişaf “layihəsi” ilə bağlı idi. Dəyişikliklərin başlanmasına belə bir inam təkan verirdi ki, bazar iqtisadiyyatın səmərəliliyini və bunun nəticəsi kimi, əhalinin rifahının yüksəlməsini təmin edən universal mexanizm olacaqdır. Transformasiyanın bu mərhələsində siyasət və iqtisadiyyat sahəsində müsbət dəyişikliklərin insanların siyasi və sosial-iqtisadi fəaliyyət üsullarındakı dəyişikliklərlə sıx bağlılığı, əslində, dərk olunmurdu. Şəxsiyyət, fərdi səylər deyil, məhz dövlət əvvəlkitək cəmiyyət həyatının başlıca amili hesab edilirdi. Üstəlik, “hakimiyyət sahibləri”nin səriştəsizliyi ölkədə anarxiya meyllərinin güclənməsi və bir sıra bölgələrdə separatçılıq hərəkatının fəallaşması, Ermənistanın başladığı müharibə və Dağlıq Qarabağın işğalı vəziyyəti o dərəcədə kəskinləşdirdi ki, 1992-1993-cü illərdə dövlətçiliyin səmərəli inkişafı və cəmiyyətin modernləşdirilməsi imkanını, əslində, tamamilə aradan qaldırdı.

1993-cü ilin ortalarından, Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra transformasiyanın dördüncü mərhələsi - Azərbaycanın tənzimlənən bazar iqtisadiyyatına keçməsi və ölkənin dünya siyasətinin subyekti kimi beynəlxalq aləmdə tanınmasına gətirib çıxaran əsl demokratik dəyişikliklər mərhələsi başlandı. Yeni demokratik dövlətin əsas prinsiplərinin, vətəndaş cəmiyyəti ünsürlərinin, yeni iqtisadi sistemə, tarazlı xarici siyasətə istiqamətlənmiş dünyəvi, hüquqi dövlətin prioritetlərinin təşəkkülünün, yeni demokratik təsisatların qurulması, yeni siyasi birliklərin yaradılması, siyasi plüralizmin inkişafı və milli ideologiyanın əsas ünsürlərinin tədricən formalaşması prosesinin ağlasığmaz dərəcədə mürəkkəb şəraitdə getməsinə baxmayaraq, Azərbaycan dövlətçiliyinin milli identifikasiyasının başlıca ehkamları məhz həmin dövrdə formalaşmışdır.

Siyasi determinantlar fərdi və ictimai şüura, insanların davranışına, hərəkətlərinə mühüm təsir göstərir, bu isə öz növbəsində, dövlətin inkişaf modelinin təkmilləşməsini stimullaşdırırdı. Nəticədə, Azərbaycanda sintetik, yeniliklərə açıq olan, konstruktiv rol oynayan inkişaf ideologiyası formalaşmağa başladı. Onu ideoloji konstruksiya baxımından araşdırsaq, zənnimizcə, bu ideologiyanı neokonservatizmə aid etmək olar. Müasir ideoloji cərəyan olaraq neokonservatizm cəmiyyətə ailənin və dinin mənəvi prioritetlərini, vətəndaşların və dövlətin qarşılıqlı mənəvi məsuliyyətinə və qarşılıqlı köməyinə, hüquqlara hörmət bəslənilməsinə, möhkəm dövlət intizamına əsaslanan sosial sabitlik təklif edir. Həmin doktrinaya uyğun olaraq, dövlət cəmiyyətin bütövlüyünün qorunub saxlanmasına, qanunçuluq və hüquq qaydası əsasında fərdlər üçün lazımi həyat şəraitinin təmin edilməsinə, vətəndaşlara siyasi assosiasiyalar yaratmaq imkanı verilməsinə, vətəndaş cəmiyyəti təsisatlarının inkişaf etməsinə çalışmalıdır. Neokonservatizm əsla o demək deyildir ki, şəxsi azadlıqlar, insan hüquqları, sərbəst iqtisadiyyat və siyasi demokratiya, xalqların öz mədəniyyətini qoruyub saxlamaq hüququ və cəmiyyətin əmək qabiliyyəti olmayan üzvlərinin sosial hüquqları kimi anlayışlar kənar edilir. Məlumdur ki, neokonservatizm həmin anlayışların universallığını qəbul edir və bu baxımdan liberalizm və sosializm ilə qovuşaraq ideoloji ahəngdarlıq yaradır.

Neokonservatorun liberaldan fərqi ondadır ki, birinci ənənəvi dəyərlərin ictimai inkişaf üçün əhəmiyyətini qəbul etdiyi halda, digəri onlara məhəl qoymur və ya, ən yaxşı halda, onlara ikinci dərəcəli əhəmiyyət verir. İslahatlar yetişmişsə və cəmiyyətin dayaqlarının möhkəmlənməsinə kömək edə bilərsə, neokonservatizm onlara tərəfdar olmaqla yanaşı, keçmişin həsrətini çəkməkdən tamamilə imtina edir və keçmişin ən yaxşı ənənələrinə söykənərək radikal islahatlar ideologiyasına çevrilir. Bu ideologiya ictimai inkişafın varisliyini qoruyub saxlayır.

Bu baxımdan liberalizmin və neokonservatizmin sintezi real sosialist və demokratik elementlərlə tamamlanan qüvvətləndirici ideologiyalar kimi, Azərbaycan üçün uğurlu ideoloji konstruksiya oldu.

Azərbaycanda mühafizəkar-liberal sistem tamamilə tarazlaşdırılmışdır, o, bir tərəfdən, güclü dövlət hakimiyyətini və hüquq qaydasını, digər tərəfdən isə iqtisadi fəaliyyət sərbəstliyini dəstəkləyir. Bu sistemdə dövlətpərəst meyllərin və dövlət təməllərinin, milli və universal elementlərin müştərək mövcudluğuna nail olunmuşdur.

Liberalizm müəyyən dinamik ruh gətirmiş, mühafizəkarlıq bu ruhu radikal sapmalardan qorumuşdur. Sosial-demokratizm isə çalışmışdır ki, eqalitar prinsiplər, yəni hüquq bərabərliyi prinsipləri unudulmasın. Heydər Əliyevin nadir dövlət idarəçiliyi qabiliyyəti ondadır ki, o, həmin ideoloji müştərəklikdən (uyğunlaşmadan və qismən də qarşılıqlı əvəzetmədən) müstəqil, demokratik Azərbaycan quruculuğunda məharətlə istifadə etmişdir.

Səciyyəvi haldır ki, müasir mühafizəkar və liberal ideologiyalar bir çox baxımdan, sadəcə olaraq, bir-birilə qovuşmuş, bununla da təriflərdə, adlarda əməlli-başlı dolaşıqlıq əmələ gətirmişlər. Təsadüfi deyil ki, bir sıra Qərb ölkələrində, eləcə də Azərbaycanda mühafizəkarlar liberal, liberallar isə mühafizəkar adlandırılır və kimin kim olduğunu anlamaqda çətinlik yaranır.

Liberalizmin neokonservatizmlə oxşarlığı bir çox Avropa ölkələrində əvvəlki “sol mərkəzçi struktur”un əvəzinə “koalisiyalı struktur”un bərqərar olmasına gətirib çıxarmışdır. Neokonservativ iqtisadi modelin əsas ideyası dövlət tənzimləməsinin sosialist və keynsiançı metodlarının səmərəsizliyindən ibarətdir. Həmin modelə görə, milli gəlirin bölüşdürülməsinin ümumi həcmində dövlət xərclərinin payının 5 faiz artırılması ümumi daxili məhsulun artım sürətini 1 faiz azaldır və müvafiq olaraq, ictimai rifahın ümumi səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır.

Məhz neokonservativ iqtisadi model sayəsində Qərb dünyası elmi-texniki inqilabın ən yeni nailiyyətlərinə uyğun olaraq struktur yenidənqurmasına istiqamət götürmüş və bu zaman solların proqram müddəalarından kəskin şəkildə fərqlənən vasitə və üsullardan istifadə etmişdir.

“Mühafizəkarlıq” məfhumu çoxlarında qorxu və vahimə hissi doğurur, çünki bu anlayış keçmiş kimi qavranılır. Halbuki, məlum olduğu kimi, mühafizəkarlıq mövcud münasibətlərin kökündən dağılmasına deyil, məhz ənənələrin qorunub saxlanmasına və dirçəldilməsinə yönəldilmişdir. Bu, ola bilsin, onunla bağlıdır ki, inkişaf ideologiyasının ayrılmaz tərkib hissəsi olan “ənənələr” anlayışının mahiyyətini heç də hamı aydın təsəvvür etmir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyev partiyanın 2001-ci il noyabrın 21-də keçirilmiş II qurultayında ölkənin XX1 əsrdə inkişaf ideologiyasının forma və məzmununu dəqiq səciyyələndirmişdir: “...biz elə nəsil yetişdirməliyik ki, təkcə bizim vaxtımızda yox, bizdən sonra da onlar Azərbaycanın xətalara düşməsinə imkan verməsinlər. Onlar düz yolla, doğru yolla, milli hissiyyatlar yolu ilə getməlidirlər”.

Məhz milli hisslər, milli ənənələrə dərin sədaqət – milli eyniyyəti, özgünlüyü bərqərar etmək və qoruyub saxlamaq niyyəti, Qərb və Şərqin tarixi nailiyyətləri ilə zənginləşmə əsasında cəmiyyətin modernləşdirilməsi, güclü və müstəqil Azərbaycan qurmağa qadir milli çoxluğun formalaşdırılması son səkkiz il ərzində həyata keçirilən möhkəm və uğurlu dövlət quruculuğunun rəhnidir. Bütün bunlar isə neokonservatizm deməkdir.

Bizim etiraf edib-etməməyimizdən asılı olmayaraq, Azərbaycanda istər siyasətə, istərsə də iqtisadiyyata nüfuz etmiş neokonservatizm ideyası elə bir quruluşun sisteminə çevrilmişdir ki, bu quruluşda vətəndaşın və ya bir qrup şəxsin yeri konkret korporasiyaya, yəni iyerarxiya tipli qapalı təşkilata - müasir istehsal-kommersiya təşkilatına, yaxud siyasi partiyaya mənsubiyyəti ilə müəyyənləşmişdir. Bütün korporasiyaları birləşdirən ali qüvvə, hətta demək olar, “müqəddəs” qüvvə dövlətdir. Mühafizəkarlıq bərabərliyə deyil, cəmiyyətin elə bir vəhdətinə çalışır ki, orada hər bir şəxsiyyət müəyyən yüksək nizamın iştirakçısı olsun. Burada şəxsiyyət müstəqil deyil və müəyyən mənada “azad deyildir”, çünki şəxsiyyətin azadlığı onun dövlət qarşısında üzərinə düşən məsuliyyəti ilə bağlıdır. Bu ideologiya transformasiya dövrünü yaşayan cəmiyyətlərə çox yaxşı uyğundur, belə ki, güclü dövlət olmasa, cəmiyyət anarxiyanın hökmü altında qala bilər. Yaxın keçmişin – 1988-1993-cü illərin tarixi nümunəsi buna aşkar sübutdur.

Bununla yanaşı, məlumdur ki, indi dünya nizamı və cəmiyyətin tələbatı başlıca olaraq liberalizmin əsaslarına söykənir. Ona görə də çoxları neokonservativ ideologiyanı fərdi azadlığı boğmaq vasitəsi hesab edə və ya onu fromsayağı “azadlıqdan qaçmaq” kimi qavraya bilər. Bu cür təfəkkür forması problemə bəsit münasibətin nəticəsidir. Praktikada, həyatda isə hər şey daha mürəkkəbdir.

Liberalizm dövlətə tənqidi münasibəti, vətəndaşların yüksək siyasi məsuliyyəti prinsiplərini, dini dözümlülüyü, plüralizmi, konstitusionalizm ideyasını üstün tutur. İqtisadiyyatda dövlət idarəçiliyinin möhkəmləndirilməsi və sosial məqsədlərin rolunun artması başqa bir tarixi formanı – liberalizmin ənənəvi dəyərlərini müasir dövrün iqtisadi və siyasi reallıqlarına uyğunlaşdırmış neoliberalizmi meydana gətirmişdir. Neoliberalizmdə ədalətlilik siyasi sistemin ən mühüm məziyyəti elan olunur, hökumətlər isə mənəvi prinsiplərə və dəyərlərə istiqamətlənir.

Neoliberalizm dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsinin plüralist formalarına üstünlük verir. Tanınmış nəzəriyyəçi C. Rouls “Ədalət nəzəriyyəsi” kitabında bərabərlik problemini, özü də siyasi bərabərlikdən çox sosial bərabərlik problemini liberal doktrinada ön sıraya çəkmiş, bununla da həmin ideologiyanı sosial-demokratiyanın əsas fəlsəfi müddəalarına yaxınlaşdırmışdır.

“Xalis” liberalizm olmadığı kimi, “xalis” mühafizəkarlıq da mövcud deyildir. Hər şey onları təşkil edən elementlərin üstünlüyündən asılıdır. Ona görə də Prezident Heydər Əliyevin dövlət idarəçiliyi dövründə yeritdiyi siyasətin başqa bir üstün tərkib hissəsinin liberal ideologiya olması əsla təsadüfi deyildir. Bu ideologiya sadəcə, mücərrəd azadlığın bərqərar edilməsi olmayıb, həm də bir sıra xüsusi şərtlər – vətəndaşa məxsus olan “təbii” siyasi hüquqların və mülkiyyətçi hüquqlarının nəticəsi kimi onun azadlıqlarını irəli sürdü. Çünki liberalizm rasional surətdə başa düşülən və digər fərdlərin ancaq bu cür analoji mənafeləri ilə məhdudlaşdırılan mənafelərini güdən müstəqil vətəndaşın mövcudluğuna əsaslanır. Başqa sözlə, fransız politoloqu Rutyenin təbirincə desək, “liberal dövlət elə bir dövlətdir ki, burada avtomobilçilər istədikləri yerə getməkdə azaddırlar, bu şərtlə kı, yol hərəkəti qaydalarına hörmət etsinlər”.

Bizim anlamımızda, mühafizəkarlıq kimi, liberalizm də qərbləşmə ideologiyası və fəlsəfəsidir, yəni burada siyasət ictimai həyatın tərkib hissəsinə çevrilir. Siyasi fəlsəfə tarixində onlar bir-biri ilə qırılmaz surətdə bağlıdırlar.

Müasir Azərbaycanın ideoloji konstruksiyasının mahiyyətini müəyyənləşdirmək olduqca aktual problemdir. Lakin onun başqa bir cəhəti, daha doğrusu, milli həyatda mühafizəkarlıqla liberalizmi, demokratizmlə sosializmi qarşılıqlı surətdə bağlayan və tamamlayan elementlərin aydınlaşdırılması heç də az əhəmiyyətli deyil, bəlkə daha əhəmiyyətlidir. Bütün bu dörd ideoloji cərəyanın müstəqil Azərbaycanın təşəkkülündə əslində eyni dərəcədə mühüm rol oynaması aşkardır və xüsusi sübutlar tələb etmır. Əgər bütün dörd ideologiyanın əsas tutduğu üstünlükləri maksimum qısa şəkildə müəyyənləşdirməyə çalışsaq, onda aydın olar ki, liberalizm mülkiyyət hüququna, sosializm istehsalın nəticələrinin bölgüsünə, demokratizm özünüidarəyə, mühafizəkarlıq isə normativ qaydaya üstünlük verir.

Liberalizm və sosializm özlərini, ilk növbədə, iqtisadiyyat sahəsində büruzə verir. Demokratizm daha çox siyasətə və hüquqa, mühafizəkarlıq ən əvvəl mənəviyyata və hüquqa müraciət edir. Özü də yuxarıda şərh edilmiş ideoloji cərəyanların ümumən cəmiyyət üçün və xüsusən fərdlər üçün süarı belədir: sosializm – Ümumi bərabərlik, demokratizm – Tam hüquqlu üzvlük, liberalizm – Fərdi azadlıq, mühafizəkarlıq – Ənənəvi birlik. Doğrudur, bu şüarlar ümumi mənzərəni xeyli bəsitləşdirir, buna görə də onlardan çox ehtiyatla istifadə etmək lazımdır.

Zənnimizcə, yeni minillikdə dövlətçiliyin inkişafının milli siyasi fəlsəfəsini güclü, hüquqi və demokratik dövlət quruculuğunun tərkib hissələrini təşkil edən üç determinant – milli ideya, şəxsiyyət və millətin məqsədyönlülüyü mövqeyindən nəzərdən keçirmək lazımdır. Azərbaycanın XX1 əsrdə necə olacağı amilini məhz həmin cəhətlər irəlicədən müəyyənləşdirir.

Son bir neçə il ərzində Heydər Əliyevin siyasəti sayəsində yenidən dirçəldilmiş Azərbaycan cəmiyyətinin ideoloji struktrunun belə qısa annotasiyasını əsas götürərək, milli siyasi reallıqlara qayıdaq və milli siyasi mənzərəni yenidən qurmağa çalışaq. Məsələ bundadır ki, zəmanəmiz suallar zəmanəsidir və bu sualların cavablarını əsasən yeni siyasətçilər nəsli - siyasi xətti və iqtisadiyyatın sərbəstləşdirilməsini davam etdirməyə, ənənələrin və təməllərin varisliyini qoruyub saxlamağa, cəmiyyətin qərbləşməsini məqbul səviyyəyə çatdırmağa qadir modernist siyasətçilər nəsli verəcəkdir.

