ELM VƏ TƏHSİL
“XX əsrdə Qafqazda xalqların köçü” və “Qara Bağın Faciəsi” kitablarının təqdimatı olub
Bakı, 15 mart, X.Cəfərova, AZƏRTAC
Martın 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının və Litvanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə Alqimantas Lekisin “XX əsrdə Qafqazda xalqların köçü” və Qintaras Visoskasın “Qara Bağın Faciəsi” kitablarının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın İctimai Elmlər Bölməsinin rəhbəri, akademiyanın müxbir üzvü Nərgiz Axundova kitabların nəşrini yüksək dəyərləndirib.
Bildirilib ki, “XX əsrdə Qafqazda xalqların köçü” Litvada Azərbaycan haqqında nəşr olunmuş ilk kitabdır. A.Lekis tarixi mənbələrə əsaslanaraq, Azərbaycan xalqının tarixini dərindən tədqiq edib. Kitabda azərbaycanlıların qədim zamanlardan bəri öz doğma torpaqlarında yaşadıqlarını sübut edən faktlar, Azərbaycan xalqının qədim dövlətçilik ənənələri işıqlandırılıb. Müəllif Cənubi Qafqazda ermənilərin süni şəkildə yerləşdirilməsinə, bunun doğurduğu faciələrə toxunub. Nəşrdə ermənilərin Azərbaycana və bütövlükdə Cənubi Qafqaza iki əsr öncə Türkiyə və İran ərazilərindən köçürüldüyünü əks etdirən faktlar yer alıb.
“Qara Bağın Faciəsi” əsərindən söz açan N.Axundova qeyd edib ki, kitabda müəllifin Azərbaycan, Ermənistan, o cümlədən Türkiyə ilə münasibətlərə publisistik və tarixi yanaşması əks olunub.
“XX əsrdə Qafqazda xalqların köçü” əsərinin müəllifi, professor Alqimantas Lekis qeyd edib ki, kitabda Azərbaycan, türk, gürcü xalqlarının müstəqilliyi hesabına erməni dövlətinin yaradılması barədə, Sovet İttifaqı dövründə Azərbaycan torpaqlarının “erməniləşdirilməsi” prosesi araşdırılır. Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsi və azərbaycanlıların öz tarixi torpaqlarından deportasiyası tarixi sənədlərlə sübuta yetirilir. Məqsəd Litvada Azərbaycana qarşı erməni təbliğatının qarşısının alınması, eləcə də, ermənilər tərəfindən azərbaycanlılara qarşı yönəlmiş cinayətlərin Litva ictimaiyyətinə çatdırılmasıdır. Kitab iki dəfə böyük tirajla nəşr olunub, əsasən kitabxanalar, siyasətçilər, tarixçilər və ictimai xadimlər arasında paylanıb.
Litva jurnalisti, www.slaptai.lt internet-portalın redaktoru, “Qara Bağın Faciəsi" əsərinin müəllifi Qintaras Visoskas qeyd edib ki, kitabın nəşri Litva cəmiyyətində Azərbaycana, Qarabağa aid ermənilər tərəfindən törədilə biləcək ideoloji təxribatların qarşısını almaq məqsədi daşıyır. Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, özünün tarixi, uğurları və uğursuzluqları baxımından Litva ilə çox böyük oxşarlığa malikdir.
Qeyd olunub ki, kitab üç hissədən ibarətdir. Birinci hissədə oxuculara jurnalistin Bakı, Gəncə, Naxçıvan və Xocavəndə səfərlərini əks etdirən elmi məqalələri təqdim olunur. İkinci hissədə BMT-in, Avropa Şurasının, AŞPA-nın qərarlarına rəğmən Azərbaycan torpaqlarının hələ də işğal atında saxlanılması barədə jurnalistin Litva siyasətçiləri və siyasi şərhçilərlə apardığı polemikalar yer alır. Üçüncü hissədə müəllif Azərbaycan tarixinin bəzi məqamlarına toxunur, Azərbaycan xalqının üzləşdiyi haqsızlıqlardan bəhs edir.
Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Nəbizadə və digər çıxış edənlər təqdim olunan kitablar haqqında fikirlərini bölüşüblər.