REGİONLAR
“XX əsr Azərbaycan memarlığında Mikayıl Hüseynov zirvəsi” mövzusunda elmi konfrans
Naxçıvan, 30 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) “XX əsr Azərbaycan memarlığında Mikayıl Hüseynov zirvəsi” mövzusunda keçirilən elmi konfransda görkəmli memarın müasir Azərbaycan memarlıq elminin banisi olduğu vurğulanıb.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, konfrans iştirakçıları əvvəlcə memarlıq ixtisasının tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il iyunun 1-də imzaladığı Sərəncam ilə görkəmli memar, akademik Mikayıl Hüseynovun anadan olmasının 110 illiyinin dövlət səviyyəsində qeyd olunmasını milli mənəvi irsimizə, memarlıq elminə verilən yüksək dəyər kimi qiymətləndirib.
Qeyd olunub ki, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, ictimai xadim Mikayıl Hüseynovun həyat və fəaliyyətinin, memarlıq üslubunun tədrisi və təbliği diqqət mərkəzində saxlanılır. Rektor universitetin memarlıq ixtisasının tələbələri üçün Mikayıl Hüseynov adına təqaüdün təsis olunması ilə bağlı təklif də səsləndirib.
Universitetin memarlıq kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru Qadir Əliyev “Mikayıl Hüseynovun yaradıcılığı” mövzusunda məruzə edərək görkəmli memarın elmi-pedaqoji fəaliyyəti barədə məlumat verib. Məruzəçi Mikayıl Hüseynovla görüşləri zamanı onun memarlıq sənəti ilə bağlı verdiyi dəyərli tövsiyələri də tələbələrin diqqətinə çatdırıb.
Memarlıq kafedrasının dosenti, memarlıq üzrə fəlsəfə doktoru Gülnarə Qənbərova “Mikayıl Hüseynov yaradıcılığında monumental memarlıq” adlı məruzəsində görkəmli memarın Qərb və Şərq memarlıq üslublarının sintezi əsasında yaratdığı əsərlərdən danışıb, 200-dən çox uğurlu layihənin müəllifi olduğunu qeyd edib. Məruzəçi Mikayıl Hüseynovun layihələri əsasında tikilən Bakıdakı Azadlıq meydanı kompleksi, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, Azərbaycan Milli Elmlər Akademiyasının şəhərciyi kompleksi, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Texniki Universiteti və digər binaların slaydlarını təqdim edib, onların yaranma tarixləri, özünəməxsus orijinal memarlıq üslubları barədə məlumat verib.
Memarlıq ixtisasının IV kurs tələbəsi İsmayıl İsmayıllı “Mikayıl Hüseynovun Azərbaycan memarlığının inkişafında rolu” məruzəsində dünya şöhrətli memar, akademik Mikayıl Hüseynovun Azərbaycan memarlıq sənətinin elmi-nəzəri cəhətdən təşəkkülündəki xidmətlərindən bəhs edib.