Alman sosioloqu Maks Veber peşə seçimi olaraq siyasətçilər və siyasət barədə düşüncələrində təkcə iradəni, ağılı, ehtirası, borc hissini, xarakteri deyil, həm də fəhmi, “reallıqların təsirinə daxili mütəşəkkilliklə və sakitliklə uyğunlaşma bacarığı”nı “siyasətçinin həlledici psixoloji keyfiyyəti” hesab edirdi. Axı məhz real vəziyyətə xüsusi hisslə nüfuz etmək bacarığı dövlət idarəçiliyi strategiyasının işlənib hazırlanmasına və lazımi anda düzgün qərar qəbul olunmasına kömək edir. Bu cür siyasətçilər həmişə öz diqqətini siyasətçinin əsas və real silahdaşı olan cəmiyyətə yönəldərək, onu yeni siyasi məkana cəlb edir və formalaşmış siyasi xəttin varisliyinə müsbət təsir göstərirlər. Nəticədə yeni siyasi paradiqma (yeni siyasi məkan, yeni siyasi təfəkkür, yeni siyasi mədəniyyət) yarana bilər ki, onun da əsasını, çox güman, qarşıdakı prezident seçkiləri təşkil edəcəkdir.

Ehtimal etməyə əsas var ki, 2003-cü ilin seçkiləri milli siyasətin hüdudlarını genişləndirəcəkdir. Ola bilsin ki, qarşıdakı seçkilər əvvəlki seçkilərdən təkcə siyasi vəziyyətlə deyil, ölkənin siyasi inkişaf mərhələsi ilə də fərqlənəcəkdir. Başqa sözlə desək, prezident seçkiləri gənc Azərbaycan demokratiyası üçün növbəti kamillik imtahanı olacaq və yeni minillikdə Azərbaycanın necə olacağını müəyyənləşdirəcəkdir.

Yeni dövr başlanır. Amma necə bir dövr? Bu suala Prezident Heydər Əliyevin son illər ərzində ölkədə yaratdığı, cəmiyyətin və milli siyasi məkanın maraqlarına və tələblərinə uyğun olmayan paradiqmaları aradan qaldıracaq siyasi və iqtisadi vəziyyət cavab verəcəkdir. Ölkənin siyasi inkişafının indiki mərhələsi göstərir ki, siyasi məkanda yer tutmaq uğrunda mübarizə həmişəkindən daha kəskin olacaqdır. Seçkiqabağı mübarizədə iştirak bir çox müxalifətçilər üçün özlərinin cəmiyyətdəki mövqelərini qoruyub saxlamaq və ya yaxşılaşdırmaq məqsədi deyil, partiyada tam hakimiyyət uğrunda və öz siyasi gələcəyi uğrunda amansız çarpışmada duruş gətirmək məqsədi daşıyacaqdır.

Qüvvələrin sınaq dövrü sona yetmişdir, ölkənin siyasi quruluşunu təkmilləşdirmək, yeni şəraitdə milli ideologiyanı formalaşdırmaq prosesindən, iqtisadiyyatı modernləşdirməyin səmərəli yollarının axtarışından, habelə şəxsiyyətin və dövlətin mənafelərinə cavab verən siyasətin işlənib hazırlanmasından və həyata keçirilməsindən söhbət gedir.

 

Neokonservatizm və azərbaycançılığın nisbəti

"Azərbaycançılıq" termini ölkənin siyasi həyatında yaxın illərdən başlayaraq istifadə olunur. Lap əvvəldən o, ölkədə yaşayan bütün etnik qrupları və xalqları ümumdövlət mənafeləri əsasında real surətdə birləşdirmək ideyası, xüsusilə 1992-1993-cü illərdə geniş yayılmağa başlayan şovinist-millətçilik və separatçılıq əhval-ruhiyyələri ilə mübarizəyə yönəldilmiş ideya kimi irəli sürülmüşdü. Sonralar bu ideya ölkədə geniş dəstəkləndi, yeni elementlər və strukturlarla dolğunlaşaraq ideologiya xüsusiyyətləri kəsb etdi. /Biz 1993-cü ilin sentyabr-oktyabr aylarında "Xalq qəzeti"nin, "Bakinski raboçi"nin bir neçə nömrəsində dərc olunmuş məqalədə "azərbaycançılıq" problemini "milli ideya" ilə birlikdə nəzərdən keçirmişik/.

Ensiklopedik lüğətlərdə ideologiyaya belə tərif verilir: ideologiya baxışların və ideyaların elə bir sistemidir ki, onlarda insanların gerçəkliyə və bir-birinə münasibəti, sosial problemlər və münaqişələr dərk edilir və qiymətləndirilir, habelə mövcud ictimai münasibətlərin möhkəmləndirilməsinə və ya dəyişdirilməsinə /inkişafına/ yönəldilmiş sosial gerçəkliyin məqsədləri, yaxud proqramları əhatə olunur.

Müasir sosiologiyada ideologiyanın tərifi belədir: 1.Sosial və siyasi fəaliyyətin əsasında dayanan və onu dolğunlaşdıran ideyalar sistemi. 2.Daha dar mənada - bir qrupun digərinə tabeliyinə haqq qazandıran və ya bunu qanuniləşdirən ideyalar sistemi. 3. Xürafatı dağıtmağa və sosial islahatda tətbiq edilməyə qadir olan hərtərəfli ensiklopedik bilik.

İdeologiya müəyyən sosial funksiyalar yerinə yetirərək, sosial qrupların və ictimai-siyasi cərəyanların maraglarına uyğun gələn təfəkkür və davranış tərzi tipləri, yaxud hətta sosial fəaliyyət proqramı hazırlayır.

“İdeologiya” anlayışının yuxarıda göstərilən təriflərini əsas götürsək görərik ki, bütün tərkib hissələri ilə birlikdə "azərbaycançılıq" termininə tam mənada ideologiyanın konkret, özünəməxsus forması kimi yanaşmaq olar.

"Azərbaycançılıq" ideyasının bir neçə nisbətən müstəqil cəhəti var: əsasən antropologiya /etnologiya/, etnoqrafiya, sosial psixologiya, linqvistika çərçivəsində nəzərdən keçirilən etnomədəni cəhət; sosiologiya, politologiya, cəmiyyətin sosial quruluşu haqqında digər elmlərin köməyi ilə açılan sosial-siyasi cəhət; beynəlxalq hüquq sahəsində kompleks elmi fənlər vasitəsilə işlənib hazırlanan coğrafi-siyasi cəhət və s. Başlıcası odur ki, nəzərdən keçirilən problemin təkcə bir cəhəti çərçivəsində qapanıb qalmaq olmaz, çünki bu zaman biz "azərbaycançılıq" ideyasını, tarixən sabit və özünəməxsus hadisə kimi, ölkədə yaşayan bütün əhali qruplarının həmrəyliyini, onların qarşılıqlı əlaqəsini, sadəcə, əhatə edə bilmərik.

Məruz qaldığı bütün sınaqlara baxmayaraq, milli-dövlət ideologiyası kimi "azərbaycançılıq" bu gün bizim qarşımızda dəqiq ifadə edilmiş ideya kimi durur. Bu ideyanın tarixlə və onlarca xalqın qədimdən bəri bir ərazidə yaşaması, onların ümumi mentalitetə və tələbat strukturuna söykənən ümumi psixologiya ilə şərtlənən öz bölgüsü var.

Azərbaycançılıq ideologiyası mühüm funksional elementlərlə zəngindir. Bunların mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Bu ideologiya unitar, hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmləndirilməsinə və inkişafına yönəldilmişdir. "Azərbaycançılıq" müstəqil və bənzərsiz Azərbaycanı sivil dövlətlər sırasına çıxaracaq bir yoldur.

“Azərbaycançılıq” xalqımızın çox əzab-əziyyətlə nail olduğu tarixi sərvətdir. O, real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Bu gün “azərbaycançılıq” milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizəsinin tarixi təcrübəsidir.

O, Azərbaycan xalqının dövlətyaradıcı mənafelərinin ümumiliyi və demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədidir. İdeologiya kimi “azərbaycançılıq” müstəqil Azərbaycanın fəlsəfi-sosioloji doktrinasının sosial-mədəni və etnocoğrafi-siyasi cəhətlərini özündə birləşdirmişdir. O, qarşılıqlı dəstək, əməkdaşlıq və bərabərlik prinsipidir.

İdeya-nəzəri və siyasi baxımdan “azərbaycançılıq” və neokonservatizm bir-biri ilə sıx bağlıdır. “Azərbaycançılıq” coğrafi məkan baxımından, sanki, neokonservatizmin bir hissəsi, milli şəraitdə bu ideologiyanın əlavəsidir. Çünki biz başlıca, mühüm prinsiplərin və elementlərin təhlilini əsas kimi götürdükdə, bunların daxilən vəhdətdə olduğunu görürük.

Metodoloji baxımdan bu, ümuminin və xüsusinin nisbətidir. Onlar bir-birinə zidd deyillər. Əksinə, bir-birini tamamlayaraq, vahid tam kimi çıxış edirlər. Ona görə də bu iki ideologiyanın sintezi Azərbaycanı sivil dövlətlər cərgəsinə çıxarmaq üçün möhkəm zəmin yaradır.

Neokonservatizm və “azərbaycançılıq” öz ləyaqətini itirməmiş xalqın sağlam düşüncəsinə söykənir. Bu baxımdan vətənpərvərlik sevginin vəhdətidir və ona görə də şovinizm ilə, milli müstəsnalıq ideologiyası ilə heç bir əlaqəsi yoxdur. Məlumdur ki, neokonservatorlar dövlətçidirlər, ona görə də “azərbaycançılığın” milli ideyalarımızın üstünlüyünə çalışması mövcud gerçəkliyi neokonservativ tərzdə qavramağın əsasını təşkil edir. Bir halda ki, qədim mədəniyyət qaynaqlarından və tarixdən gələn ənənələrə mənsubluq bütün həmvətənlərimizin rifahı naminə dövlətin mövcud olmasının əsasını təşkil edir, deməli, bu dövlət mənafelərin mexaniki məcmusu deyil, əksinə, ümumi mənafelərin təcəssümüdür. O mənafelərin ki, vətəndaşlar bunların naminə nəinki öz mülkiyyətini, həm də həyatlarını qurban verməyi bacarmalıdırlar. “Vətən, onun tarixi, dili və adət-ənənələri olmadan mən bir heç olardım” fikrini dərk edən fərd vətəndaşa çevrilir, cünki başa düşür ki, “vətənə olan təhlükə onun özünə, bütünlükdə onun varlığına olan təhlükədir”. Dövlətin öz tərəqqisini, təhlükəsizliyini, ərazi bütövlüyünü və milli ruhun varisliyini təmin etmək səylərində vətəndaş başlıca amilə çevrilir. Azərbaycan xalqının tarixi potensialını, intellektual fenomenini və mədəni irsini özündə cəmləşdirən, onları gələcəyə ötürən və bu zaman millətin birliyinə, sosiumun ruhunun əzəmətinə və fəaliyyətinin məqsədyönlülüyünə çalışan “azərbaycançılıq” da bu mənada təsəvvür edilir.

Prezident Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının I qurultayında dövlətin siyasətini səciyyələndirərkən onun ən üstün hissəsini vurğulamışdır: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Bu baxımdan, dövlət siyasətinin strategiyası olan “azərbaycançılıq” Azərbaycan cəmiyyətinin bugünü və gələcəyinin müasir ideoloji qavrayışı ilə sıx çulğaşır.

Demək lazımdır ki, neokonservatorlar dövlətin şəxsi həyata müdaxilə etməməsi fikrinə tərəfdardırlar, lakin onu da etiraf edirlər ki, xüsusi olmadan ümumi mövcud deyildir. Xalqın həyatının, onun formalaşmasının ali forması dövlətdir. Məhz buna görə də dövlətçilikdən məhrum olmuş xalqlar çox vaxt ya tarix səhnəsindən silinib getmiş, yaxud da sərgərdan həyat sürmüşlər. Bu gün Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini və sosial rifahını təmin etməyə qadir olan unitar, demokratik və hüquqi dövlətdir.

İnsan dünyaya baxışında dərk etməlidir ki, təkcə milli ənənəyə deyil, həm də sivilizasiyaya mənsub olmaq vacibdir. Ailə, nəsil, kənd, etnos və dil birliyi - bütün bunlar bilavasitə verilmiş ümumiliklərdir. Bəzi başqa ümumiliklər isə millətin fövqündə durur, daha çox mücərrədliyi xatırladır, millətin dünyabaxışı simasını formalaşdırır. Bu, milli ideyadır, milli ideologiyadır, millətlər və dövlətlər onun təsiri altında yaranır, formalaşır və dünya səhnəsində yaşayırlar. Sivilizasiya fonu isə digər millətlər və dövlətlər arasında millətin və dövlətin mahiyyətini formalaşdırır.

Azərbaycan Avropa və Asiyanın qovuşuğunda yerləşən ölkədir, deməli, millətin sivilizasiya siması iki amilin təsiri altında formalaşır: Şərq təməli və Qərb təsiri. Ona görə də sərhədlərlə, coğrafi vəziyyət, əhali və sairə ilə şərtlənən “coğrafi determinizim” qanunu millətin və dövlətin təfəkkürünü və dünya meydanında davranış tərzini formalaşdırır. Bütün bunlar birlikdə millətin vahid simasını, yəni məhz elə bir sosial-mədəni məkanı və siyasi quruluşu yaradır ki, bu, millətin və dövlətin yaşaya bilməsini və sabit gələcəyini təmin edir.

Ona görə də əgər milli inkişaf ideologiyasının əsası kimi “azərbaycançılığın” mahiyyətini təhlil etsək, deyə bilərik ki, bu mənada o, tranzitar cəmiyyətə, keçid dövrünün iqtisadi sisteminə, formalaşmaqda olan vətəndaş cəmiyyətinə malik və Ermənistanla müharibə vəziyyətində olan ölkə kimi Azərbaycan üçün daha münasibdir. Belə vəziyyətdə “azərbaycançılıq” “milli ideyanın” əsas forması kimi təsəvvür edilir və ona inteqrativ ideya kimi yanaşmaq lazımdır. Bu ideyanın əsasında sivil Avrasiya birliyinin bir hissəsi - özünəxas milli özgünlüyə, ənənəyə, milli eyniyyətə və mentalitetə malik Azərbaycan haqqında təsəvvür dayanır.

Vaxt ötdükcə inteqrasiya olunan və formasını dəyişən “milli ideya” dövlət quruculuğu prosesində həmişə mühüm, yaradıcı rol oynamışdır. Romalılarda bu ideya Roma dövlətinin təşəkkülü prosesində işlənib hazırlanmışdı: “Qoy başqaları metalı yumşaq və mərməri canlı etsinlər və mahir əllərindəki tiyələrlə heykəllər yonsunlar: ey romalı, onlar bunu səndən yaxşı bacarırlar! Sən isə bir şeyi – dövlətinlə xalqları idarə etməyi, təkəbbürlüləri bağışlamağı və devirməyi yadında saxla”. Hər bir müəyyən tarixi məqamda “milli ideya” millətin və dövlətin inkişaf istiqamətini müəyyən edən əsas kontura çevrilmişdir.

Ona görə də “azərbaycançılığın” mahiyyəti müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların vəhdətidir. O, ənənəvi mifləri və rəmzləri özündə birləşdirir, lakin bunlardan milli dövlətin simasında yeni fenomenlərin qorunması və əsaslandırılması üçün istifadə edir. “Azərbaycançılığın” gücü ondadır ki, o, xalqın milli-mədəni eyniyyətini həm müdafiə etməyi və həm də qoruyub saxlamağı bacaran dövlətlə insanların fərdi sosial-mədəni meyllərini üzvi şəkildə birləşdirməyə qadirdir. Şübhəsiz ki, öz birliyinə mənsubiyyət hissi həyatın özünə də məna və əhəmiyyət verir, qarşılıqlı məsuliyyət və qarşılıqlı əlaqə hissini möhkəmləndirir və beləliklə, tənhalıq və qəriblik hissini azaldır. Bu ideologiya Azərbaycanda vahid birlik, vahid sosium formalaşdırır. Görünür, bu baxımdan bir sıra Qərb tədqiqatçılarının dəlilləri əsassız deyildir. Onlar hesab edirlər ki, insan “möhkəm köksalma və demək olar ki, tayfa mənsubiyyəti duyğuları doğuran tarixi ənənələrin mövcudluğu şəraitində özünü müdafiə olunmuş kimi hiss edə bilər” (Mosse G. Masses and Man. Nationalist and Fascist Perceptions. N. Y. 1980). Üstəlik, cəmiyyətin mürəkkəbləşməsi, modernləşməsi, kosmopolitləşməsi, simasızlaşması və buna müvafiq surətdə köklərin itirilməsi ilə bu ehtiyac nəinki azalmır, əksinə, müəyyən şəraitdə qat-qat güclənir. Belə vəziyyətdə məhz dövlət - insan cəmiyyətinin bu özünütəşkil forması öz növbəsində, tam olmasa da, bir çox, bəlkə də bütün sosial fenomenlərin formalaşması və institusionallaşmasının amilinə çevrilir.

