REGİONLAR
Xaçmaz Telekommunikasiya Qovşağının şəbəkəsində telefon nömrə tutumu 25 faiz artacaq VİDEO
Xaçmaz, 5 may, Elxan Yusifli, AZƏRTAC
“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əhaliyə göstərilən xidmət keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində pilot layihə kimi Xaçmaz Telekommunikasiya Qovşağının (TKQ) telefon şəbəkəsinin modernləşdirilməsinə start verilib.
AZƏRTAC xəbər verir ki, şəbəkədə çox xidmətli “Multi-Service Access Node” (Çox Xidmətli Çıxış Nöqtəsi) tipli avadanlıq quraşdırılır.
Layihə çərçivəsində fiber-optik kabel xətlərinin çəkilişi, daxili şəbəkənin və avadanlıq qoyulacaq şkafların özüllərinin tikintisi işləri davam etdirilir.
Hazırda abunəçilərin yeni avadanlıqlar üzərinə köçürülməsi işi aparılır. İlkin olaraq kənd EATS-ləri, sonda isə mərkəzi EATS-lərin köçürülməsi planlaşdırılıb. Xaçmaz və Xudat mərkəzi EATS-lərdə yeni şəbəkənin konfiqurasiya işləri aparılır.
“Aztelekom” MMC-nin baş direktor müşaviri David Məmmədov bildirib ki, regionlarda telekommunikasiya infrastrukturunun ən son texnologiyalar əsasında yenidən qurulmasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həyata keçirdiyi islahatlar çərçivəsində başlanılıb. Xaçmazda reallaşdırılan layihənin iyun ayında başa çatdırılması planlaşdırılır. Layihəyə əsasən yeni avadanlıqların montaj olunub quraşdırılmasından sonra Xaçmaz TKQ-nin şəbəkəsində telefon nömrə tutumu 25 faiz artacaq. İnternet avadanlığının yenilənməsi ilə istifadəçi tutumu genişləndiriləcək və 7700 yeni istifadəçinin internetə qoşulması imkanı yaradılacaq. Digər xidməti ərazilərimizdə də şəbəkənin yenidən qurulması işləri davam etdiriləcək.
Hazırda Xaçmaz TKQ üzrə telefonlaşdırmanın səviyyəsi 77,9 faiz təşkil edir. Rayonda 6558 internet istifadəçisi var.
Sözügedən layihənin reallaşdırılması ilə daha çox istifadəçi internetə sürətli qoşulma imkanı əldə edərək, müasir multimedia xidmətlərindən yararlana biləcəklər.