“Mən – sivilizasiya”nın inikası kimi “azərbaycançılıq” hər kəsin hüquq və azadlıqlarının təmin olunduğu siyasi və dövlət quruluşunun milli mahiyyətinə, inkişaf strategiyasına, formasına etno-siyasi baxış kimi çıxış edir. “Azərbaycançılıq” cəmiyyətin normativ dəyərlərinin vəhdətinə - dövlət hüquq düşüncəsinin, əmək və işgüzar etika tərbiyəsinə, mənəvi həyatın dəyərlərinə qovuşmağa səmtlənir və beləliklə də, mühafizəkarlığa yaxınlaşır. O, milli maraqları ifadə edən güclü dövlət hakimiyyətinin və yüksək milli intizamın, formalaşmış milli özünüdərkin olmasını tələb edir, ən müxtəlif sosial təbəqələrdə həmrəylik axtarır, daimi, lakin mötədil, millətin və dövlətin öz potensialından irəli gələn reformizmi təbliğ edir.

“Azərbaycançılıq” ideyasının dərk olunmasının əsasında Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri zəminində birlik ideyası durur və bu, nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların təkcə bir yox, bir çox nəsillərinə xidmət edəcəkdir və müstəqillik, milli eyniyyət tezliklə həmin nəsillər üçün həyatı, azadlığı dərk etməyin ayrılmaz atributlarına çevriləcəkdir.

Bu gün biz Azərbaycanda milli ideologiyanın formalaşmasının şahidiyik. Millətin potensialının və ölkəni tərəqqiyə, firavanlığa doğru aparmağa qadir siyasi elitanın olması onu göstərir ki, neokonservatizmin milli forması kimi “azərbaycançılıq” milli ideologiyanın əsasıdır və Azərbaycan dövlətinin bütün tarixi boyu da əsası olaraq qalacaqdır.

 

Azərbaycanın milli ideologiyası qloballaşma kontekstində

Elmi-texniki tərəqqinin və fövqəlmilli korporasiyaların fəaliyyəti vasitəsilə dünya iqtisadiyyatı sərhədlərinin genişlənməsi və kapitalın yerdəyişməsinin asanlaşması, ümumbəşəri dəyərlərin bərqərar olması, dünyanın yeni informasiya açıqlığı və informasiya-kommunikasıya texnologiyalarının sürətli inkişafı yeni dünya nizamının başlanmasını şərtləndirmişdir. Sivilizasiyalararası münasibətlərin yeni mərhələsi dünya birliyinin bütün üzvlərinin tərəfdar olduqları öhdəliklərin mövcudluğu ilə eyniləşdirilməyə başlanmışdır. Dünya birliyi subyektlərinin qarşılıqlı iqtisadi asılılığının üstünlüyünü yaradan qloballaşma həm inteqrasiya proseslərini genişləndirmiş, həm də, qəribə də olsa, millətçilik baxışları və əhval-ruhiyyəsi meyllərini gücləndirmişdir. Qloballaşma dövlət amilləri ilə deyil, qarşılıqlı iqtisadi amillərlə müəyyənləşən bir prosesə çevrilmişdir. Bu isə, öz növbəsində, çox vaxt dünya inteqrasiyasının mənfi amillərinin törətdiyi nəticələrin başa düşülməməsinə və dərk olunmamasına, bunların qarşısının alınması üçün müvafiq tədbirlərin görülməməsinə gətirib çıxarır. Təbii ki, qloballaşma prosesində dünya iqtisadiyyatı daha tutumlu olur, çünki özünü vahid tam kimi göstərməyə başlayır. Bu, insanların sosial-iqtisadi tələbatına da güclü təsir edir: qiymətlər, ərzaq məhsulları, səhiyyənin və sosial təminatın, gəlirlərin, bank sisteminin səviyyəsi milli suverenliyin üstünlüyünə təzyiq göstərir. Qloballaşma suveren dövlətlər arasındakı sədləri götürərək, daxili sosial münasibətlərin formasını dəyişir, milli özgünlüyü sərt şəkildə nizamlayır, onu xüsusi dünyabaxışı çərçivəsinə salır. Qloballaşma milli mədəniyyətin və ənənələrin üstünlüyünü dağıdır, milli özgünlükdən uzaqlaşmanı gücləndirir və coğrafi, iqtisadi vəziyyətindən, siyasi quruluşundan, milli mentalitetindən asılı olmayaraq, cəmiyyəti qərbləşdirir, qeyri-səmərəliliyi amansızcasına cəzalandırır və istər millətin, istərsə də dövlətin səmərəli inkişafının mahiyyətinə varmadan, səmərəliliyin beynəlxalq çempionlarını şirnikdirir.

Milli ideologiyanın üstünlüyünün sosiumun mədəni irsindən və sosial-mədəni məkanından ayrılması baş verir. Belə vəziyyətdə formalaşan hər hansı ideologiya özündə həm cəmiyyətin mödernləşməsini, həm də “vahid” ümumbəşəri dəyərlərin və əxlaq prinsiplərinin yayılmasından doğan qərbləşməni təcəssüm etdirir.

Ona görə də indi yeni minilliyin milli ideologiyası Avropanın “yeni sağları” və “yeni solları”nın modernləşdirilmiş doktrinalarını süzgəcdən keçirmədən formalaşdırıla bilməz. Keçid, transformasiya dövründə bu proses ictimai şüurda gizli şəkildə gedir. Mövcud olmuş bütün sivilizasiyaların, dövlətlərin və siyasi rejimlərin tarixi sübut edir ki, aydın şəkildə ifadə edilmiş məqsədli yollar göstərilmədən, eykumendə /coğrafi-siyasi ərazi vahidi/ öz yerini müəyyənləşdirmədən, özünün “Mən-sivilizasiya”sını saxlamağın təminatı sayılan dəyərlər və əxlaq sistemi olmadan sabit, inkişaf edən birliklər olmur. Bunlar dini baxışlarda, dövlət aktlarında, ictimai şüurda, təlim və tərbiyəyə dair məqsədli göstərişlərdə əks olunmuşdur. Məhz bunların sayəsində insan öz dünyasını, öz sivilizasiyasının özünəməxsus əsaslarını tamamilə adekvat qavrayır, fiziki və sosial məkanda şüurlu şəkildə hərəkət edir.

 

Azərbaycan Prezidenti Heydər Əliyevin dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında 2001-ci ildə verdiyi fərmanlar, milli mənəvi dəyərlərin qorunub saxlanması məsələləri barədə Azərbaycan xalqına müraciəti təkcə keçmişə hörmət və ya dünya məkanının qloballaşması dövründə siyasətdə mühafizəkar əhval-ruhiyyə deyildir. Bu, zamana, transformasiya dövrünü yaşayan ölkələrdə milli sosial-mədəni üstünlük mərkəzlərini dəyişməyə qadir olan qloballaşmaya cavabdır. Belə siyasətin əsasında milli mentallığın, milli özünüdərkin və milli “Mən”in mahiyyətini qoruyub saxlamaq səyi durur. Çünki SSRİ-nin dağılmasından sonra Azərbaycanın keçirdiyi sosial-mədəni transformasiya böhranının əsas səbəbi ənənəvi dəyərlərin və normaların tənzimləyici rolunun azalması və ənənəvi dəyərləri əvəzləyən, lakin hələ tamamilə kök salmağa macal tapmayan universal dəyərlərin sürətlə devalvasiyaya uğraması idi. Böhranı aradan qaldırmaq, yeni dəyər /millətin birliyi/ və mənəvi-etik zəminində cəmiyyətin makrososial reinteqrasiya üsullarını tapmaq kimi ciddi problem meydana çıxmışdı. Nəticədə sosial inteqrasiyanın və makrososial tənzimləmənin əldə olunmuş səviyyəsi saxlanılmaqla, universal istiqamətlərin rolunun güclənməsinin reallaşlması başlandı.

Bəşər tarixində belə vəziyyətlər, əslində, dünyanın bütün ölkələrində baş vermişdir. Ancaq milli mənafeləri həmişə yalnız milli universal dəyərlərin üstün roluna əsaslanan yeni, modernist ideologiya müdafiə etmişdir: məsələn, XVI əsrdə İngiltərədə puritanlığın yayılmasına cavab olaraq, XVIII əsrdə Avropada Fransa inqilabının doğurduğu dəyişikliklərə cavab olaraq, XX əsrdə Sovet İttifaqından olan təhlükə ABŞ-da öz milli üstünlüklərini qorumaq üçün mühafizəkarları liberal dəyərlərin və təsisatların müdafiəçilərinə, liberalları isə klassik liberalizmin ifadəçilərinə çevirəndə belə olmuşdur. Dünya azərbaycanlılarının 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş I qurultayını da bu baxımdan şərh etmək olar. Millətin gücünü təkcə onun birliyi və monolitliyi deyil, həm də milli özünüdərki və mentallığı yenidən yaratmaq və qorumaq səyləri müəyyən edir. Azərbaycan Prezidenti Heydər Əliyev bizə məhz bu həqiqəti çatdırır. Ona görə də Azərbaycanın modernistlər nəslindən olan yeni siyasətçilərinin legitimliyinin ideoloji səviyyəsi rasional siyasət, mədəniyyət və təfəkkür xəttinə varislikdən ibarət olacaqdır.

Belə bir sual yerinə düşərdi – dünyada gedən qərbləşmə prosesində Azərbaycanın modernləşməsi necə olmalıdır? Qərbləşməni rədd edərək və milli “Mən”i qoruyub saxlayaraq modernləşə bilərikmi? Cavab həm sadə, həm də mürəkkəbdir. Çünki buna bənzər tarixi yolu Cənub-Şərqi Asiyanın, əslində, bütün ölkələri keçmişdir. X1X əsrdə Yaponiya intellektuallarının modernləşdirmə ideyası “qərb texnologiyası və yapon ruhu” idi. Azərbaycanda isə ən yeni dövrün /1993-cü ildən başlayaraq/ modernləşdirmə ideyası özünün çoxcəhətliliyi sayəsində səmərəli olmuşdur. İlk səviyyədə bu, o qədər də sırf ideologiya deyildi. Qlobal kontekstdə Azərbaycanın inkişafının strateji konsepsiyası rolunu yerinə yetirirdi. Modernləşdirmə ideologiyasının ikinci səviyyəsi /1996-ci ildən başlayaraq/ hakim yer tutdu, çünki o, əhalinin ən fəal hissəsinə aid idi. Bu səviyyədə liberalizm, sosializm və vətənpərvərlik prinsipləri birləşmişdi. Digər ölkələrlə müqayisədə, dünya kontekstində onlara çatmaq və regional kontekstdə onları ötüb keçmək ideyası Azərbaycanda modernləşdirmənin milli ideologiyasının özəyi oldu. Məhz bu konsepsiya 200 il ərzində ölkəmizdə tətbiq edilən “müstəmləkə şüuru” komplekslərinin aradan qaldırılmasını nəzərdə tutur. Modernləşdirmə ideologiyasının üçüncü səviyyəsi kənar amortizator rolu oynamalıdır. Yəni cəmiyyətdə antimodernist potensialı aradan qaldırmalı, ənənəçilik qalıqlarının təzahürünü neytrallaşdırmalı və deməli, ölkənin modenrləşdirmə məcrasında mərhələlərlə inkişafına obyektiv şəkildə mane olan təbəqələrə doğru səmtlənməlidir. Bu zaman başlıca vəzifə milli mədəniyyətin özgünlüyünü saxlamaqla /neokonservatizm/, iqtisadi səmərəliliyi sosial ədalətlə birləşdirərək cəmiyyətin etibarlı sosial müdafiəsini və şəxsiyyət azadlığını təmin etməklə /neoliberalizm/ Azərbaycanda ictimai və texnoloji dəyişiklikləri həyata keçirməkdir.

Müstəqil Azərbaycanın siyasi və iqtisadi strategiyası

Qədim Yunanıstan dövründən başlayaraq və yeni dövrə qədər siyasətin təfsirində universal yanaşmadan istifadə edən baxışlar üstün yer tuturdu. Bu baxışlar insan və sosiumun qarşlıqlı münasibətlərinin bütün formalarını əhatə edir və beləliklə, cəmiyyətin bütövlüyünü təmin edirdi. Yalnız siyasətin və vətəndaş cəmiyyətinin ayrılması cəmiyyət həyatının digər sahələri ilə siyasətin əlaqəsini dəqiq başa düşməyə imkan yaratdı, siyasət insan fəaliyyətinin formalarından birinə çevrildi. Öz maraqlarını dərk edən sosial qruplar, təbəqələr, birliklər və onların formal, qeyri-formal təşkilatları siyasi fəaliyyətin subyektləri kimi çıxış edirdilər. Zaman ötdukcə şəxsiyyətin, insanların sosial birliyinin siyasi hakimiyyətin həyata keçirilməsində, özlərinin siyasi maraqlarının müdafiəsində iştirak formaları təkmilləşir və cəmiyyətin siyasi elitasının mahiyyəti və konsepsiyası formalaşırdı.

Elitanın hər bir cəmiyyət üçün xarakterik olması aksiomdur. Onun əsasında insanların fiziki, psixoloji, intellektual, mədəni, mənəvi və digər fərqləri dayanır. Bununla yanaşı, elita xüsusi siyasi və təşkilati keyfiyyətləri ilə səciyyələnir. Elita cəmiyyətin idarəetmə və siyasi, demokratik proseslərə təsir göstərmək bacarığı yüksək olan təbəqəsidir. Özü də elitanın formalaşması demokratiya prinsiplərinə zidd deyildir, çünki insanların sosial bərabərliyi bərabər imkanlar kimi başa düşülməlidir.

“Elita” anlayışına tarixi-məntiqi baxımdan yanaşılmalıdır. Biz Azərbaycan tarixində XIX əsrin sonu və XX əsrin əvvəlindəki milli elitanın rolunu inkar edə bilmərik. Azərbaycan uğrunda mübarizədə səngərin hansı tərəfində durmalarından asılı olmayaraq, vətən qarşısında onların xidmətləri şəksizdir və vətəndaşlarımızın indiki nəsli onları lazımınca qiymətləndirməlidir. Bunu Azərbaycanın sovet dövründəki elitası haqqında da demək olar. Elita xalqın milli sərvətidir.

Hər bir cəmiyyətdə elita müxtəlif olur. O, fərqlidir və elmi, siyasi, iqtisadi, ədəbi-bədii, hakim, inzibati, müxalif /yəni əks-elita/ və s. elitaya bölünür. Elitanın konkret tipləri əvəzinə, mətbuatda çox vaxt “milli elita” anlayışı işlədilir ki, bunlar da başqa-başqa şeylərdir. Elitanın bu və ya digər tipinin ictimai proseslərə təsiri ilə ümummilli əhəmiyyət kəsb edən səviyyəyə qalxması isə başqa məsələdir. Deməli, milli elita cəmiyyətin ictimai şüura güclü təsir göstərərək, ictimai-siyasi prosesləri dəyişməyə qadir olan qüdrətli mənəvi qüvvəsidir.

Siyasi elitanın olması müasir Azərbaycan cəmiyyəti üçün labüd siyasi atributdur, çünki siyasətin funksiyası avtomatik şəkildə həyata keçirilə bilməz. Azərbaycanda bugünkü gündə siyasi elitanın necəliyini araşdırmaq xüsusilə aktual problemdir. Çünki siyasət maraqlarının toqquşması üfqi baxımdan ilk növbədə həmişə şəxsiyyət çaları alır və konkret siyasi liderlərin qarşıdurmasında öz əksini tapır. Tərifi ehtiyatla seçərək, ilk növbədə dəqiq müəyyən etmək lazımdır ki, yuxarıda göstərildiyi kimi, siyasi elita məmurlar qrupu və ya bürokratik aparat deyildir. O, cəmiyyətin elə bir xüsusi qrupu, yaxud insanların nisbətən azsaylı birliyidir ki, digər insanların və ümumən cəmiyyətin taleyi onların qəbul etdikləri qərarlardan asılı olur. Cəmiyyətdə siyasi elita problemi siyasi azadlıqların və şəraitin mövcudluğundan asılı olmayaraq yaranır. Təbii ki, hər bir cəmiyyətdə elitanın səciyyəvi xüsusiyyətləri var və bunlar cəmiyyətin vəziyyətinə və inkişaf dinamikasına müstəsna təsir göstərir.

Müasir Azərbaycan cəmiyyətində ağlı, biliyi, geniş qabaqcıl təfəkkürü və həyat təcrübəsini hərəkətlərinə və qəbul etdiyi qərarlara görə məsuliyyətlə özündə birləşdirməyə qadir siyasətçinin olması sivilizasiyalı dövlət quruculuğunun ən vacib amilidir. Heydər Əliyevin siyasətçinin bu keyfiyyətlərini özündə birləşdirmək bacarığı Azərbaycanda ənənəvi “dövlət-cəmiyyət” dualizminin dəqiq və güclü sxemini- cəmiyyətin fərdlərin müstəqilliyinə əsaslanan qeyri-dövlət hissəsinin ictimai maraqların və dövlət başlanğıclarının ifadəçisi olduğu sxemi formalaşdırmaq üçün əlverişli şərait yaratmışdır. Vətəndaş cəmiyyəti qurmaq yolu ilə cəmiyyətin və dövlətin siyasi quruluşunun təkmilləşdirilməsinə bu cür səy göstərilməsi həm “yeni” əxlaqın və demokratik dəyərlərin tələblərinə, həm də müasir cəmiyyətin ehtiyaclarına əsaslanır.

“Kopernik çevrilişinə” qədər geniş yayılmış prinsiplər üzrə, yəni qanun və hüququn dövlət tərəfindən müəyyən olunduğu, yaxud bunlara icazə verildiyi dövrdə formalaşmış totalıtar təfəkkürün, ləng də olsa, liberal və demokratik inkişaf forması ilə əvəzlənməsi baş verir. Başqa cür düşündüyünə və ya “vahid” ideyalardan üz döndərdiyinə görə keçmişdə təqiblərə məruz qalan fərd indi sözün ən geniş mənasında azadlıq və öz təhlükəsizliyinə təminat almışdır. Çox da uzaq olmayan 1991-1993-cü illərdə ictimai şüurda üstün yer tutan anarxist meyllərin yerini qanunçuluq və hüquq qaydası tutmuşdur. Dövlətin yeni konsepsiyası insanın “təbii hüquqları” barədə Lokkun üç başlıca prinsipinin – azadlıq, yaşamaq və mülkiyyət hüququ prinsiplərinin dərk edilməsi əsasında qurulmuşdur. 1993-cü ilin iyunundan sonra bu prinsiplər Azərbaycanın siyasi strategiyasının başlıca tərkib hissələri olmuş və Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyasında özünün dəqiq əksini tapmışdır.

Azərbaycan xalqına öz iradəsini sərbəst şəkildə ifadə edərək, hakimiyyət səlahiyyətlərini həyata keçirən ali dövlət orqanları yaratmaq imkanı verən təsisatlar siyasi sistemin əsasını təşkil edir. Bu sistem bütün dövlət təsisatlarını, habelə onların dinamikada qarşılıqlı münasibətlərini, ölkənin ictimai-siyasi həyatında iştirak edən ictimai təşkilatları və siyasi partiyaları əhatə edir.

1993-cü ilin iyunundan sonrakı bütün dövr ərzində Azərbaycanın dövlət siyasəti iki fundamental yanaşma – realizm və praqmatizm üzərində qurulmuşdur. Hər iki yanaşma müstəqil və güclü dövlətçiliyin təmin edilməsinə, geniş sosial zəminə söykənən, fəal və aydın sosial siyasət yeridən unitar, demokratik dövlət qurulmasına yönəldilmişdir. Həmin sosial siyasətin məqsədi əhalinin yaşayış səviyyəsini yüksəltmək və sabit şəkildə təmin etmək, vətəndaşların hüquq və azadlıqlarını qorumaq və həyata keçirmək, müasir səhiyyə, təhsil, sosial təminat sistemi yaratmaq, yoxsul və aztəminatlı təbəqələrə kömək etmək, sosial münaqişələrin qarşısını almaq və bunları həll etməkdir. Son illərin nailiyyətləri - söz azadlığının, vətəndaşın hüquq və azadlıqlarının, siyasi plüralizmin təmin edilməsi, 1300-dən çox qeyri-hökumət təşkilatının, o cümlədən 30-dan artıq qadın, 80-dən çox gənclər təşkilatının, idman birliklərinin, elmi tədqiqat mərkəzlərinin, müxtəlif həmkarlar ittifaqlarının, 38 siyasi partiyanın və birliyin azad fəaliyyət göstərməsi, 600-dək kütləvi informasiya vasitəsinin, o cümlədən qəzet və jurnalların, şəbəkə informasiya vasitələrinin fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin formalaşması, milli iqtisadiyyatın sərbəstləşməsinin güclənməsi və iqtisadiyyatın tənəzzülünün qarşısının alınması, cəmiyyətin demokratikləşməsinin təmin olunması iqtidarın hüquqi və demokratik dövlət quruculuğuna yönəldilmiş real və praqmatik siyasətinin birbaşa nəticəsidir.

Lakin bu siyasi və iqtisadi nailiyyətlərdən əvvəl cəmiyyətdə uzun müddət davam edən iqtisadi, sosial, humanitar tənəzzül, fərdin təcrid edilməsi prosesi olmuşdur. Belə şəraitdə Azərbaycanın yeni elitası – öz xalqının və dövlətinin taleyinə və gələcəyinə laqeyd olmayan elitası formalaşmış və legitimləşmişdir.

Müstəqil Azərbaycanın siyasi elitası 1990-cı ilin yanvarından sonra, Sov.İKP MK Siyasi Bürosunun sabiq üzvü və Azərbaycan xalqının siyasi lideri, o vaxt təqiblərə məruz qalan Heydər Əliyev Azərbaycanın Moşkvadakı daimi nümayəndəliyinə gələndə formalaşmağa başlamışdır. Yanvar ayı SSRİ-dəki siyasi hakimiyyətin mahiyyəti və xarakterinin daha dərindən dərk edilməsi və Azərbaycan xalqının taleyi üçün ağrı və kədər hissi keçirən siyasətçilərin yeni nəslinin meydana gəlməsi ayı oldu. Elə bu mürəkkəb keçid dövrü də demokratik dəyərlər, sərbəst iqtisadiyyat, azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizə aparmağa qadir olan müasir milli siyasi elitanın mənəvi və siyasi amalının formalaşmasının başlanğıcı oldu. Həmin vaxt İlham Əliyev Heydər Əliyevin yanında idi və Dağlıq Qarabağla, habelə erməni separatçılarının ərazi iddiaları ilə bağlı hadisələr zamanı Azərbaycan xalqını satmış SSRİ rəhbərləri ilə onun apardığı mübarizənin bilavasitə şahidi idi. O, özünün siyasi yolunu məhz həmin taleyüklü məqamda seçmişdir.

1990-ci ilin yanvar hadisələrindən, Heydər Əliyevin Bakıya qayıtmasından və buradan Naxçıvana getməsindən, vətənpərvər qüvvələrin və xalq kütlələrinin Heydər Əliyevin ətrafında birləşməsindən sonra Yeni Azərbaycan Patiyası siyasi kadrlar mənbəyi oldu. Heydər Əliyevin çox böyük xidməti olan bu təşkilatın – Yeni Azərbaycan Partiyasının hazırda kifayət qədər mürəkkəb daxili strukturu var. Azərbaycanın varlığı uğrunda mübarizənin getdiyi ekstremal şəraitdə yaradılmış bu partiya bir sıra köhnəlmiş təşkilat formalarından imtina edə və 1999-cu ilin noyabrında keçirilmiş birinci qurultayından sonra kifayət qədər səmərəli və çevik strukturu, təcrübə və novatorluğun rasional şəkildə uzlaşdırılmasını, ənənələrin varisliyini və yaşlı nəsillə gənc kardların bir-birini zənginləşdirən əməkdaşlığını təmin edə bildi. Heydər Əliyev milli siyasi elitanın indiki və gələcəkdəki əsas məqsədini 2001-ci ilin noyabrında Yeni Azərbaycan Patiyasının 11 qurultayında ifadə etmişdir: “Bizim əsas vəzifəmiz Azərbaycanın dövlət quruculuğudur. Azərbaycanda keçirilən islahatlardır – siyasi, iqtisadi, sosial və başqa islahatlardır. Yəni Azərbaycanı tutduğu yol ilə, demokratiya yolu ilə, bazar iqtisadiyyatı yolu ilə ardıcıl surətdə inkişaf etdirməkdən ibarətdir”.

Heydər Əliyev siyasi elitanın bundan sonra da həyata keçirməli olduğu məqsədi və strateji vəzifələri müəyyənləşdirərək, eyni zamanda iqtisadiyyat, sosial-mədəni həyat və xarici siyasət sahələrində əldə edilmiş nailiyyətlərin geniş panoramını açıb göstərmişdir.

Əmək ehtiyatlarından və təbii ehtiyatlardan tam və səmərəli istifadə edilməsi, iqtisadiyyatın struktur baxımından yenidən qurulması və sosial-iqtisadi proseslərin idarə olunmasının təkmilləşdirilməsi, dünya iqtisadiyyatına ahəngdar inteqrasiya əsasında xalqın həyat səviyyəsinin maksimum təmin edilməsi Azərbaycanın iqtisadi inkişafının başlıca istiqaməti olmuşdur. Bu konseptual vəzifələrin həllinin əsas vasitəsi iqtisadiyyatın daha da sərbəstləşdirilməsi və özəlləşdirilməsi, iqtisadi tarazlığın bazar mexanizmlərinin inkişaf etdirilməsi, kiçik və orta biznesin üstün artımı, sahibkarlığın bütün formaları üçün əlverişli mühit yaradılmasıdır.

Azərbaycanda uğurlu iqtisadi siyasət iqtisadi inkişafın üç başlıca prinsipi əsasında formalaşmışdır: 1/ bazar rəqabəti; 2/ iqtisadiyyatın idarə olunmasının bütün sahələrinin /valyuta bazarı, ticarət əlaqələri-münasibətləri, bank-maliyyə bazarı və s./ sərbəstləşdirilməsi; 3/ mülkiyyətin bütün formalarının plüralizmi. İqtisadi siyasətin uğurla aparılmasında sənayenin müxtəlif sahələrinə sərmayə qoyuluşunun təmin edilməsi, ölkə əhalisinin alıcılıq qabiliyyətinin yüksəldilməsi və xarici borcların yenidən strukturlaşdırılması mühüm rol oynayır. İqtisadiyyatın bütün bu yeni xüsusiyyətləri güclü dövlət qurmağın səmərəli vasitələrinə çevrilmişdir.

İqtisadi strategiyanın əsasında milli iqtisadiyyatın gələcək xarakteri, qlobal təsərrüfatda onun yeri barədə ictimai üstünlüklərə cavab verən təsəvvürlər dayanırdı. Bu üstünlüklər bazar mexanizminin sərbəst fəaliyyətini təmin edə bilən nəticələrlə uyğun gəlirdi. Azərbaycanın milli iqtisadiyyatı insan kapitalının və elmi-texniki tərəqqinin gərəkliyinin üstün yer tutduğu sahələr üçün təmələ, başlanğıc nöqtəsinə çevrilir. İstehsal və insan ehtiyatlarının yenidən qruplaşdırılması bazar iqtisadiyyatı şəraitində böyük səmərə verir və belə strategiya gələcəkdə sənayenin müxtəlif sahələrinin dinamik inkişaf etdirilməsini nəzərdə tutur. Son illərin nailiyyətləri – neft-qaz sənayesinin sabitləşməsi və inkişaf sürətinin artması, sənayenin və aqrar bölmənin inkişafında Neft Fondunun rolunun güclənməsi ölkənin iqtisadi strategiyası barədə yuxarıda göstərilən dəlillərin aşkar sübutudur. Faktlar göstərir ki, 1997-ci ildə neft hasilatının azalma sürəti 0,3 faiz idisə, artıq 1998-ci ildə hasilat tam sabitləşdi, sonrakı illərdə isə aşkar yüksəliş müşahidə olunur. Bunun nəticəsində ölkənin büdcəsi həl il artır, kəsir ehtimalı azalır.

Azərbaycanın iqtisadi uğurlarının qısa təhlili əyani surətlə göstərir ki, əgər 1991-1995-ci illərdə ümumi daxili məhsul 58 faiz, sənaye məhsulu 67 faiz, kənd təsərrüfatı məhsulu 48 faiz aşağı düşmüşdüsə, 1996-2001-ci illərdə ümumi daxili məhsulun artımı 55 faiz olmuşdur. Son beş il ərzində sənaye məhsulu təxminən 20 faiz, kənd təsərrüfatı məhsulu 40 faiz, mal dövriyyəsi iki dəfə artmışdır. Ölkə SSRİ-nin dağılması və Azərbaycanda 1991-1993-cü illərdəki anarxist meyllərlə şərtlənən tənəzzüldən tədricən çıxır.

1991-1995-ci illərdə sərmayə qoyuluşunun həcmi 43 faiz aşağı düşmüşdüsə, 1996-2001-ci illərdə 4 dəfə artmışdır. 1991-1995-ci illərdə inflyasıyanın səviyyəsi hər il 14-18 dəfə, yəni 1800 faiz artırdısa, 1996-2001-ci illərdə, beş il ərzində inflyasıyanın artım səviyyəsi cəmi 16 faiz olmuşdur. İndi Azərbaycan MDB məkanında yeganə ölkədir ki, artıq 5-6 ildir inflyasiyanın qarşısı alınmışdır.

Dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri sərmayə qoyuluşudur. 1995-2001-ci illərdə iqtisadiyyata 37 trilyon manatdan artıq sərmayə qoyulmuşdur ki, bu da 9 milyard dollardan çoxdur. Özü də bunun 27 trilyon manatı və ya 6 milyard dollardan çoxu, yəni 70 faizi xarici sərmayələrdir. Qalanı isə daxili sərmayələrdir və bu, milli iqtisadiyyatın inkişafı üçün müsbət amildir.

Son illərdə ölkə əhalisinin alıcılıq qabiliyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilir. 1996-2001-ci illərdə işləyən vətəndaşların orta aylıq əmək haqqı 4,3 dəfə, pensiyaların orta aylıq məbləği 4 dəfə artmışdır. Hazırda bir işçinin orta aylıq nominal əmək haqqı 260 min manatdır ki, bu da təxminən 55 ABŞ dollarına bərabərdir. Yaxın keçmişdə, 5-6 il bundan öncə isə bu rəqəm heç 10 dollara da çatmırdı. Bundan əlavə, 2001-ci ilin on ayı ərzində əhalinin pul gəlirləri 10,7 faiz artmışdır. 1990-cı illərin birinci yarısında əhalinin pul gəlirləri inflyasiya nəzərə alınmadan 3 dəfə azalmışdısa, 1996-cı ildən etibarən bu, 3 dəfə çoxalmışdır. Məcburi köçkünlərə verilən yemək pulu təkcə 2000-ci il ərzində 3 dəfə artmışdır.

Azərbaycan dünyanın 120 ölkəsi ilə ticarət edir. 1995-2000-ci illər ərzində ölkənin xarici ticarət dövriyyəsi 2,2 dəfə artmışdır. Hazırda bu göstərici 2,9 milyard ABŞ dolları təşkil edir. O cümlədən ixrac 2,8 dəfə, idxal isə 1,7 dəfə artmışdır. 1995-ci ildə Azərbaycaının xarici ticarət dövriyyəsi 1215 milyon ABŞ dolları idisə, artıq 1998-ci ildə bu rəqəm 1683,4 milyon dollara catmışdı. Bu sahədə hər il əldə olunan tərəqqi Azərbaycanın iqtisadi və sosial inkişaf strategiyasının səmərəli sistemini yaratmağa imkan verir.

Ölkənin iqtisadi inkişafının ən mürəkkəb və vacib problemi büdcədir. Büdcənin ilbəil artması, səhiyyə, təhsil, əhalinin aztəminatlı təbəqələrinə yardım sahələrinə ayrılan büdcə vəsaitinin mərhələlərlə artırılması milli iqtisadi inkişafın üstün siyasətidir. Eyni zamanda, büdcə kəsirinin hər il azalması aşkar iqtisadi tərəqqinin olduğunu, dövlət və şəxsiyyət arasında qarşılıqlı iqtisadi münasibətlərin yeni mərhələsinə keçildiyini göstərir. 1993-1994-cü illərdə dövlət büdcəsinin kəsiri 7-10 faiz idisə, indi bu göstərici 1-1,2 faizdir. 1994-2000-ci illərdə dövlət büdcəsinin gəlirləri 13 dəfə artmışdır. Dövlət büdcəsinin ümumi məbləği 277 milyard manatdan 3,6 trilyon manata çatmışdır. Hazırda Azərbaycanın dövlət büdcəsi 900 milyon ABŞ dollarıdır.

Orta sinfin formalaşmasının vacib amili kimi, son illər milli iqtisadiyyatın sahələri arasında kiçik və orta biznesin inkişafına xüsusi diqqət yetirilir. Orta sinfin olması isə hazırda hakimiyyətin və qeyri-hökumət sektorunun qarşılıqlı fəaliyyəti sayəsində yaradılmaqda olan vətəndaş cəmiyyətinin tərkib hissəsidir. Təbii ki, bu sahədə yaşadığımız dövrün tranzitarlığı ilə şərtlənən və orta sinfin yüksələn xətlə formlaşmasını mürəkkəbləşdirən bir sıra amillər mövcuddur. Lakin iqtisadi yüksəlişin təhlili və iqtisadi mühitin təkmilləşdirilməsi, bürokratik əngəllərin azalması və bürokratiyanı aradan qaldırmaq sahəsində görülən tədbirlər göstərir ki, kiçik və orta biznes üçün, orta sinfin formalaşmasına doğru yüksələn xəttlə irəliləyiş üçün əlverişli iqtisadi mühit inkişaf edir.

İndi Azərbaycanda 60 mindən çox kiçik və orta biznes subyekti fəaliyyət göstərir. Orta hesabla əhalinin hər 10 min nəfərinə qeydiyyatdan keçmiş 70 kiçik və orta biznes subyekti düşür. Bunun da nəticəsində kiçik və orta biznes milli iqtisadiyyatın formalaşmasında üstün rol oynamağa başlayır. Məsələn, hazırda ticarətin 39 faizi, kənd təsərrüfatı və balıqçılığın 19 faizi, daşınmaz əmlakla bağlı əməliyyatların 11 faizi, sənayenin 9 faizi, tikintinin 7 faizi və s. kiçik və orta biznesin payına düşür. Son statistika məlumatına görə, kiçik və orta biznes sahəsinə cəlb olunmuş fiziki şəxslərin sayı 101 min nəfərdir.

Bundan əlavə, kiçik və orta biznesin inkişafı üçün son illərdə Sahibkarlığa Milli Yardım Fondu, Kiçik və Otra Sahibkarlığın İnkişafı Agentliyi və yaradılmaqda olan kiçik və orta biznes subyektlərinin fəaliyyətini təmin edə bilən bir sıra başqa strukturlar təşkil edilmişdir. Bu baxımdan vurğulamaq lazımdir ki, özəl bölmənin inkişafı sahibkarlığın inkişaf etdirilməsinə dair dövlət proqramları arasında xüsusi yer tutur. Məsələn, ÜDM-in tərkibində özəl bölmənin payı 68 faiz, o cümlədən sənayedə 44 faiz, kənd təsərrüfatında 99 faiz, ticarətdə 98 faiz, tikintidə 64 faizdir və s.

Lakin görülmüş işin əhəmiyyətini tam şəkildə dərk etmək üçün ötən illərdə- bu gün müxalifət “liderlərinə” çevrilmiş şəxslərin öz hikkələrini yeritmək cəhdlərinin dövlətin müstəqilliyinin taleyini, xalqın iqtisadi firavanlığını və rifahını təhlükə qarşısında qoyduğu illərdə baş vermiş prosesləri və hadisələri təkrar-təkrar yada salmaq lazımdır. İlham Əliyev 1999-cu ildə, “Əsrin müqaviləsi”nin imzalanmasının 5-ci ildönümündəki çıxışında milli iqtisadiyyatın, onun müxtəlif tərkib hissələrinin formalaşmasında, həm yanacaq-istehsal kompleksinin, həm də digər istehsal sahələrinin, o cümlədən aqrar bölmənin rolunun güclənməsində mühüm rol oynamış bu sənədin rəsmi şəkildə imzalanmasından əvvəl baş vermiş bir sıra hadisələri şərh etmişdir. Məlum olduğu kimi, Heydər Əliyev müqavilənin imzalanmaq üçün hazırlanan variantından imtina etməyə məcbur olmuşdu, çünki aydın olmuşdu ki, onun şərtləri Azərbaycanın milli maraqlarına ziddir. İlham Əliyev hadisələrin gedişini belə təsvir edir:

“Özünü “böyük neft mütəxəssisi” kimi qələmə verən Rəsul Quliyev yaranmış vəziyyətdən sui-istifadə edərək, təşəbbüsü öz əlinə aldı. Azərbaycan hökuməti adından Rəsul Quliyev xarici şirkətlərlə danışıqlar aparmaq səlahiyyətini Slovakiya vətəndaşı Marat Manafova həvalə etdi və bunun üçün 1993-cü il iyul ayının 26-da xüsusi mandat imzaladı. Rəsul Quliyev öz şəxsi maraqları naminə ölkənin bütün iqtisadi inkişafının taleyini neft sahəsi ilə heç bir əlaqəsi olmayan, neft müqavilələri haqqında elementar təsəvvürü olmayan digər dövlətin vətəndaşına həvalə etdi...

Təsəvvür edin, əgər Manafovun hazırladığı və Rəsul Quliyevlə razılaşdırılmış müqavilənin variantı qəbul edilsəydi, Azərbaycan xalqını nələr gözləyirdi...

Həmin variantda kəşfiyyat dövrü üçün 6 il müəyyən olunmuşdu və bu dövrdə xarici sərmayələrin həcmi cəmi 21 milyon dollar təşkil etməli idi. Müqayisə üçün deyim ki, artıq indi, yəni “Əsrin müqaviləsi”nin imzalanmasından 5 il keçəndən sonra sərmayələrin həcmi 2 milyard dollar təşkil edir. Müqavilənin əvvəlki variantına əsasən, “Çıraq” yatağından neft yalnız 2007-ci ildə, yəni müqavilə imzalandıqdan 13 il sonra hasil olunmalı idi. Biz isə neft hasilatının başlanmasına 1997-ci ildə, daha doğrusu, müqavilə imzalandıqdan 3 il sonra nail ola bildik və bu da “Əsrin müqaviləsi”nin mütləq bir şərti idi. Həmin gündən indiyə qədər “Çıraq” yatağından 5,5 milyon ton neft hasil edilmişdir.

Daha sonra. Müqavilənin əvvəlki variantına əsasən, səmt qazı Azərbaycana bazar qiymətinə satılmalı idi. Biz isə bütün səmt qazının Azərbaycana pulsuz verilməsinə nail olduq. Bu günədək konsorsium tərəfindən 1,2 milyard kubmetr səmt qazı çıxarılmış və Azərbaycana pulsuz verilmişdir.

Belə bir sual ortaya çıxır: məgər Rəsul Quliyev Azərbaycanı hansı uçuruma itələdiyini anlamırdımı? Xeyir, o, bunu çox gözəl başa düşürdü. Lakin onun üçün bunun heç bir əhəmiyyəti yox idi. Onun üçün özünün şəxsi maraqları xalqın maraqlarından üstün idi və bu maraqlar naminə o, ölkənin bütün neft sərvətlərini girov qoymağa hazır idi. Quliyevin göstərişi ilə Manafov xarici neft şirkətlərindən 300 milyon dollar rüşvət ala bilmək üçün onlara belə sərfəli şərtlər təklif etmişdi. Həmin 300 milyon dollar isə, əslində, bonuslar şəklində Azərbaycan Respublikasının xəzinəsinə daxil olmalı idi.

Qeyd etməliyəm ki, xarici neft şirkətləri yüksək ləyaqət göstərərək, bu sövdələşməyə getmədilər və öz dövlətlərinin ölkəmizdəki səfirləri vasitəsilə Azərbaycan Prezidentinə bu barədə məlumat çatdırdılar. Prezident məlumat alan kimi, Manafov tərəfindən aparılan danışıqların davam etdirilməsini qadağan etdi və müqavilə üzrə danışıqların aparılmasını bilavasitə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə tapşırdı...

Bu beş il ərzində “Əsrin müqaviləsi”nin həyata keçirilməsi nəticəsində əldə olunmuş nailiyyətlər göz qabağındadır. Gələcək haqqında isə təkcə onu qeyd etmək lazımdır ki, 30 il ərzində Azərbaycan “Əsrin müqaviləsi”ndən bütün gəlirin 80 faizini, xarici neft şirkətlərinin hamısı birlikdə isə cəmi 20 faizini götürəcəkdir...

Biz dərk edirdik ki, Azərbaycanın real müstəqilliyi yalnız iqtisadi inkişaf, xarici sərmayələrin cəlb edilməsi, ölkənin iqtisadi böhrandan çıxması şəraitində təmin oluna bilər... Biz artıq 19 neft müqaviləsi imzalamışıq və strateji yolumuzun bu istiqamətdə davam etdirilməsində bizə heç kim mane ola bilməz”.

1994-cü ilin sentyabrında Prezident Heydər Əliyev tərəfindən “Əsrin müqaviləsi”nin imzalanması ilə həyata keçirilməyə başlayan uğurlu neft strategiyası Azərbaycana beynəlxalq neft şirkətləri ilə bağlanmış 21 müqaviləni, 6 milyard dollar miqdarında sərmayələri, ölkənin 1994-cü ildə 10 milyon dollar olan valyuta ehtiyatının 2001-ci ildə 1 milyard dollara çatdırılmasını, 360 milyon dollar vəsaiti olan Neft Fondunun yaradılmasını təmin etdi. Milli neft strategiyası Azərbaycanın bir çox iqtisadi və maliyyə strukturlarına daxil olmasına, o cümlədən Dünya Ticarət Təşkilatına üzv qəbul edilməsinin mümkünlüyünə, kənd təsərrüfatı da daxil olmaqla, milli iqtisadiyyatın təkmilləşdirilməsinə dair kompleks strateji tədbirlərin həyata keçirilməsinə, orta sinfin formalaşmasının başlıca vəsiləsi kimi kiçik və orta biznesin rolunun güclənməsinə, tənəzzülün azalmasına, inflyasiyanın aşağı düşməsinə və dövlətlərarası iqtisadi münasibətlərdə bərabər tərəfdaş kimi ölkəmizin imicinin yüksəlməsinə təminat yaratdı.

İstər regional miqyasda, istərsə də ümumdünya kontekstində Azərbaycanın siyasi və iqtisadi vəziyyətinin təhlili və şərhi formalaşmış sabit siyasi xəttin və mərhələli iqtisadi yüksəlişin olduğunu göstərir. Lakin təəssüf ki, Azərbaycanda heç də bütün siyasi qüvvələr görülmüş işi, bunun nəticəsində möhkəm siyasi sabitliyin bərqərar olmasını, büdcənin artmasını, milli iqtisadiyyatın sərbəstləşməsini, əhalinin sosial müdafiəsinin sabit şəkildə güclənməsinin təmin olunmasını, yeni sosiumun formalaşmasını obyektiv şəkildə qiymətləndirmirlər. Dövlətin istər siyasət, istərsə də iqtisadiyyat sahəsindəki işinin mahiyyəti ayrı-ayrı qrupların maraqlarının təmin olunmasına yönəldilmiş ötəri proqramların qəbul edilməsi və həyata keçirilməsindən ibarət ola bilməz. Mərhələli və çoxcəhətli yanaşma olmalıdır. Həyata keçirilən siyasətin təkcə indi deyil, gələcəkdə də uğuru məhz bundadır.

Müxalifət

Artıq Azərbaycan prinsipcə dünyada yeni vəziyyətdədir. Ölkəmizin daxili və xarici konteksti, əslində, tarazlaşdırılmışdır. Buna görə də elə görünürdü ki, bu cür vəziyyət dünyayönümlü siyasi qüvvələr sisteminin – Avropa, Qərb anlamında normal partiya sisteminədək inkişaf edə biləcək sistemin formalaşmasına gətirib çıxarmalı idi. Amma təəssüf ki, belə olmadı. Lap əvvəldən bizdə bolşevizm ünsürləri olan daxiliyönümlü partiyalar strukturu yarandı. Odur ki, Azərbaycanda iqtidarla müxalifətin qarşılıqlı əlaqəsi məsələsi öz aktuallığını saxlayır.

Azərbaycanda açıq müxalifət 1987-ci ildə formalaşmağa başlamışdır. O, özünü əvvəlcə müxtəlif dərnəklərdə göstərdi, sonra isə Dağlıq Qarabağ ətrafındakı hadisələrlə əlaqədar meydanlara çıxaraq, xalq hərəkatına qatıldı. Başlanğıc mərhələdə müxalifətin hərəkətləri antisistem xarakteri daşımırdı. Müxalifətin çağırışları və hərəkətləri artıq sonralar, 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıya yeridilməsindən sonra antikommunist, antisovet xarakteri almağa başladı.

Müstəqilliyin əldə edilməsi və Azərbaycanda dünyəvi, demokratik dövlət quruculuğu başlanması cəmiyyətlə dövlət arasında qarşılıqlı münasibətlərin təkmilləşməsinə kömək edən iqtidar-müxalifət horizontalının yaranmasına gətirib çıxardı. Ona görə də əgər ölkənin ötən dövrdəki uğurlarını qeyd etmək lazım gələrsə, bunu vurğulamaq ədalətli olar ki, cəmiyyətimiz gənc müstəqil dövlətin inkişafının heç bir istiqamətində siyasi sahədəki qədər nəzərəçarpacaq nəticələr qazanmamışdır.

Lakin bütün bunlarla yanaşı, qəribə də olsa, demokratik dəyərlərin geniş inkişafı, siyasi plüralizm cəmiyyətin sıx birləşməsi, Qərb tipli siyasi partiyaların formalaşması amillərinə, vətəndaş konsensusunun təminatına çevrilmədi. Siyasi mədəniyyətin, realizmin, respublika üçün taleyüklü problemlərin həllində konstruktiv mövqelərin, hakimiyyət orqanları ilə yaradıcı dialoqa getmək bacarığının olmaması “milli müxalifət”in həlledilməz probleminə çevrildi. Hakimiyyət uğrunda mübarizə və partiya liderlərinin şəxsi iddiaları, regional eqoizm və tayfa eqoizmi sivil siyasi rəqabətin məzmun və xarakterini kölgədə qoydu. Şəxsi hakimiyyət və təsir uğrunda qızğın mübarizədə ümummilli mənafelər, verilmiş şəxsi bəyanatlar və təəccüblü də olsa, hətta tarixin dərsləri unuduldu. “Milli müxalifət” fraksiyalararası mübarizəyə çox uymuşdur, onun baxışlarının, liderlərinin ideyalarının təkamülü real, dinamik şəkildə dəyişən həyatdan, iqtidarın daxili və xarici siyasətdə nail olduğu müsbət dəyişikliklərdən kəskin şəkildə geri qalır. Konstruktivliyin olmaması, radikalizm, cəmiyyətdə süni surətdə gərginlik yaratmaq cəhdləri AXCP, Müsavat, AMİP və ADP rəhbərliyindəki böhranın, onların liderlərinin imicinin kəskin şəkildə aşağı düşməsinin, partiya üzvlərinin siyasi fəallığının süstlüyünün bəlkə də əsas amilləridir. Bir sözlə, siyasi müxalifətin vəziyyəti “hərc-mərclik və tərəddüdlük” kimi səciyyələnir. Bütün bu vəziyyət təşkilati yenidənqurmanın və ideoloji platformanın təzələnməsinin, həyatın reallıqları ilə hesablaşacaq yeni lider axtarışının zəruriliyini şərtləndirir.

Çəmiyyət daim tərəqqi edən, durğunluğa dözməyən və rasional dəyişikliklərə can atan dinamik amildir. O dəyişir və onunla yanaşı siyasi mübarizə forması, təfəkkür və reallıqların qavranılması da dəyişir. Yeni cəmiyyət məsuliyyətsiz, ifrat radikalizmi, yalançı inqilabi ritorikanı qəbul etmir, aydın məqsəd daşımayan mitinq ideyaları yeni nəslə yaddır. Bu amillər özünün dünyaduyumunu, dünyagörüşünü və baxışlarını dəyişdirə və təkmilləşdirə bilməyən köhnə “milli” müxalifətin fəaliyyətinin perspektivsizliyini səciyyələndirir. Bu müxalifətin fəaliyyəti hələ də cəmiyyətdəki əhval-ruhiyyə ilə hesablaşmağı qətiyyən istəməməklə məhdudlaşır. İndiki əsas müxalifət liderlərinin hakimiyyətdən uzaqlaşdırıldıqları illər çox güman ki, xülyalardan, özlərinin siyasi səhvlərindən, siyasi naşılığından əl çəkmək dövrü, ibrət götürmək və kamil dövlət təfəkkürünün formalaşması dövrü olmamışdır.

Müxalifətin böhranı elə bir dərin prosesə çevrilmişdir ki, hazırda nəinki möhkəm müxalifət alyansı və ya blokunun yaradılması, həm də daxili münaqişələrin aradan qaldırılması mexanizmini təsəvvürə gətirmək çətindir. Belə vəziyyət bu və ya digər liderin müxalifətin vahid lideri ola bilməsinin mümkünlüyünü, bir növ, şübhə altına alır. Müxalifət mühitinin qeyri-adekvat dəyişkənliyi, dostların rəqiblərlə əvəzlənməsi və rəqiblərin barışması prosesi “milli müxalifət”in mahiyyətini, onun yetişmədiyini, habelə perspektivin olmaması üzündən çaşqınlıq keçirdiyini göstərir. AMİP-in, AXCP-nin, Müsavatın və digər partiyaların daxilindəki parçalanma, ardı-arası kəsilməyən siyasi çəkişmələr, hay-küylü qarşılıqlı ifşalar belə bir tezisi bir daha təsdiqləyir ki, Azərbaycandakı müxalifət müxtəlifdir, amorfdur, strukturlaşmamışdır və kəskin böhran keçirir. Müxalif partiya elitalarının hədsiz hikkə və iddiaları yeniliklərə, siyasi rəqabətə və partiyadaxili fəaliyyətin təşkilinə rasional yanaşmağa mane olur.

Qeyd etmək lazım gəlir ki, müxalifətin daxilindəki bu qeyri-sabitlik vəziyyəti hər an müxalifətin özü və ümumən, cəmiyyət üçün idarəolunmaz reaksiyaya çevrilə bilər. Təbii ki, əgər bu vəziyyət özünütəmizləməyə, müxalifət meydanının seleksiyasına, onun təzələnməsinə və Avropa demokratiyası standartlarına yaxınlaşmasına xidmət edərsə, bu, yeni milli siyasi məkanın formalaşmasının müsbət amili olar. Lakin hadisələrin inkişafı başqa meyl alarsa, müxalifətin daxilindəki siyasi çəkişmələr dağıdıcı mexanizmi hərəkətə gətirən qüvvəyə çevriləcək və bu, demokratik cəmiyyət quruculuğu üçün son dərəcə arzuedilməz hal olacadır.

Azərbaycanda müxalifət hərəkatının tarixinə qısa bir baxış, son illərin müşahidələri göstərir ki, “milli” müxalifət siyasətin, əsasən, münaqişəli tərzdə təfsirinə tərəfdardır. O, “nə qədər pisdirsə, mənim üçün bir o qədər yaxşıdır” və ya “bulanıq suda balıq tutmaq daha asandır” prinsipi ilə hərəkət edir. Gördüyümüz kimi, qrup mənafeləri ümummilli mənafelərdən daim üstün tutulur. Halbuki, dünya təcrübəsi göstərir ki, hakimiyyətin və siyasətin münaqişəli tərzdə təfsiri olduqca təhlükəlidir. Məhz bu, istər ölkənin daxilində, istərsə də onun hüdudlarından kənarda daimi mübarizənin ideya əsasını yaradır, xalqın qüvvələrini tükəndirir, insan ehtiyatlarının və maddi ehtiyatların itkisinə səbəb olur.

Partiya quruculuğu tarixinin şərhi məsələsində Fransanın təcrübəsi önəmlidir. Əgər Şarl de Qollun dövründə Fransada -müharibədən yenicə çıxmış, yeni və güclü dövlət quruculuğuna başlamış ölkədə müxalifətdən savayı heç nə yox idisə, dövlət isə ancaq dövlət başçısının nüfuzu sayəsində yaşayırdısa, 20 ildən sonra ölkədə möhkəm siyasi konsensus təşəkkül tapdı və “sağlar– sollar” bipolyar siyasi məkanı yarandı. Avropanın əksər inkişaf etmiş ölkələri də bu cür inkişaf yolu keçmişlər. İctimai şüurun bu cür inkişafına əyani nümunəni Türkiyədə də müşahidə etmək olar. Son 20 ildə burada tamam müxtəlif məsləkli siyasi qüvvələrin iştirakı ilə siyasi məkan formalaşmışdır. Özü də siyasi sistemin sabit olduğu ölkələrdə hakimiyyətin varisliyi dövlətin və cəmiyyətin yaşarılığının zəruri atributu kimi şərh olunur. Mustafa Kamal Atatürk güclü, demokratik və dünyəvi dövlət quraraq hakimiyyətin varisliyini təmin etmişdir.

Heydər Əliyev bu gün Azərbaycanda nəinki vətəndaş cəmiyyətinə və sərbəst iqtisadiyyata malik olan müstəqil, sivilizasiyalı və demokratik dövlət qurulması üçün bünövrə, həm də gələcəkdə konstruktiv müxalifətin varlığı təqdirində daha səmərəli olacaq partiya ənənəsinin əsasını qoymuşdur. Siyasi plüralizm, sərbəst iqtisadiyyat və cəmiyyətin öz siyasi liderini azad şəkildə seçməsi üçün daha əlverişli şərait yaratmış Heydər Əliyev hakimiyyətinin varisliyinin mahiyyəti, bax, bundadır. Bu, tarixi sərvət və misilsiz irsdir, Azərbaycan xalqı bunları qorumalı və inkişaf etdirməli, nəsildən-nəslə ötürməlidir.

Müstəqil Azərbaycanın onillik təcrübəsi göstərir ki, ölkənin dövlətdaxili həyatının təşkili məsələsinə müxtəlif cür yanaşma keçmişdə qalmamışdır. Bu, siyasi həyatın bir-birinə qarşı duran başlanğıclarında - indiki hakim strukturlarla təmsil olunmuş inteqrativ başlanğıcda və müxtəlif müxalif siyasi qrup və partiyaların mənafelərinin qorunmasından ibarət olan fərqləndirici başlanğıcda öz ifadəsini yenə də tapır. Hərçənd, bir çox müxalifət partiyalarının proqram müddəalarını və seçki platformalarını təfərrüatı ilə araşdırsaq, həm dövlətin xarici siyasət strategiyasının müəyyənləşdirilməsinə, həm də cəmiyyətimizin siyasi və sosial-iqtisadi sahələrinin yenidən qurulmasına aid prinsipial məsələlərdə ciddi fikir ayrılıqları görmərik. Ola bilsin, heyrətamiz fenomendir, lakin bu, ilk baxışdan belədir.

Bir çox dövlətlərdə iqtidar və müxalifət prinsipial ideoloji rəqiblərdir. Bu mənada Azərbaycan, sanki, istisna olmamalıdır. Amma, məsələn, iqtidarla müxalifətin mövqelərinin istər nəzəriyyədə, istərsə də təcrübədə müxtəlif olduğu Rusiyadan fərqli olaraq, Azərbaycanda ölkənin ictimai-siyasi və iqtisadi quruluşunun köklü, qnoseoloji məsələlərində cəmiyyətin inkişafı probleminə iqtidarın və müxalifətin baxışları bir çox cəhətdən uyğun gəlir. Müxalifət partiyalarının əksəriyyəti proqram və nizamnamələrində siyasət sahəsində müstəqil, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu xəttinə tərəfdar olduqlarını bəyan edir. Bəzi müxalifət liderlərinin bu və ya digər regional dövlətin xeyrinə populist bəyanatlarını çıxmaq şərtilə, xarici siyasətdə beynəlxalq hüquq normaları və prinsiplərinə, qarşılıqlı surətdə əməkdaşlığa, mehriban qonşuluğa və tarazlı xarici siyasətə əməl etmək istəyi, əsasən, üstünlük təşkil edir. Daxili çəkişmələr nəticəsində pərakəndə düşmüş “milli” müxalifət /hərçənd, ümumi, vahid məqsədi, ideya və baxışları olmadığına, habelə liderlərin iddialı mövqeləri üzündən daxili qarşıdurma daim gücləndiyinə görə, Azərbaycanda müxalifəti vahid “milli” termini ilə adlandırmaq çətindir/, parlamentdə təmsil olunmuş bəzi partiyalar nadir istisna təşkil etməklə, iqtisadiyyat sahəsində hələ heç vaxt milli iqtisadiyyatı sərbəstləşdirməyin metodları və formalarını necə təsəvvür etməsi barədə konkret təkliflərlə çıxış etməmişdir. lakin hər halda, torpaq üzərində xüsusi mülkiyyətin tətbiqi, iqtisadiyyatın özəlləşdirilməsi və dövlətsizləşdirilməsi yolu ilə əsaslı bazar islahatları xətti yeridilməsinə səy göstərmək barədə bəyanatlar müxalifətin proqramlarında öz ifadəsini tapır. Mədəniyyət sahəsində -- milli özünüdərkin və özünü identikləşdirmənin hər vasitə ilə inkişaf etdirilməsi, Azərbaycan dilinin dövlət dili kimi hər yerdə tətbiqi və sair. Hərbi sahədə -- ölkənin ərazi bütövlüyünün bərpası, milli silahlı qüvvələrin möhkəmləndirilməsi və sair. Belə misalların sayı çoxdur. Azərbaycanın son illərdəki nailiyyətləri göstərir ki, iqtidarın həll etmədiyi və ya həll etmək niyyətində olmadığı taleyüklü problemlər yoxdur. Müxalifət çox yaxşı görür ki, yuxarıda sadalanan bütün proqram məqsədləri və müddəaları dövlətin daxili və xarici siyasətində öz təcəssümünü taparaq uğurla həyata keçirilir. Görünür, məsələnin mahiyyəti bunda deyil, məhz ondadır ki, “milli” müxalifət obyektiv və subyektiv amillər üzündən öz “çoxluğunu” yaratmağa və bununla da müxalif siyasi xəttin varisliyini təmin etməyə müvəffəq olmamışdır.

Bütün əsas müxalif siyasi birliklər və onların satellitləri – minipartiyalar yalnız öz rəhbərlərinin konkret eqosentrik maraqlarının gerçəkləşməsinə yönəldilmiş şəxsi iddialı niyyətlərini ifadə edirlər. Bu təşkilatların strukturu insan qrupunun vahid məqsəd, ideya və dünyagörüşü ətrafında sabitləşmiş siyasi birliyinin strukturuna çox az oxşayır. Üstəlik, təəssüflə vurğulamaq lazım gəlir ki, Azərbaycanda müxaliflik prinsipi bir dövlət quruculuğu prinsiplərinin, siyasi baxışların, ideyaların, digər prinsiplərə, baxışlara və ideyalara qarşı qoyulması üsulu kimi, yaxud da hakim elitaya, dövlət-iqtidar strukturlarına onların nöqsanlarını göstərmək, öz rəqiblərinin “nəfəsini” duymağa məcbur etmək cəhdi kimi başa düşülmür. Siyasi gerçəkliyə uyğunlaşmayan və adaptasiya olunmayan, hakim elitanın siyasi fəaliyyətinin ümumi faktlarını və nəticələrini dərk edə bilməyən müxalifət liderləri siyasi-iqtisadi xəttin əleyhinə deyil, konkret olaraq və yalnız Prezident Heydər Əliyevin və onun komandası üzvlərinin əleyhinə çıxış edirlər.

Radikal müxalifət zamanla ayaqlaşmaq istəmir və ya bacarmır, yenə də mitinqləri, küçə yürüşlərini hakimiyyətlə mübarizənin əsas metodu hesab edir. Ciddi analitiklərin fikrincə isə, küçələrin meydana gətirdiyi siyasətçilərin zəmanəsi keçmişdə qalmışdır. Bu gün siyasətə ölkənin sürətlə inkişafına, siyasi, sosial-iqtisadi və digər problemlərin həllinə dair alternativ proqramlar təklif etməyə qadir olan realist intellektuallar, praqmatiklər gərəkdir.

Siyasi hadisələrin qiymətləndirilməsində səriştəsizlik, naşılıq, müəyyən partiya və onun üzvləri tərəfindən siyasi ideyaların, baxışların, konsepsiyaların, proqramların mənimsənilməsinin səviyyəsini səciyyələndirən siyasi mədəniyyətin olmaması və cəmiyyətin bu cür müxalifəti qəbul etmə səviyyəsinin aşağı olması göstərir ki, tezliklə müxalifətin elə öz daxilində yeni, konstruktiv müxalifət mühitinin formalaşması prosesi başlanacaqdır.

“Milli” müxalifətin liderləri nə kimi parlaq dona girsələr də, artıq onların dövranı ötüb keçmişdir. Bu, danılmaz faktdır. Onlar əllərindən gələni etmişlər. Müxalifətdaxili proseslər göstərir ki, onlar yeni, müsbət, rasional düşüncə qabiliyyətinə qadir deyillər. Onların siyasi səhnədən getməsi özünü həm də ona görə doğruldur ki, elektorat hakimiyyətin eyni opponentlərini görməkdən və dinləməkdən yorulmuşdur. Reallıqlar göstərir ki, müxalifət liderlərinin “köhnə qvardiyası”nı oyun qaydalarını sivilizasiyalı müxalifət kontekstində mənimsəyə bilmiş yeni gənclərlə əvəz etməyin vaxtı gəlib çatmışdır. Sonuncular dərk edirlər ki, müxalifət öz prinsiplərinin, ideologiya və proqramlarının bərqərar olunması ilə, əqidə və görüşlərinin, cəmiyyətin yenidən qurulması planının iflası ilə, amansız siyasi uğursuzluqla bağlı olan öz “tarix”i mərhələsini başa vurmuşdur. İndi sağlam düşüncələr və hərəkətlər, keçmişdən ibrət götürmək, müsbət təcrübəni zərrə-zərrə toplamaq və tərəqqi və sabitliyin təminatı vətəndaş konsensusu olan demokratik cəmiyyətin tərkib hissəsi kimi, ruhu və məzmunu etibarilə əsl demokratik müxalifət məkanı yaratmaq mərhələsi gəlib çatmışdır.

Ədalət naminə demək lazımdır ki, 1987-1988-ci illərdən başlayaraq müxalifətin gördüyü işlərin heç də hamısı tənqid və ya mühakimə edilməməlidir. Müxalifətin başlıca xidməti bundadır ki, ölkənin taleyi üçün böhranlı dövrlərdə o, xalqın arzu və istəklərini ifadə edirdi. Heç də həmişə uğurla və bacarıqla olmasa da, müxalifət Sov.İKP MK rəhbərliyinin satqın, ədalətsiz siyasətinin doğurduğu xalq hiddətini və qəzəbini lazımi məcraya yönəldir, xalq hərəkatına mühüm impulslar verirdi.

Müxalifətin təqsiri deyil ki, o, zamanın reallığını və tələblərini dərk edə bilmədi, intəhasız romantizm gerçəkliyin özündən daha çox cazibədar oldu. Cəmiyyətin özü kimi, müxalifət də bizim hamımızın çıxdığı siyasi sistemin yetirməsi idi. Sadəcə olaraq, bəziləri realist və praqmatik idi, digərləri emosional hisslərin, gənclik enerjisinin, onları bu günədək tərk etməyən romantik idealizmin əsiri oldular.

Beləliklə, müxalifətin “köhnə qvardiya”sının səhnədən çıxıb getməsi cəmiyyətin və zamanın tələbi kimi, ölkənin siyasi strukturu üçün öz siyasi məkanını təkmilləşdirmək zərurəti kimi təsəvvür edilir; elə bir məkan kimi ki, burada müxalif fikir vertikalı çəmiyyətin ümumi, vahid məqsədi - müstəqil Azərbaycanın möhkəmlənməsi və tərəqqisi naminə sıx birləşməsi şüarı üzərində çəmləşdiriləcəkdir.

1993-cü ilin iyunundan bəri ötən dövr ərzində milli siyasət özünün əsas komponentini – sabit hakimiyyət strukturunu və opponent strukturlar üçün əlverişli şəraiti formalaşdırmışdır. Konstruktivliyin olmaması təshihə ehtiyac duyan “milli müxalifət”in bəlasıdır. Onun təshihi isə heç də təkcə iqtidarın, hakim siyasi elitanın işi deyildir. Bu, bütün cəmiyyətin, bugünkü “milli müxalifət”in mahiyyətini münaqişə tərzində anlamaqdan əl çəkməyə qadir olan ictimai tərəqqinin əsas katalizatorunun problemidir.

Məlumdur ki, siyasətin inteqrasiya funksiyası cəmiyyətdəki münaqişələri görən, amma onları dərinləşdirməyən, əksinə, əməkdaşlıq naminə kompromisləri mümkün edən hansısa bir zəmin axtaran dövlət xadiminin fəaliyyətində daha parlaq şəkildə təzahür edir. Əks taktika seçən siyasətçilər ən çox ona iddia edirlər ki, başlıcası onların partiya maraqlarıdır. Buna görə də partiya maraqlarını həm ümummilli maraqlara, həm də başqa partiyaların maraqlarına qarşı qoyurlar. Heydər Əliyevin isə bütün fəaliyyəti belə bir sadə həqiqəti təsdiq edir ki, hakimiyyətin mövcud ziddiyyətləri aradan qaldıran, cəmiyyətdə vəziyyəti sabitləşdirən və millətin ehtiyatlarını səfərbərliyə alan, elitaların və ümumən, cəmiyyətin siyasi tarazlığını bərpa edən optimal forması tapıldıqda siyasi uğur qazanmaq mümkündür.

 

Yeni dövrün siyasətçisi

Sosial psixologiyada yaxşı məlum olan bir effekt var, peşəkarlar bunu məqsədin dəyişdirilməsi adlandırırlar. Məqsəd tamamilə aydın formalaşdırılmış və qoyulmuşdur. Bu, prezident seçkiləridir. Lakin bir sıra müxalif partiyalara bu məqsədi başqası ilə dəyişdirmək və meydana yeni “fenomen” çıxarmaq çox əlverişlidir. Qeyd etmək lazımdır ki, “məqsədin dəyişdirilməsi”nə dair hərəkətlərin bir qismi axır vaxtlar “Heydər Əliyevdən sonrakı” dövrdə İlham Əliyevin roluna dair çoxsaylı yazıların dərc olunmasında öz əksini tapır. Özü də hakim dairələrin nümayəndələri və müxalifətin təmsilçiləri bu məsələni eyni dərəcədə fəal müzakirə edirlər. Hərçənd, hətta siyasətdə təcrübəsi olmayan adama da aydındır ki, müxtəlif adamlar məhz bu problemi gündəliyə çıxarmaqda müxtəlif məqsədlər güdürlər.

İlham Əliyevin ünvanına bu cür siyasi ritorika cəhdlərinin səbəbləri az deyildir. Yeni Azərbaycan Partiyası 2000-ci ilin noyabrındakı parlament seçkilərində öz partiya siyahısı ilə bəyan etdi ki, bu gün onun sədri ilə yanaşı, olduqca böyük potensiala, siyasi iradəyə və xarizmaya malik gənc, seçki siyahısına başçılıq etməyə qadir lideri də var. Həqiqətən də, seçkilər göstərdi ki, YAP-ın bütün seçkiqabağı kampaniyası İlham Əliyevin fəal iştirakı ilə keçmişdir. Məhz bu amil nümayiş etdirdi ki, siyasi həyatda müxtəlif maraqlarla birləşmiş çoxsaylı qruplar İlham Əliyevin ətrafında sıx birləşə bilər və birləşmək istəyirlər.

Seçkiqabağı partiya təbliğatının gedişi İlham Əliyevin siyasi davranış tipinə tabe edilmişdi. Onun fəaliyyətinin güclü cəhəti məhz insanları sıx birləşdirməyə və onların enerjisini cəmləşdirməyə, bu enerjini müəyyən hərəkət formalarına yönəltməyə bacarmasında idi. İlham Əliyev bu və ya digər siyasi hərəkətin səmərəliliyini həmin hərəkətin məqsəd və prinsiplərinin mənimsənilməsi dərəcəsi ilə qiymətləndirirdi. Bununla bərabər o, nümayiş etdirirdi ki, verdiyi vədlərin əməli işlərdə təcəssümünü tapmaq dərəcəsi olduqca yüksəkdir.

Bir tərəfdən, siyasi liderlik xüsusiyyətləri nümayiş etdirilirdi, digər tərəfdən isə, siyasi davranış üslubu milli siyasi əks-elitanın bir çox nümayəndələrinin stereotiplərindən o qədər uzaq idi ki, istər-istəməz ənənə ilə yenilikçiliyin, Azərbaycan mentallığının bütün incəliklərini bilməyin həm sosial-iqtisadi inkişaf, həm də qlobal strateji planlaşdırma problemlərini eyni dərəcədə qavramağa və həll etməyə qadir olan istedadlı şəxsiyyətin geniş dünyagörüşü ilə son dərəcə uğurlu sintezi, uzlaşması haqqında fikir doğurdu.

Qeyd etmək düzgün olardı ki, İlham Əliyevin siyasi, iqtisadi və mənəvi görüşlərinin formalaşmasına heç də təkcə ailə tərbiyəsi təsir göstərməmişdir. Görünür, burada onun şəxsi keyfiyyətləri, intellekti, ümumi mədəniyyəti, təvazökarlığı, şüurlu həyatı boyu topladığı bütün qiymətli və müsbət nə varsa hamısını faydalı şəkildə sintezləşdirmək bacarığı mühüm rol oynamışdır. Təsadüfi deyil ki, Prezident Heydər Əliyevdən savayı, başqa heç bir siyasətçinin qısa müddət ərzində İlham Əliyevin nail olduğu qədər belə geniş, kütləvi sosial bazası yoxdur. Onun sosial bazasının coğrafi və yaş həddi yoxdur, o, bütün yaşlardan və ölkənin bütün bölgələrindən olan nümayəndələri öz ətrafında birləşdirən nadir bir siyasətçidir.

SSRİ-nin nüfuzlu, ən yaxşı ali məktəblərindən birində - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda aldığı təhsil, namizədlik dissertasiyası müdafiə etməsi, həmin institutda müəllimlik fəaliyyəti, neft sektorunda iş, partiya fəaliyyəti, Milli Olimpiya Komitəsində və Avropa Şurasında iş və sair İlham Əliyevin sanballı siyasi aktivinin əsasını təşkil edir. Milli Olimpiya Komitəsində işlədiyi dövrdə özünün təşkilatçılıq bacarığı, beynəlxalq strukturlarla iş təcrübəsi sayəsində İlham Əliyev Azərbaycan idmanında olimpiya çempionları kimi həsədaparılası simaların meydana gəlməsinə nail olmuşdur. Dağlıq Qarabağ ərazisindən narkotiklərin yayılması və istehsalı, terrorçuluq bazalarının yerləşdirilməsi və nüvə tullantılarının basdırılması üçün istifadə olunduğunu Avropa Şurasının Parlament Assambleyasında ilk dəfə məhz İlham Əliyev qaldırmış və bununla da, bəzən “ikili standartlar” prinsipini rəhbər tutan dünya ictimaiyyətinin və beynəlxalq qurumların diqqətini Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı məsələsinə bir daha cəlb etmişdir.

Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin, - buraya həm Yeni Azərbaycan Partiyasını və bitərəfləri təmsil edən deputatlar, həm də müxalifət partiyalarından olan deputatlar daxildir, - fəaliyyəti göstərdi ki, İlham Əliyev ümummilli mənafelərin təmin edilməsi naminə qısa müddət ərzində bütün heyəti sıx birləşdirə və mühüm uğurlar qazana bilmişdir. Burada məsələ heç də təkcə Azərbaycanın parlament qrupunun fəallığında deyil, məhz ondadır ki, milli xarici siyasət faydalı ideoloji çalarlar almağa başlamışdır. Əgər bu gün milli xarici siyasət Prezident Heydər Əliyevin fəaliyyətinə və təşəbbüslərinə əsaslanırsa, indi aydın olur ki, ona dəstək kimi, İlham Əliyevin simasında milli mənafeləri beynəlxalq aləmdə fəal irəlilətmək üçün səfərbər olmağa hazır yeni qüvvə formalaşır. Ötən illər göstərmişdir ki, realizm və praqmatizm bünövrəsi 1993-cü ilin ortalarında qoyulmuş milli xarici siyasətin əsas prinsipləridir.

Lakin Azərbaycan müxalifəti İlham Əliyevin fəaliyyətini bir qədər başqa cür qiymətləndirir. Müxalifət, terminləri və məfhumları sofistcəsinə, ustalıqla dolaşdıraraq, məhz özünün qəsdən ortaya atdığı diskussiyanı siyasi və hüquqi məkandan emosional məkana keçirir. Qondarma varislik konsepsiyasını və ya planını, “Əliyevdən sonrakı Azərbaycan problemi”ni məhz onların mətbuatı şişirdib yaymağa başlamışdır. Bu mövzuya toxunmaq əxlaq qaydalarına o qədər uyğun olmasa da, fakt faktlığında qalır: hansısa “iks saatı” barədə, Heydər Əliyevin Azərbaycanda “hakimiyyətin genetik şəkildə təhvil verilməsi” ssenarisini həyata keçirmək “niyyəti” barədə, Heydər Əliyevdən sonra dövlətin başında kimin duracağı və gələcəkdə ölkənin siyasi Olimpinin necə olacağı barədə məsələ müxalifət sıralarında canfəşanlıqla müzakirə edilir.

Özü də müxalif partiya liderlərinin bütün yazılarında, çıxışlarında hakimiyyətin verilməsinin Azərbaycan Konstitusiyasında öz əksini tapmış demokratik prinsipləri tamamilə inkar olunur, cəmiyyətə belə bir fikir təlqin etməyə cəhd göstərilir ki, guya Azərbaycanda hakimiyyətin verilməsinin qeyri-qanuni mexanizmini gerçəkləşdirmək nəzərdə tutulur.

Təəccüblənməyə dəyməz, çünki hazırda aparılan siyasətin təshihinə və ya siyasi xəttin təzələnməsinə dair hansısa proqramların gerçəkləşdirilməsi onların məqsədlərinə daxil deyildir, əksinə, milli inkişaf strategiyasının mövcud üstünlüklərinə məhəl qoymayaraq, yeni siyasi sistem yaradılmasından, dövlət quruculuğu prosesinə təzədən başlamaq niyyətindən söhbət gedir. “İks saatı” ətrafında gedən bədnam söhbətlər müxalifətin yenidən, ən güclü olan kəs meydanı tərk edəcəyi halda “hakimiyyət oyunu”na başlamaq arzusunda olduğunu göstərir. Bu və ya digər dövlət quruluşunun əhalinin əksəriyyəti tərəfindən qəbul olunmasını nəzərdə tutan demokratik dövlətçilik prinsipi hamıya məlumdur. Bu prinsiplərə, norma və qaydalara məhəl qoymayan, konstruktivizm çərçivəsindən kənara çıxan, yaradıcı inkişafa, milli mənafelərə və tərəqqiyə qarşı çıxan partiyalar müxalifət partiyaları adlana bilməzlər. Onları, “antixalq” partiyaları olmasa da, “antisistem” partiyaları adlandırmaq olar. Ancaq təəssüf ki, Azərbaycanın siyasi məkanında bir çox müxalifət liderləri özlərini və partiyalarını yeganə və tam həqiqətin daşıyıcıları hesab edirlər.

Belə siyasi nihilizmin öz tarixi kökləri var. Xatırlayaq ki, bütün 1992-ci il ərzində Azərbaycanda faktiki olaraq üç dəfə hakimiyyətin qeyri-qanuni şəkildə verilməsi hadisəsi olmuşdur: Mütəllibovun getməsi və qayıtması, Yaqub Məmmədovun dövründəki hakimiyyətsizlik şəraiti, “cəbhəçilər”in hakimiyyəti silahlı yolla ələ keçirmələri. Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi tankların və zirehli transportyorların köməyi ilə həyata keçirilmiş nə isə bir “inqilab” idi. Hakimiyyətə zorakılıqla gəlmək praktikasına yalnız Heydər Əliyevin siyasi iradəsi son qoydu və istər parlamentin, istərsə də digər hakimiyyət strukturlarının fəaliyyətini sırf qanuni məcraya yönəltdi. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında baş vermiş çevriliş cəhdləri Azərbaycanda “fasiləsiz rejimlər” ənənəsinin yaranmasını istəyənlərin hamısının artıq can üstündə olduğunu nümayiş etdirdi. Heydər Əliyevin tarixi xidməti isə bundan ibarətdir ki, o, Azərbaycanın siyasi mədəniyyətinə oyunun tamamilə yeni meyllərini, qaydalarını, siyasi konsensusun mümkünlüyünü gətirdi və dövlətin birləşdirici funksiyasını gücləndirdi.

Məlumdur ki, nə vaxtsa tətbiq edilmiş hakimiyyətin legitimliyi anlayışı müasir politologiyada üç səviyyəyə - ideoloji, struktur və fərdiyyət səviyyələrinə bölünür. Bir qayda olaraq, ideoloji səviyyə hakimiyyətin konkret adamın təkamülünün təşəkkülü prosesinə uyğun gəlməsinə əsaslanır. Bu halda həmin cəmiyyətin üzvü kimi konkret adamın təşəkkülü, eləcə də bu sistemə inteqrasiyası nəzərdə tutulur. Legitimliyin məhz ideoloji səviyyəsi mövqeyindən nəzər salsaq görərik ki, ölkə əhalisinin əksəriyyəti İlham Əliyevi millətin gələcək lideri kimi qəbul edir. Onun nitqləri və çıxışları, bəyan etdiyi şüarlar Azərbaycan cəmiyyətinin mentalitetinə və ehtiyaclarına uyğundur. Ədalət haqqında hər hansı postsovet məkanında şüurlara hakim kəsilən təsəvvür onun fəaliyyətində nəzərəçarpan yer tutur və bu təsəvvür vətəndaşların ayrı-ayrı qrupları barəsində onun konkret humanitar tədbirlərində öz təcəssümünü tapır.

Legitimliyin ideoloji səviyyəsi çox vaxt bir sıra xarici amillərdən də birbaşa asılıdır. Öz dövlətinin milli nüfuzunun artması məsələlərinə yüksək maraq göstərən azərbaycanlılar ölkəmizin neft strategiyasının gerçəkləşməsində İlham Əliyevin rolunu, iri neft şirkətlərinin rəhbərləri və bu şirkətlərin təmsil etdiyi dövlətlərin rəsmi nümayəndələri ilə onun apardığı uğurlu danışıqları, nümayəndə heyətimizin Avropa Şurasındakı və olimpiya yığma komandamızın beynəlxalq aləmdəki uğurlarını son dərəcə həssaslıqla qarşılamışlar. Şübhəsiz, kompleks şəkildə götürdükdə, bütün bunlar İlham Əliyevin ideoloji legitimliyinin dərəcəsinə güclü təsir göstərir.

Əgər struktur legitimliyindən danışsaq görərik ki, Azərbaycanda hakimiyyət strukturlarının formalaşmasının artıq Konstitusiya ilə müəyyən edilmiş qaydası var. Bu qayda kifayət qədər adi hal almışdır və siyasi sistem qanuni seçilmə mexanizmini prezidentliyə hər hansı namizədə, eləcə də İlham Əliyevə şamil etmək üçün dəqiq mexanizmlərə malikdir.

Gələcək lider kimi İlham Əliyevin fərdiləşdirilmiş şəxsi legitimliyindən danışsaq, əlbəttə ki, ona etibar edirlər, rəğbət bəsləyirlər, onun xarizması çoxlarında ona qarşı xeyirxah münasibət doğurur. Beləliklə, İlham Əliyevin fərdiləşdirilmiş legitimliyi, şübhəsiz, ideoloji və struktur legitimliyi ilə möhkəmlənəcəkdir.

Hakimiyyətin legitimliyi onun, yəni legitimliyin səmərəliliyindən və sabitliyindən həmişə birbaşa asılı olmuşdur ki, bu cəhətlər də elitanın intellektual potensialı və fəallığı ilə, konstruktiv müxalifətin və “əks-elita”nın mövcudluğu ilə öncədən müəyyənləşdirilir. Qazanacağımız məhz ondan asılı olacaq ki, bütün müsbət amillərdən cəmiyyətin rifahı naminə nə dərəcədə istifadə etməyi bacaracağıq. Amma biz nəzərə almalıyıq ki, aparılan siyasətin müsbət cəhətlərini dərk və təsdiq etməyin böyük əhəmiyyəti var.

Bir vaxtlar Bencamin Konstant hakimiyyətin əbədi prinsipləri sırasına daxil olmuş bir prinsip irəli sürmüşdü. O yazırdı ki, Yer üzündə heç bir qeyri-məhdud hakimiyyət – nə xalq hakimiyyəti, nə özünü onun nümayəndələri adlandıranların hakimiyyəti, nə də qanunun hakimiyyəti olmamalıdır, qanun da onu verən hakimiyyətin özü kimi eyni hüdudlar daxilində olmalıdır. Prezident Heydər Əliyev özünün siyasi fəaliyyətində bu prinsipə dönmədən əməl etmişdir. Belə bir fakt gətirmək kifayətdir ki, postsovet məkanında az-az parlament tapılar ki, o, seçildiyi qanuni müddətin sonunadək fəaliyyət göstərmiş olsun. Hərçənd ki, məhz bizdə 1993-1995-ci illərdə Milli Məclisi də, içərisindən çıxdıqları Ali Soveti də dərhal buraxmağı və yeni parlament seçkiləri keçirilməsini təklif edənlər öz hərəkətlərini Milli Məclisin qeyri-legitimliyi ilə əsaslandırırdılar. Bəlkə də hər hansı başqa bir siyasətçi belə də edərdi, amma Heydər Əliyev yox. Onda qanuna hörmət ənənələrə şəksiz hörmətlə və cəmiyyətin sabitliyini poza biləcək addımlardan uzaq olmaq istəyi ilə vəhdət təşkil edir.

Ola bilsin ki, yeni reallıqların mahiyyətini tam şəkildə dərk etmək totalitar cəmiyyətin yetirmələri üçün bəzən də çətindir. Məhz buna görə də biz cəmiyyətimizdə hadisələrin demokratik axarını idarəetmənin indiyədək adi olan sxemləri və qaydalarının məcrasına yönəltmək cəhdləri ilə qarşılaşırıq. Lakin Azərbaycan siyasətçilərinin gənc nəsli artıq yeni şəraitdə formalaşaraq, həm ümumbəşəri, universal, həm də milli dəyərləri əxz edirlər. Gənc siyasətçilərin cəmiyyətin inkişafı üçün azadlıq və demokratiyanın əhəmiyyətini dərk etməsindən ötrü səkkiz il kifayət qədər müddətdir. Ona görə də təəccüblü deyil ki, sabitləşmiş baxışlara və həyat təcrübəsinə malik siyasətçilərin yerinə tamamilə yeni tipli gənc siyasi elita gəlir. Təbii təkamül prosesi baş verir. Ona görə də inamla deyə bilərik ki, indi hakimiyyətə gəlməyə çalışan bu siyasətçilər istər cəmiyyətin sıx birləşdirilməsi vəzifələrini, istərsə də onun strateji inkişaf problemlərini həll etməyə qadirdirlər.

O ki qaldı “varis” və ya hakimiyyətin varisliyi problemlərinə, bizim üçün bir çox cəhətdən yaxşı nümunə ola biləcək ölkənin təcrübəsinə qısaca nəzər salaq.

Hakimiyyətin varisliyi barədə mülahizələr təkcə siyasi reallıqlarla deyil, tarixi analogiya və paralellərlə də şərtlənmişdir. Öz mahiyyəti etibarilə tarix analogiyalardan, təkrarlardan və tarixi paralellərdən ibarətdir. Bunlar bəşəriyyəti onun rasional və mütərəqqi inkişafının bütün yolu boyu müşayiət edir. Bu cür analogiyalar çiçəklənmə və tərəqqinin nəinki dövlətin, həm də hər bir vətəndaşın başlıca istəklərinə çevrildiyi sabit gələcək qurmağa hazır olan sonrakı nəsillərin öyrənməsi üçün bir çox cəhətdən nümunədir. Keçmişlə müqayisə olunan məhz tarixi paralellər bəzən ən pis hallardan qaçmağa, indinin və gələcəyin ən yaxşı imkanlarının gerçəkləşdirilməsinə kömək edir. Bu baxımdan, bizim ölkəmiz də istisna deyildir. Tarixdə millətin və dövlətin Yer üzündən silinib yox olmaq həddinə çatmasına dair bir çox misallar var. Lakin hər bir konkret tarixi dövrdə millətin iradəsini və amallarını, dövlətin diplomatiyası və strategiyasını, cəmiyyətin həmrəyliyini və konsensusunu özündə birləşdirməyə qadir şəxsiyyətin sayəsində bu dövlətlər tab gətirmiş və öz varlığını davam etdirmiş, millətlər isə dirçəlmişlər.

Almaniyanın tarixi və Konrad Adenauerin fəaliyyəti indinin və gələcəyin ən yaxşı imkanlarını gerçəkləşdirməyə kömək edən tarixi paralelə əyani nümunədir. Əgər Almaniyanın – müharibənin od-alovlarından və xarabalıqlarından, totalitar ənənələrdən çıxmış, 1945-ci ildə özünün müharibədən əvvəlki ərazilərinin təxminən yarısını itirmiş, əhalisinin 25 faizi şərq hissədə qalmış ölkənin dirçəliş mərhələlərini araşdırsaq, onda K.Adenauerin İkinci dünya müharibəsindən sonra dediyi bu sözlər istər-istəməz yada düşür: “... biz dünyaya sübut edəcəyik ki, çox və inadla işləyərək böyük millət ola bilərik”.

Öz prinsiplərinə sadiq qalan və öz niyyətlərində inadkarlıq göstərən, Almaniyanın siyasi Olimpinə hələ Veymar Respublikası dövründə yüksəlməyə başlamış, nasist rejimi dövründə “arzu edilməyən” siyasi sima olmuş, ölkəsinin siyasi həyatının bütün mürəkkəbliklərini və gözlənilməz dəyişikliklərini öz üzərində hiss etmiş Konrad Adenauer təzədən hakimiyyətə gələndə yeni iqtisadiyyata, yeni dövlət quruluşuna və tamamilə yeni milli təfəkkür formasına malik yeni Almaniya qurmağa başladı. O, dövlət tərəfindən tənzimlənmənin sərt nəzarəti altında olan planlı təsərrüfat yaratmaq təkliflərindən üz döndərdi və sosial yönümlü bazar təsərrüfatı nəzəriyyəsi ilə silahlanaraq, bazar iqtisadiyyatı uğrunda çıxış etdi. Bu nəzəriyyədə başlıcası ondan ibarət idi ki, dövlət iqtisadiyyatın sərbəst bazar əsasında inkişafına şərait yaratmalı və eyni zamanda, sənaye, kənd təsərrüfatı, ticarət inkişaf etdikcə əhalinin həyat səviyyəsinin daim yüksəlməsi üçün qanunvericilik bazası işləyib hazırlamalı idi. Onun kansler olduğu dövrdə iş yerlərinin sayı artdı, bazar hamının ala biləcəyi mallarla doldu, alman markası ən sabit valyutalardan birinə çevrildi, təkcə 1950-ci illərin birinci yarısında insanların real gəlirləri iki dəfə artdı, mənzil problemi sürətlə və etibarlı şəkildə həll edilirdi, işsizliyin səviyyəsi aşağı düşdü.

Almaniya tarixinin “Adenauer erası” adlandırılmış həmin dövrü təxminən on beş il çəkmişdir. Amma alman iqtisadi möcüzəsi heç onda da möcüzə kimi qəbul edilmirdi. Əksinə, həmkarlar ittifaqları ümumi tətillə hədələyirdilər və hətta üç il sonra deputatlar K.Adenaueri və L.Erxardı “islahatların iflası”na görə tənqid edərək, sübuta yetirməyə çalışırdılar ki, islahatlar xalqı ancaq var-yoxdan çıxarır. Alman xalqının bəxtindən, K.Adenauer tənqidlərə qulaq asmadı, hökumət istefaya getmədi və o, işi axıra çatdırdı. Nəticələrin necə olduğunu aydınlaşdırmağa ehtiyac varmi? Almaniya totalitar rejimdən çıxıb, mərhələ-mərhələ modernləşdırılmiş idarəetmə sisteminə, istehsala və güclü iqtisadiyyata malik demokratik dövlətə çevrildi. İndi Almaniya olduqca böyük insan ehtiyatlarına, güclü iqtisadi, texniki, elmi potensiala, ən yeni texnologiyaya malikdir, millət isə yüksək mədəniyyətə və ana dilinə sadiqliyi ilə fərqlənir. Təbii ki, Konrad Adenauerdən sonra onun siyasi ardıcılları, xəttinin davamçıları olmasaydı, bütün bu nailiyyətləri və dəyərləri qoruyub saxlamaq və artırmaq mümkün olmazdı.

Konrad Adenauer və Heydər Əliyev. Bu şəxsiyyətlərin miqyasına və istedadına, zəkasına və müdrikliyinə, dövlətçilik təfəkkürünə və məqsədyönlülüyünə görə ümumi, oxşar cəhətləri çoxdur. Əgər Heydər Əliyevin fəaliyyətinin birinci mərhələsi ölkə rəhbərinin rolunun totalitar rejimin prinsipləri ilə məhdudlaşdırıldığı sovet dövrünə aiddirsə, dövlət müstəqilliyi əldə olunduqdan sonra onun fəaliyyətinin ikinci mərhələsi, ölkənin mərhələ-mərhələ modernləşdirilməsi mərhələsi başlanmışdır. Totalitarizmdən uzaqlaşma, dövlət idarəçiliyinin və cəmiyyətin demokratikləşdirilməsi iqtisadiyyatın dirçəlişi və inkişafı, istehsala və digər sahələrə ən yeni texnologiyaların tətbiqi, insanların həyat səviyyəsinin və keyfiyyətinin yüksəlməsi üçün yeni geniş imkanlar açmışdır.

Lakin bütün bunlar birdən-birə əldə edilməmişdir. Ölkənin idarə edilməsinə 1993-cü ilin ortalarında qayıdan Heydər Əliyevə görünməmiş, ağır bir tale qismət oldu: qarmaqarışıqlıq, hərc-mərclik və vətəndaş müharibəsi, ayrı-ayrı qrupların separatçı çıxışları nəticəsində ölkənin parçalanması təhlükəsi, Ermənistanın başladığı müharibə, iqtisadiyyatın tənəzzülü, durğunluğu və staqflyasiyası, əhalinin sosial vəziyyətinin kəskin şəkildə pisləşməsi, 1994-cü və 1995-ci illərdəki dövlət çevrilişi cəhdləri, dövlətin başçısı Heydər Əliyevə qarşı dəfələrlə terror aktları cəhdləri və sair – Azərbaycanın reallığı bütün bu və digər hallardan ibarət idi. Heydər Əliyev özünün dövləti idarə etmək istedadı və qətiyyəti sayəsində ilk iki-üç il ərzində ölkəni bütün bunlardan xilas etməli oldu, cəmiyyət və dövlət ölkədə dövlət quruculuğu problemlərinin həllinə və iqtisadi, siyasi islahatların və məhkəmə-hüquq islahatlarının aparılmasına yalnız 1996-cı ildə tam miqyasda başlaya bildi.

Almaniyanın müharibədən sonrakı (1945-ci il) inkişafının nümunəsi ölkəmizin bir çox problemlərinin həlli üçün çox mühüm örnək ola bilər. Ona görə də keçmişin tarixi paralellərini həmişə yadda saxlamaq lazımdır ki, yaşlı siyasətçiləri əvəz etməyə gələn gənc siyasətçilər Heydər Əliyevin müəyyən etdiyi yoldan sapmasınlar.

Azərbaycan gələcəkdə necə olacaqdır? Bu sualı verməyə hər birimizin haqqı var. Çünki bu sual taleyüklü xarakter daşıyır və Azərbaycanın hər bir vətənpərvər insanını dərindən düşünməyə və həm şəxsi rifah baxımından, həm də dövlətçiliyin, milli müstəqilliyin, ərazi bütövlüyünün qorunub saxlanması və xalqın həyat şəraitinin ciddi şəkildə yaxşılaşdırılması mövqeyindən ona cavab verməyə vadar etməlidir.

2001-ci ildə Moskvada “Sülh, tərəqqi, insan hüquqları” rubrikası altında “Azərbaycan və Rusiya: cəmiyyətlər və dövlətlər” kitabı çap olunmuşdur. Kitab Andrey Saxarov adına muzeyin və ictimai mərkəzin nəşridir. Oradakı materiallar A.Saxarov fondu və onun ABŞ-dakı şöbəsi çərçivəsində keçirilmiş konfransın mahiyyətini əks etdirir. Şübhəsiz, maraqlı, amma müxtəlif səviyyəli və müxtəlif mənalı, bəzən də hətta xoşagəlməz məqalələrin daxil edildiyi bu kitabda mənim “Azərbaycan inqilabı” məqaləm də dərc olunmuşdur. Orada mənim “Keçmiş gələcəyin kontekstində” sərlövhəli müsahibəmdən (bax: “Bakinski raboçi”, 7 aprel 1992-ci il) sitatlar gətirilir. Sitatlardan birində Heydər Əliyevin şəxsiyyəti haqqında mənim həmişə dediyim və heç vaxt dəyişmədiyim fikir öz əksini tapmışdır: “Mən “güclü əl”in əleyhinəyəm, amma güclü hakimiyyətin və möhkəm nizam-intizamın tərəfdarıyam. Məsələ bu şəxsiyyətin avtoritarlığında deyil, məhz nüfuzundadır. Odur ki, şəxsi rəyimi ifadə edərək deyəcəyəm – Əliyevin respublikada nüfuzu var... şübhəsiz ki, o, qeyri-adi şəxsiyyət, lider keyfiyyətlərinə malik böyük dövlət xadimidir”.

Bəli, güclü hakimiyyət və möhkəm nizam-intizam. Azərbaycanın – gənc müstəqil dövlətin problemlərinin həlli üçün onun lideri dövlətin keçid dövrü, ölkədə gedən siyasi proseslərin mahiyyəti nəzərə alınmaqla, təkcə bu gün deyil, sabah da güclü, iradəli lider keyfiyyətlərinə də malik olmalıdır ki, bu da demokratiyanın inkişafına qətiyyən zidd deyildir.

Müasirlər haqqında yazmaq çox çətindir. Bu zaman saysız-hesabsız amilləri nəzərə almaq, adını bütöv bir xalqın taleyi ilə bağladığın siyasi xadimi dərk etməyi və başa düşməyi bacarmaq lazımdır. İndi biz yeni dövrün siyasətçisi, texnokrat siyasətçi barədə düşünürük. Kimsə yazılanları birmənalı qəbul etməyə bilər, amma mən əminəm ki, müəyyən mənada milyonlarla azərbaycanlının rəyini ifadə edir, bu rəyi onların ürəklərindən siyasət dilinə köçürürəm. Cəmiyyətimiz Azərbaycanın inkişaf strategiyasını davam etdirməyə, zamanın tələbləri məcrasında ölkənin siyasət və iqtisadiyyatını əhəmiyyətli dərəcədə dəyişdirməyə qadir yeni bir sosial qüvvənin meydana gəlməsinin şahidi olur. Ona görə də biz dərk etməliyik ki, Azərbaycanda ilk baxışdan bəlkə də nəzərə çarpmayan hansısa “sakit inqilab”, “menecerlərin və texnokrat siyasətçilərin inqilabı” baş verir.

İdarəetmətdə və hakimiyyətdə elmin və elmi-texniki ziyalıların (texnokratların) əhəmiyyətinin və rolunun artmasında qeyri-təbii bir şey yoxdur. Yaxşı məlumdur ki, indi sənayecə inkişaf etmiş cəmiyyətlər, demək olar, tamamilə elmi-texniki səmərəlilik prinsipləri ilə tənzimlənir. Ona görə də humanitar siyasətçilərin menecerlərlə və texnokratlarla ahəngdar birliyi ölkəmizin modernləşdirilməsi şəraitində onun inkişaf maraqlarına daha çox uyğundur.

Karl Popper yazırdı: “Biz özümüzü peyğəmbərlər kimi görməkdənsə, öz taleyimizin yaradıcıları olmalıyıq. Biz hər şeyi bacardığımız qədər yaxşı etməyi və öz səhvlərimizi üzə çıxarmağı öyrənməliyik. Siyasi hakimiyyət tarixinin bizi mühakimə edəcəyi haqqında ideyanı başımızdan çıxarmaqla və tarixin bizə bəraət verib-verməyəcəyi barədə narahatlıqdan xilas olmaqla biz, yəqin ki, müvəffəqiyyət qazana bilərik”.

İlham Əliyev mövzusu ilə bağlı tarixə ekskursumuz təsadüfi deyildi. Azərbaycanın ən yeni tarixi bizim gözlərimiz qarşısında keçmişdir. Biz onun şahidləri, bilavasitə iştirakçılarıyıq və ona görə də bilirik: müasir milli “əks-elita”dan az-az adam tapılar ki, yeni zəmanənin tələblərinə cavab verə bilsin. Bəlkə bu, respublika üçün çətin vaxtda ölkəni taleyin hökmünə buraxmış və hərbi təyyarəyə minərək məsuliyyətdən və öz xalqının qəzəbindən qurtarmaq üçün Moskvaya qaçmış Ayaz Mütəllibovdur? Yaxud, 70 milyon dollardan çox pulu mənimsədiyinə görə istintaq orqanlarının haqqında cinayət işi qaldırdıqları və məsuliyyətdən yayınaraq ABŞ-da gizlənən Rəsul Quliyevdir? Yoxsa, əyalət siyasətçisi səviyyəsindən yuxarı qalxa bilməyən Əli Kərimovdur? Yaxud bəlkə, hələ də kiçik elmi işçi “libas”ının göründüyü və müxalifət üzrə “məsləkdaşlar”ının üz döndərdikləri İsa Qəmbərdir, yaxud öz sosial bazasını və partiya silahdaşlarını itirən Etibar Məmmədovdur? Fikrimin canı ondadır ki, bu adamların siyasi fəaliyyətinin özü cəmiyyətə təkzibolunmaz sübutlar vermişdir ki, tarixin həlledici anlarında onlar kor adam kimi aciz qalmışdılar.

Faktlardan qaçmaq olmaz və onlar sübut edir ki, İlham Əliyev yeni dövrün siyasətçisidir və tarixinin mürəkkəb dövrü hələ tezliklə başa çatmayacaq ölkəyə gələcəkdə rəhbərlik etmək üçün bütün lazımi keyfiyyətlərə malikdir.

İlham Əliyevin dövlətlə, dövlətin inkişafı ilə bağlı baxışları məlumdur. Onun bütün başlıca arzu və istəkləri Azərbaycan dövlətini modernləşdirmək və ölkəni dünya miqyaslı mühüm qərarlar qəbul edən say-seçmə ölkələr birliyinə daxil etməkdir. O, fəaliyyətində ardıcıl və praqmatikdir, rasional və səmimidir. Onu fərqləndirən cəhət budur ki, o, fəaliyyət dairəsi məhdud olan məmur deyil, əksinə, geniş baxışlara malik siyasətçidir. Onun üstünlüyü bundadır. Azərbaycana məhz belə siyasətçi gərəkdir, çünki alman dəqiqliyini və məsuliyyətini azərbaycanlıların açıqlığı, səmimiliyi və dini dözümlülüyü ilə birləşdirməyə Azərbaycanın ehtiyacı var. Bütün bunlar səmərəli işləməyi, qayda-qanunu bərqərar etməyi və hələ bir çox həll edilməmiş problemləri olan ölkədə müasir dövlət və cəmiyyət qurmağı öyrənməyə imkan verəcəkdir.

İlham Əliyevin dəyərlər sistemində dövlət birinci yerdədir və bu, şəxsiyyət dəyərlərini istisna etmir. Bizim şəraitimizdə bu, götür-qoy edilmiş yoldur. Zəif cəmiyyətə malik güclü demokratik dövlət ola bilməz. Dövlət maşınını ətalətdən, dövlət aparatını durğunluqdan, şəxsiyyəti isə hakimiyyətin qanunsuz hərəkətlərindən ancaq cəmiyyətin mükəmməl həyatı qoruya bilər.

“Güclü dövlət” və “dövlətin modernləşdirilməsi” – İlham Əliyevin dəyərlər sisteminin iki tərkib hissəsi bax, bunlardır. Bunlara, məsələn, Prezident Heydər Əliyevin xəttinə - güclü dövlət, sabit ictimai inkişaf və yeni təfəkkür tərzinin formalaşdırılmasına sadiqlik kimi daha bir mühüm ideyanı da əlavə etmək olar.

İlham Əliyevin iqtisadi baxışları belə deməyə əsas verir ki, o, modernləşdirməni iqtisadi islahatla məhdudlaşdırılan proses kimi başa düşmür. Onun üçün kiçik və orta biznesin inkişafı ilə paralel gedən demokratikləşdirmə ideyası önəmlidir. O, iqtisadiyyat işlərində əsla təzə adam deyildir. Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində işləmək onun üçün dövlətin iqtisadi maraqlarını öyrənməkdə və həyata keçirməkdə yaxşı məktəbdir. Qərbin iqtisadi strukturları ilə yaranmış səmimi münasibətlər, ölkədəki sabitlik Azərbaycana gələcəkdə də sərmayələrin fəal cəlb olunacağına ümid etməyə imkan verir.

Den Syaopin bir vaxtlar yazırdı: “Çayı keçərkən ayaqlarının altındakı daşları əllərinlə yoxlamalısan”. Ona görə də bizim hər birimiz – istər Azərbaycanın siyasi elitası, istərsə də, ola bilsin, “əks-elita”sı bu suala cavab verməli olacağıq: biz hakimiyyətin Konstitusiya yolu ilə güclü siyasətçiyə verilməsinin mümkünlüyünün taleyin hədiyyəsi olduğunu və demokratik cəmiyyət qurulması və vətəndaş konsensusu formalaşdırılması yolu ilə gedən ölkənin xəttinin varisliyini təmin etməyə çalışarkən, o hədiyyəni “əlimizlə yoxladığımızı” nə dərəcədə dərk etmişik?

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı